Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3876/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.500 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.000 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən Cavabdeh 16.000 manat məbləğində pul vəsaiti faizsiz olaraq borc verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən borcun 05 oktyabr 2017-ci il tarixə kimi tam qaytarılması müəyyənləşdirilmişdir. 05 iyul 2017-ci il tarixdə hər iki tərəfin, həmçinin Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu X2 iştirakı ilə yuxarıda qeyd olunmuş borcun etirafı müqaviləsi tərtib olunmuşdur. Həmin notarial qaydada təsdiq edilmiş yazılı əqddə cavabdeh 16.000 manat borc aldığını etiraf edir və 05 oktyabr 2017-ci il tarixi həmin məbləğin tam qaytarılmasının son müddəti kimi qəbul edir. Müqavilə bağlandıqdan sonra cavabdeh bir neçə dəfəyə sonuncu ödənişi 05 mart 2020-ci il tarixdə olmaqla ümumi borcundan cəmi 500 manat qaytarmış, bundan artıq uzun müddətin keçməsinə baxmayaraq, Cavabdeh qalan 15.500 manat borcunu qaytarmır. Cavabdeh borclu olduğunu etiraf etsə də, hər dəfə yeni bəhanə gətirərək hazırda nağd pulunun olmamasını, bir müddət sonra verəcəyini və sair vədlər verir. Bu səbəbdən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 iyul 2017-ci il tarixli borcun etirafı barədə notarial qaydada bağlanmış müqavilədən görünür ki, Cavabdeh İddiaçı 16.000 manat borc aldığını etiraf etmiş və həmin borcu 05 oktyabr 2017-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İşin faktiki hallarından görünür ki, cavabdeh qeyd olunan borc məbləğindən 1.000 manat hissəsini hissə-hissə olmaqla müxtəlif tarixlərdə ödəmişdir. İddia ərizəsi verilən vaxtadək həmin məbləğdən 500 manat hissəini son ödəniş tarixi 05 mart 2020-ci il olmaqla hissə-hissə, qalan 500 manatını isə məhkəməyə müraciət olunandan sonra ödəmiş və hazırda iddiaçıya 15.000 manat ödənilməmiş borcu qalmışdır. Məhkəməyə borcun bir hissəsinin ödənilməsinə dair sadə yazılı formada olan 01 dekabr 2019-cu il tarixli, 04 yanvar 2020-ci il tarixli, 01 fevral 2020-ci il tarixli, 05 mart 2020-ci il tarixli qəbzlər təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı 16.000 manat məbləğində borc almış, aldığı borcu qaytaracağına dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən qalıq borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15.000 (on beş min) manat məbləğində nağd pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 15.000 (on beş min) manat məbləğində nağd pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3876/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3876/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver