Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-388/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilən xx xxx 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə yazılmış 9.601 manat 89 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi ev 13 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən ünvanlarına onun adına olmaqla, **********00002 abonent kodu ilə elektrik sayğacı quraşdırılmışdır. xx xxx 2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları onun ünvanına gələrək fərdi yaşayış evinə qoyulmuş elektrik sayğacını ona hər hansı məlumat və bildiriş vermədən və hər hansı hal şahidlərinin iştirakı təmin edilmədən sökərək aparmışlar. 2 azyaşlı körpə balaları ilə işıqsız qalmışlar. Sonradan ona məlum olmuşdur ki, guya elektrik sayğacından kənar xətt aşkar ediblər və buna görə də, ******* nömrəli akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. Qeyd edir ki, həmin elektrik sayğacı mənzillərindən çöldə yerləşdirilmişdir və daim ərazi üzrə nəzarətçi olan «xxxx» ASC-nin əməkdaşları həmin sayğaca mütəmadi olaraq hər ay baxış keçirib elektrik sərfiyyatı barədə qəbz yazaraq ona təqdim etmişdir və o da, vaxtında elektrik sərfiyyatı üçün ödənişləri aparmışdır. xx xxx 2020-ci il tarixə qədər ona həmin sayğaca hər hansı müdaxilənin olması barədə ərazi üzrə nəzarətçi olan «xxxx» ASC-nin əməkdaşları hər hansı irad və məlumat bildirməmişlər. Bildirir ki, «xxxx» ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız tərtib olunmuş ******* saylı akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. «xxxx» ASC-nin əməkdaşları tərəfindən belə qanunsuz aktlar kütləvi şəkildə tərtib olunaraq vətəndaşlara külli miqdarda cərimələr yazmaqla əsassız varlanırlar. Necə olur ki, hər ay minimum bir dəfə cavabdehin ərazi üzrə əməkdaşı gəlir və sayğaca baxış keçirdikdən sonra aylıq üzrə elektrik sərfiyyatını yazaraq müvafiq çeki ona təqdim edəndə, sayğacda qeyd etdikləri şübhələri görmürdülər? Cavabdeh tərəfindən tərtib edilən xx xxx 2020-ci il tarixli ******* saylı akt qanunsuz və əsassız olduğu üçün etibarsız bilinməli və həmin akt üzrə edilmiş 9.601 manat 89 qəpik cərimə silinməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, sayğaca əlavə xətt qoşulmuşdur. Bundan əlavə 30 min enerji sərfiyyatı da görünür. İddia tam əsassızdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi ev 13 ünvanda yerləşən fərdi yaşayış evi ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00002 abonent kodu verilmişdir. xx xxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018654 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt 0,4 kv-luq şəbəkədən ayrıca faz xətti vasitəsi ilə çəkilmişdir. Sayğacın üzərində isə kompüter məlumat bazasına daxil edilməmiş 30794 kvt/saat elektrik enerjisi sərfiyyatı var. Xəttən axan yük ölçülmüşdür. Göstərici kompüter məlumat bazasına daxil edilmişdir. Bundan sonra, iddiaçıya sərf olunmuş və itirilmiş elektrik enerjisinə görə cəmi 9.601 manat 89 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 6.183 manat 37 qəpik (5.672 manat 37 qəpik + 511 manat) borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir və bu səbəbdən, akt ləğv edilməlidir. Həmçinin, İddiaçı adına olan **********00002 saylı abonent koduna hesablanmış 5.672 manat 37 qəpik + 511 manat = 6.183 manat 37 qəpik (xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdə qeyd olunan), həmçinin kompüter məlumat bazasına daxil olmadığı göstərilən 30794 kvts-a görə hesablanmış 3.387 manat 34 qəpik olmaqla, cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018654 saylı akt ləğv edilməli, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi ev 13 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00002 saylı abunə koduna hesablanmış cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi, elektrik enerjisindən istifadəyə görə xx xxx 2020-ci il tarixə 794 kvts elektrik enerjisi sərf etmişdir ki, 0,07 manat tarifi ilə cavabdehə ödəməli olduğu borc məbləği 55 manat 58 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018654 saylı akt ləğv edilsin. Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi ev 13 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00002 saylı abunə koduna hesablanmış cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-388/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-388/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver