Məhkəmə qərarları › İş №2(006)-3904/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3904/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3904/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 3200 manat kredit götürmüşdür. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2020-ci il iyunun 16-dək Cavabdeh banka xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1414,39 manat əsas borc, 300,93 manat faiz borcu, 3127,03 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 13,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4856,30 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1414,39 manat əsas borc, 300,93 manat faiz borcu, 3127,03 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4856,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, BAKU1-35994-14643 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 3200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “TBC Kredit” BOKT ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********986800 saylı Çıxarışdan görünür ki, “xxxxxx” İKB ASC adını dəyişdirərək İddiaçı ASC olmuşdur. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 1414,39 manat əsas borc, 300,93 manat faiz borcu, 3127,03 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu 13,95 manat olmaqla, cəmi 4856,30 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, BAKU1-35994-14643 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 3200 manat məbləğində kredit verilmiş, “TBC Kredit” BOKT ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019cu il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxxxx» İKB ASC-yə ötürülmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 1414,39 manat əsas borc, 300,93 manat faiz borcu, 3127,03 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu 13,95 manat olmaqla, cəmi 4856,30 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, cərimənin məbləği 150 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1414,39 (bir min dörd yüz on dörd manat, otuz doqquz qəpik) manat əsas, 300,93 (üç yüz manat, doxsan üç qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə borcu, 13,95 (on üç manat, doxsan beş qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1909,27 (bir min doqquz yüz doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1414,39 (bir min dörd yüz on dörd manat, otuz doqquz qəpik) manat əsas, 300,93 (üç yüz manat, doxsan üç qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə borcu, 13,95 (on üç manat, doxsan beş qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1909,27 (bir min doqquz yüz doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar