Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3906/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 may 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən illik hər il 4% olmaqla, 42.000 manat ipoteka krediti götürərək ikitərəfli müqavilə imzalamışdır. Bu müqavilənin şərtlərinə görə iddiaçı 20 il ərzində hər ayda banka 254 manat 51 qəpik ödəməklə mükəlləfdir. Lakin 01.03.2021-ci il tarixdə iddiaçı bəzi problemlərini həll etmək üçün "xxxx" ASC-yə yaxınlaşıb kredit götürmək istədiyi zaman ona kredit verməkdən imtina edilərək bildirilmişdir ki, ipoteka krediti 16 illik olub və aylıq ödəniş 320 ( üç yüz iyirmi) manat olub onun üçün adına 400 gün gecikmə düşüb və 2700 manat faiz gəlib. Bu xəbərdən sonra iddiaçı davamlı olaraq Ağstafa rayonundan Bakı şəhərində yerləşən Beynəlxalq Bankın baş ofisinə dəfələrlə gəlib-gedərək sistemdə olan bu səhvi düzəltmələrini xahiş etdi. Lakin onlar qərəzli olaraq hər səfər ona düzgün məlumat verməmişlər. İddiaçı hətta problemin həlli üçün bu sistemdəki səhvin keçici olduğu barədə sənəd əldə etmək üçün banka müraciət edəndə onların etirazı ilə qarşılaşmışdır. İddiaçı bu barədə hətta Maliyyə Bazarlarına Nəzarət Palatasına belə 30.03.2021-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin bu ərizə cavabsız qalaraq, problemi həll edilməmişdir. Göstərilənlərə əsasən, Qazaxdan Bakıya iddiaçının öz şəxsi avtomobili ilə gedib gəlmək üçün sərf etdiyi yanacaq pulunun (470 manat) cavabdehdən tutulması, o cümlədən Azərbaycan Beynəlxalq Bankının sistemində olan 16 illik 400 gün gecikmə 2700 manat faiz göstəricisi ikitərəfli ipoteka müqaviləsinə əsasən 20 illik qəbul edilərək borcların ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X1 ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, sistemdə yaranan nasazlıq aradan qaldırılmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 27.05.2014-cü il tarixli, 489İK/14 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı 240 ay müddətinə illik 4 faiz dərəcəsi ilə hesablanmaqla 42000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə ünvanladığı 08.07.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, müştəriyə verilmiş ipoteka krediti üzrə ödənişlər vaxtında aparılmışdır. Lakin bankın əməliyyat sistemində yaranmış nazaslıq səbəbindən gecikmə günləri hesablanmışdır. 03.06.2021-ci il tarixdə bankın əməliyyat sistemində düzəliş olunmuş, lakin AKB-nin məlumat bazasında gecikmə günləri barədə yanlış məlumat qalmışdır. Hazırda isə həmin səhv (nasazlıq) aradan qaldırılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, verilmiş ipoteka krediti üzrə ödənişlər İddiaçı tərəfindən vaxtında aparılmışdır. Lakin bankın əməliyyat sistemində yaranmış nazaslıq səbəbindən gecikmə günləri hesablanmışdır. 03.06.2021-ci il tarixdə bankın əməliyyat sistemində düzəliş olunmuş, lakin AKB-nin məlumat bazasında gecikmə günləri barədə yanlış məlumat qalmışdır. Göründüyü kimi iddia tələbinin “ Azərbaycan Beynəlxalq Bankının sistemində olan 16 illik 400 gün gecikmə 2700 manat faiz göstəricisi ikitərəfli ipoteka müqaviləsinə əsasən 20 illik qəbul edilərək borcların ləğvi” hissəsi ilə bağlı mübahisə bank tərəfindən könüllü olaraq həll edildiyindən (səhv aradan qaldırılmışdır) iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Qazaxdan Bakıya iddiaçının öz şəxsi avtomobili ilə gedib gəlmək üçün sərf etdiyi yanacaq pulunun (470 manat) cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə "borcun ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3906/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3906/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver