Məhkəmə qərarları › İş №2(006)-393/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-393/2025

17.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-393/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun (ləğv prosesində olan "xxxx" ASCnin) nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açıq hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən xx.xx.2009-cu il tarixdə 25 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Biləsuvar filialından 18 ay müddətinə illik 22% dərəcəsi ilə 10.000 manat pul götürülmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə mülkiyyət hüququ ilə İddiaçı2 məxsus fərdi yaşayış evinə ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi kredit borcu üzrə vaxtında olmaqla 5.256 manat məbləğində ödəniş edilmişdir. Lakin maddi çətinliklər səbəbindən kredit borcunun ödənilməsində fasilə yaranmışdır. xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 2.650 manat, cəmi 3.150 manat kredit borcu ödənmişdir. Beləliklə, kredit müqaviləsinə əlavə olunmuş cədvəl üzrə 8.406 manat (5.650 manat + 3.150 manat) pul ödənilmişdir. Öhdəliyin vaxtında və ya lazımınca icra edilməməsi qənaətinə gələn "xxxx" ASC-nin Biləsuvar filialı Biləsuvar Rayon Məhkəməsində iddia qaldırmışdır. Biləsuvar Rayon Məhkəməsində iddianın qismən təmin edilməsi barədə xx.xx.2013-cü il tarixli 2(022)-67/2013 saylı qətnamə qəbul edilmişdir. Məhkəmədə iddia qaldırılarkən iddiaçıların kredit müqaviləsi üzrə banka 4.308,35 manat əsas borc, 659 manat faiz, 3.878 manat dəbbə olmaqla, cəmi 8.845,35 manat borclu olduğu göstərilmişdir. Lakin məhkəmənin qətnaməsi ilə dəbbə pulu 1.939 manat edilməklə borc tələbi cəmi 6.906,35 manat qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra xx.xx.2013-cü il tarixdə banka 150 manat pul ödənilmişdir. Nəticədə iddiaçılar banka 6.756,35 manat (6.906,35 manat - 150 manat) borclu qalmışlar. Bank isə mövcud vəziyyəti, yəni kredit borcunu ödəmək barədə iddiaçıların mövqeyini və təşəbbüslərini nəzərə almayaraq maddi və mənəvi ziyan vurmaqla əsassız varlanmağa çalışmışdır. Belə ki, iddiaçıların məlumatı olmadığı halda xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC adında hərrac təşkilatçısı tərəfindən Biləsuvar rayon İcra Qrupunun icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun sifarişi ilə, "xxxx"ın tələbi əsasında İddiaçı2 məxsus Biləsuvar şəhəri S.Rufullayev küçəsində yerləşən 21A saylı fərdi yaşayış evinin satılması barədə açıq hərrac keçirilmişdir. Hərracın qalibi "xxxx" olmuşdur. Əmlakın ilkin hərrac qiyməti 17.000 manat, satış qiyməti isə 10.837,50 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixdə açıq hərrac keçirilməsinə və bu barədə 18/08 saylı yekun protokolunun tərtib edilməsinə baxmayaraq xx.xx.2014-cü il tarixdə 300 manat, xx.xx.2014-cü il tarixdə 1.000 manat, xx.xx.2014-cü il tarixdə 1.000 manat, cəmi 2.300 manat "xxxx"ın hesabına iddiaçılar tərəfindən pul ödənilmişdir. Bankdan alınmış çıxarışa əsasən kredit müqaviləsi üzrə 10.856 (5.256 + 3.150 + 150 + 2.300) manat pul ödənilmişdir. Buna baxmayaraq girov qoyulmuş ev də hərracdan satılmış və pulu mənimsənilmişdir. Nəticədə cavabdehlər iddiaçıları aldatmış və əsassız varlanmışlar. İşin faktiki halları iddiaçıların aldadıldıqlarını bir daha təsdiq edir. Belə ki, hərracın keçirilməsi qaydası pozulmuşdur. Girov qoyulmuş evin satılmasından iddiaçıların xəbəri olmamışdır. Halbuki, həmin evdə 11 nəfər ailə üzvü yaşamışdır və yaşayırlar. Evin mülkiyyətçisi təqaüdçüdür. Onların artıq satılmış, mülkiyyətlərində olmayan evdən çıxarılması barədə heç bir məlumatları olmamış, xəbərdarlıq edilməmişlər. Biləsuvar Rayon Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsinin nəticə hissəsində göstərilmişdir ki, bankın kredit tələbi evin satılmasından əldə edilən vəsait hesabına ödənilsin. Ev satıldıqda həmin evdə qeydiyyatda olanlar, o cümlədən evdə yaşayan digər şəxslər bir ay ərzində həmin evi tək etmədikləri təqdirdə onlar məcburi qaydada çıxarılsınlar. Cavabdeh olaraq "xxxx" ASC-nin Biləsuvar filialı isə açıq hərrac keçirildikdən sonra da qanunsuz olaraq hazırkı iddiaçılardan kredit ödənişi (2.300 manat) qəbul etmiş və evin öz xeyrinə özəlləşdirilməsini bildirməmiş və orada yaşayanların evdən çıxarılması barədə heç bir tələb irəli sürülməmişdir. Göründüyü kimi, cavabdehin məqsədi yalnız əsassız varlanmaq olmuşdur. Bildirir ki, açıq hərrac zamanı ilkin dəyəri 17.000 manat müəyyən edilmiş fərdi yaşayış evinin və evin yerləşdiyi 0,6 ha torpaq sahəsinin 10.837,50 manata satılması da həqiqətə uyğun deyildir. Belə ki, satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi də cavabdehlərin iddiaçılara qəsdən maddi və mənəvi ziyan vurulması məqsədindən irəli gəlir. Halbuki girov predmeti olan evin yerləşdiyi 0,6 ha torpaq sahəsi Biləsuvar şəhərinin mərkəzində olduğundan torpaq sahəsinin 0,1 ha-nın 4 min manat, evin isə 50-60 min manat civarında bazar qiyməti vardır. Həyətdə iki ev mövcuddur. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən bilərəkdən yol verilmiş qanunsuz hərəkətlərdən 2024-cü ilin aprel ayının axırlarında xəbər tutulmuşdur. Belə ki, girov evin mülkiyyətçisi (iş üzrə iddiaçı) İddiaçı2 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə qalan borcların ödənilməsinə imkan yarandığını bildirmişdir. Borcu tam şəkildə ödədikdən sonra girov qoyulmuş evin çıxarışını götürmək və həyətdə tikilmiş ikinci evin daşınmaz əmlakın dövlət reyestrinda qeydə alınması zərurəti yaranmışdır. Bu məqsədlə artıq ləğv edilmiş "xxxx"ın səlahiyyətlərini yerinə yetirən Əmanətlərin Sığortalanması Fondunun qaynar xətti ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, girov qoyulmuş ev bankın balansındadır. Evin yüklülüyü barədə dəqiq məlumat almaq üçün reyestr xidmətinə müraciət etdikdə məlum olmuşdur ki, sözügedən ev hal-hazırda mülkiyyət hüququ ilə banka məxsusdur, açıq hərrac qaydasında satılmışdır. Gözlənilməz məlumat iddiaçıları sarsıtmış və iztirablarına səbəb olmuşdur. Çünki ev böyük bir ailənin yeganə yaşayış evidir. Cavabdehlərin qanunsuz hərətəklərindən məlumatları olmamışdır, digər tərəfdən kredit müqaviləsi üzrə borcun çox hissəsi ödənilmişdir. İşin faktiki halları göstərir ki, iddiaçılar cavabdehlər tərəfindən aldadılmışdır. Əsassız olaraq hərracdan sonra 2.300 manat pul alınmışdır. Hərraca qədər 8.500 manat pul ödənilməsi, evin isə 10.837 manata satılması halında hərracdan sonra 2300 manat pulun aldadılaraq alınmasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi açıq hərracın təşkilatçısı olan "xxxx" MMC və sifarişçi Biləsuvar rayon İcra Qrupu tərəfindıən hərracın keçirilməsi qaydaları pozulmuş və qanunsuz olaraq 18/08 saylı xx.xx.2014-cü il tarixli protokol tərtib edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, İddiaçı1 Şəhid qardaşıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı izahatında bildirmişdir ki, hərrac sifarişi alındığı gündən ən geci 2 ay müddətində keçirilməli idi. Lakin, hərrac 4 aya keçirilmişdir. Ev 17.000 manat qiymətləndirilib, sonradan çox ucuz satılıb. Burada da pozuntu var. Texnika bankın göstərişi ilə iş görülüb. Onun evini satıb pulunu mənimsəmişlər. İcra məmuru da ona demişdir ki, o haqlıdır, gedib sənədləri qəbul etsin. Sənədləri də onlar çıxarıb vermişdir. O, "xxxx" MMC-dən sənədləri almamışdır. Külək MMC-nin Texnika bankın məktubu ilə ev satmağa haqqı yox idi. Evin satışından qalan hissəsi bu günə qədər hələ də ona qaytarılmayıb. Vəsait qayıtsa idi icra məmuru vasitəsi ilə öyrənə bilərdi. Depozit hesabda da o vəsait yoxdur. Onda olan sənədlərə görə ev 8 apreldə satılmışdır. İyul ayında 2300 vəsait ondan mənimsənilmişdir. Bankın ona verdiyi vəsait 10.000 manatdır. Banka 10.800 manat məbləğində pul ödəmişdir. Əmanətlərin Sığortalanması Fondu 2007-ci il tarixdə yaradılmışdır. 2016-cı il tarixdə isə Texnika bank ləğv edilmişdir. Bank və Fond niyə ona məlumat verməmişdir? İddia müddəti onun tələbinə şamil edilə bilməz. Onlar sənədi gizlədiblər ki, iddia müddəti keçsin. O zaman sual yaranır ki, ev əgər bankın idisə, niyə 1 dəfə olsun bank evi ilə maraqlanmamışdır, niyə onun pulu ödənilməmişdir? Bu günə kimi cavabdeh irəli sürdüyü halları sübut edəcək dəlilləri göstərməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, bankdan 18 ay müddətinə ödəmək şərti ilə 2009-cu il sentyabr ayında götürdüyü 10.000 manat kreditə görə 10-12 ay ərzində ödənişlər etmiş, lakin son 6 ay müddətində ödənişlərdə çətinlik yaranmışdır. Onun hesablamasına əsasən banka 10.000 manatdan çox pul ödəmişdir. Mübahisənin məhkəmədə olduğundan məhkəmədən məktub gələndə bilmişdir, lakin qətnamə qəbul edilən gün məhkəməyə getməmişdir, ondan əvvəlki iclasda iştirak etmişdir. Məhkəmə qətnaməsindən xəbəri olmuş, vəkillərlə bu barədə maraqlanmış və ona demişlər ki, pulu ödəsin, ev satılmayacaq, o da pul ödəmişdir. Məhkəmə qətnaməsini mübahisələndirməmiş, icra məmuru sonradan onu çağırmış və icra barədə məlumat vermişdir. İcra məmuru icra barədə ona təxminən 2014-cü ilin əvvəllərində məlumat vermişdir.Sonradan isə pulu ödədiyi üçün arxayın olmuşdur ki, heç nə olmayacaq. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun (ləğv prosesində olan "xxxx" ASCnin) nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar ilə "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixində kredit müqaviləsi imzalanmışdır, kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 məxsus Biləsuvar şəhəri S.Rufullayev küçəsində yerləşən yaşayış sahəsi 36,4 m2, köməkçi sahəsi 8,56 m2-dən ibarət olan 21A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank tərəfindən «borcun tutulması və ipoteka predmetinə» tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Biləsuvar rayon məhkəməsinin 2(022)-67/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 6.906,35 manat borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, İddiaçı2 məxsus Biləsuvar şəhəri S.Rufullayev küçəsində yerləşən yaşayış sahəsi 36,4 m2, köməkçi sahəsi 8,56 m2-dən ibarət olan 21A saylı fərdi yaşayış evdən çıxarılmaları qət edilmişdir. "xxxx" MMC hərrac mərkəzi tərəfindən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin 541 saylı xx.xx.2013-cü il tarixli sifariş məktubuna və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-67/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Biləsuvar şəhəri S.Rufullayev küçəsində yerləşən yaşayış sahəsi 36,4 m2, köməkçi sahəsi 8,56 m2-dən ibarət olan 21A saylı fərdi yaşayış evinin satılması barədə açıq hərrac keçirilmişdir. xx.xx.2014-cü il tarixində açıq hərrac keçirilmiş və hərracın yekunları barədə18/08 saylı Protokol tərtib edilmişdir. Həmin tarixdən isə artıq 10 il keçmişdir. İddiaçı tərəfindən ümumi iddia müddəti belə ötürülmüşdür. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Bu səbəbdən, iddiaçılar İddiaçı1 və İddiaçı2 LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinin iddia müddəti tətbiq olunaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Biləsuvar rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli 2(022)-67/2013 saylı qətnaməsindən və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş 08 oktyabr 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC-nin İddiaçı1 və İddiaçı2 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin evdə yaşayanların məcburi qaydada çıxarılması, evin açıq hərracdan satılması və dövlət rüsumunun cavabdehlərdən tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 6.906 manat 35 qəpik pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın İddiaçı2 məxsus olan Biləsuvar şəhəri S.Rufullayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ilkin satış qiymətinin 17.000 manat müəyyən edilməsi, bankın kredit tələbinin evin satılmasından əldə edilən vəsait hesabına ödənilməsi, ev satıldıqda həmin evdə qeydiyyatda olanların, o cümlədən evdə yaşayan digər şəxslərin bir ay ərzində həmin evi tərk etmədikləri təqdirdə onların məcburi qaydada çıxarılmaları, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-xx.xx.2017-ci il tarixlərini əhatə edən İddiaçı1 məxsus olan ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə 150 manat faiz kredit ödənişi və 300 manat kredit ödənişi, xx.xx.2014-cü il tarixdə 300 manat kredit ödənişi və 300 manat əsas borc kredit ödənişi, xx.xx.2014-cü il tarixdə 1000 manat kredit ödənişi, xx.xx.2014-cü il tarixdə 1000 manat kredit ödənişi və 2000 manat əsas borc kredit ödənişi həyata keçirilmişdir. Biləsuvar rayon İcra Qrupunun icra məmuru R.Xəlilovun icraata başlamaq haqqında 01 noyabr 2013-cü il tarixli qərarından və borclulara göndərilmiş məktubdan görünür ki, icra məmuru yuxarıda qeyd edilən icra sənədini icraatına qəbul etmiş, icra sənədi üzrə icraata başlamış və borclulara könüllü icra üçün 10 gün vaxt verilməsinə dair təklif göndərmişdir. Biləsuvar rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 541 saylı sifariş məktubundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli 2(022)-67/2013 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, ilkin satış dəyəri 17.000 manat olmaqla, İddiaçı2 məxsus, Biləsuvar şəhəri S.Rufullayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2013-cü il tarixli 01 saylı bildirişindən görünür ki, sifariş məktubu üzrə ilkin hərracın keçirilməsi 21 yanvar 2014cü il, saat 10:00-13:00 və 14:00-17:00-a təyin edilmiş və bu barədə sifarişçi icra bölməsinə, borclulara və tələbkara bildiriş göndərmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2014-cü il tarixli 02 saylı bildirişindən görünür ki, sifariş məktubu üzrə hərracın keçirilməsi 25 fevral 2014-cü il, saat 10:00-13:00 və 14:00-17:00-a təyin edilmiş və bu barədə sifarişçi icra bölməsinə, borclulara və tələbkara bildiriş göndərilmişir. Eləcə də, qeyd olunmuşdur ki, ilkin hərrac baş tutmadığından, ipoteka predmeti hərraca 14.450 manata çıxarılacaq. Təkrar hərrac baş tutmadığından tələbkara xx.xx.2014-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif ünvanlanmış, ipoteka predmeti olan daşınmaz əmlak «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, 10.837,5 manata ipotekasaxlayan "xxxx" ASC-yə (rebrendinqdən sonra "xxxx" ASC) təklif olunmuşdur. 19 mart 2014-cü il tarixli məktubdan göründüyü kimi, ipoteka saxlayan "xxxx" ASC tərəfindən ipoteka predmetinin təklif edilən 10.837,5 manata əldə edilməsinə razılıq bildirmişdir. Açıq hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 18/08 saylı protokoldan görünür ki, "xxxx" MMC tərəfindən «Açıq hərracın yekunları barədə protokol» tərtib edilərək təsdiq olunmuş, protokolda ipoteka predmetinin tələbkar tərəfindən 10.837,5 manata əldə edilməsi təsbit edilmişdir. "xxxx" ASC-nin 10 aprel 2014-cü il tarixli məktubundan görünür ki, ipoteka predmeti bank tərəfindən əldə ediləndən sonra, Biləsuvar rayon İcra Qrupuna və "xxxx" MMC-yə borclunun banka 6.906,35 manat kredit borcu olması, bank tərəfindən hərrac xərclərinə görə 1.026 manat pul vəsaiti xərcləndiyi, ümumilikdə borc məbləğinin 7.933 manat təşkil etdiyi, beləliklə də ipoteka predmetinin hərracda son satış qiyməti ilə borc arasında 2.906 manat fərq yarandığı, həmin fərqin borclunun cari hesabına köçürüldüyü barədə məlumat verilmişdir. Məhkəmənin sübutların cəlb edilməsi ilə bağlı qərardadının icrası ilə əlaqədar olaraq hərrac təşkilatı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı2 mülkiyyətində olan Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi ilə bağlı sənədlər üzərindən uzun müddət keçdiyi üçün arxivləşdirilmişdir. Göstərilən məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə aktın, 2002-2015-ci illərə aid arxiv sənədlərinin elmi-texniki cəhətdən qaydaya salınması barədə podrat müqaviləsinin və görülmüş işlərin təhvil-təslim aktının surətindən görünür ki, 2002-2015-ci illər aralığına aid sənədlərin arxivləşdirilməsi və məhv edilməsi üçün Milli Arxiv İdarəsi yanında X1 Salan Mərkəzlə podrat müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəliklər xx.xx.2022-ci il tarixədək icra edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evi İddiaçı2 adına 2 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evi "xxxx"ASC Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Qeydiyyat tarixi:xx.xx.2009). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evi "xxxx" ASC-nin Biləsuvar Filialının adına ********** nömrə ilə qeydiyyata alınmışdır.(Qeydiyyat tarixi: xx.xx.2015). "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-xx.xx.2015-ci il tarixlərini əhatə edən 45079 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı1 əmlakı balansa götürüldüyü üçün 3494 manat balansarxası faiz borcu silinərək gəlirə götürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh Əmanətlərın Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə Elektron kabinet vasitəsilə təqdim edilmiş ərizədə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.5-ci maddasinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadəyə aiddir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, prosessual hüquq normasının tələbinə görə yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş faktlar (iddiaçılarla bank arasında müqavilələrin bağlanması, borc məbləğinin yaranması, ipoteka predmetinə tutma yönəldilməsinə əsasların yaranması və s.) aşkardır, onlar mübahisələndirilə və yenidən sübut edilə bilməz. İşin faktiki halları ilə müəyyən edilmiş hallar ondan ibarətdir ki, İddiaçı1 borclu olduğu kredit müqaviləsi üzrə öhdəliklərin təmini üsulu kimi digər İddiaçı2 məxsus daşınmaz əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında kredit borcunun ipoteka predmetinə yönəldilməsi qət edilmiş, qətnamə əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinə uyğun olaraq ipoteka predmetinin açıq hərracdan satışı nəticəsində xx.xx.2014-cü il tarixli protokol tərtib edilməklə ipoteka predmeti bank tərəfindən əldə edilmişdir. Hazırda məhkəmə qətnaməsini mübahisələndirməmiş iddiaçılar xx.xx.2014-cü il tarixdə keçirilmiş açıq hərracın və onun nəticələrinin etibarsızlığı tələbini irəli sürmüşlər. İddiaçıların dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -xx.xx.2013-cü il tarixli məhkəmə qətnaməsi qəbul edildikdən sonra xx.xx.2013-cü il tarixdə iddiaçılar borcun hesabına 150 manat vəsait ödəmişlər. -Məhkəmə qətnaməsindən, icradan və hərracdan məlumatları olmamışdır. -xx.xx.2014-cü il tarixdə açıq hərrac keçirildikdən sonra xx.xx.2014-cü il tarixdə 300, xx.xx.2014-cü il tarixdə 1000 və xx.xx.2014-cü il tarixdə 1000 manat olmaqla, tərəflərindən cəmi 2300 manat kredit ödənişi həyata keçirilmişdir. -Qətnaməyə əsasən şəxslər həmin evdən çıxarılmalı olduqları halda onlar hazırki tarixədək həmin evdə yaşayırlar. -İpoteka predmeti olan evin qiyməti dəyərindən qat-qat ucuz qiymətləndirilmişdir. -Hərrac sifarişi alındığı gündən etibarən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində keçirilməmişdir. -İpoteka predmetinin hərracdan satılmasından sonra borc məbləği evin dəyəri arasında müəyyən edilmiş fərq onlara ödənilməmişdir. Məhkəmə iddiaçıların məhkəmə qətnaməsi qəbul edildikdən və hətta açıq hərrac keçirildikdən sonrakı dövrdə ödənişlərə dair dəlili ilə bağlı bildirir ki, təqdim edilmiş ******************** nömrəli hesabdan çıxarışa əsasən iddiaçının qeyd etdiyi ödənişlər öz əksini tapmışdır. İddiaçıların məhkəmə qətnaməsindən və icradan məlumatsız olmalarına dair dəlilləri İddiaçı1 sonuncu məhkəmə baxış iclası zamanı izahatı ilə təkzib edilmişdir. Belə ki, iddiaçı məhkəmə icraatından və icra icraatından da məlumatlı olduğunu bildirmişdir. Əlavə olarq qeyd etmişdir ki, icra məmuru ona kredit ödənişlərini etdiyi halda heç kimin onu evdən çıxara bilməyəcəyini demişdir. O da bundan arxayın olaraq sonrakı tarixlərdə qeyd etdiyi məbləğlərdə ödəniş etmişdir. Borclunun və ipoteka qoyanın hərracdan məlumatlı olub-olmaması ilə bağlı halı aydınlaşdırmaq məqsədilə verilmiş sorğular əsasında hərrac təşkilatçısı tərəfindən təqdim edilmiş sənədlərə əsasən mübahisələndirilən dövrə aid sənədlərin qanunvericiliyin tələblərinə əsasən məhv edildiyi müəyyən edilmişdir. Belə olan halda sübutetmə yükü iddiaçıların üzərinə düşür ki, iddiaçılar da hərracdan məlumatsız olmalarına dair halı sübuta yetirə bilməmişlər. Əksinə məhkəmə qətnaməsində ipoteka predmetinin açıq hərracdan satışının qət edilməsi və iddiaçının da məhkəmə qətnaməsindən məlumatlı olması işin araşdırılmış hallarından müəyyən olunur. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı tərəfindən yol verilmiş istənilən formal pozuntu deyil, tərəflərdən birinin hüquq və mənafelərini pozan, ümumilikdə hərrac prosesinin düzgün keçirilməməsinə səbəb olan səhvlər hərracın etibarsızlığı üçün əsas ola bilər.Qüvvədə olan normativ hüquqi aktlar bu cür bildirişlərin mütləq şəkildə bildirişdə adı qeyd olunan şəxsə verilməsini zəruri hesab etmir. İddiaçıların digər dəlilləri - evin dəyərindən ucuz qiymətləndirilməsi, icra məmuru tərəfindən sifariş verildikdən sonra iki ay müddətində hərracın keçirilməməsi, habelə hazırda ipoteka predmetini əldə etmiş bankın şəxslərin mülkiyyətdə olan yaşayış sahələrindən çıxarılması tələbinin irəli sürülməməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz. İlk növbədə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar bu halı mübahisələndirməmişlər. Habelə sonrakı mərhələdə ipoteka predmetinin açıq hərracdan satış dəyərinin 10837,50 manat müəyyən edilməsi təkrar hərracın baş tutmaması nəticəsində həmin əmlakın ipoteka saxlayana güzəşt faizləri tətbiq edilməklə təklif edilməsidir ki, bu hal da qanunla tənzimlənən haldır. İpoteka predmetinin açıq hərracdan satışı barədə icra qurumu tərəfindən sifariş xx.xx.2013-cü il tarixdə göndərilmiş, açıq hərracın keçirilməsinə dair ilk bildiriş xx.xx.2013-cü il tarixdə göndərilməklə hərrac xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Bundan sonrakı dövrdə isə açıq hərracın baş tutmaması nəticəsində qanunvericiliyə uyğun prosedur həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının sifariş verildikdən 2 ay müddətində hərracın keçirilməməsinə dair dəlilləri əsassızdır. Bundan başqa ipoteka predmetini əldə etmiş bankın fərdi yaşayış evində yaşayan şəxslərin həmin yaşayış sahəsindən çıxarılması isə mülkiyyətçinin öz mülahizəsinə görə həyata keçirəcəyi hüququndan irəli gəlir ki, hazırki halda bankın bu hüququndan istifadə etməməsində qanun pozuntusu halı yoxdur. İddiaçının özünün də bildirdiyi kimi hesablamasına əsasən banka çox cüzi məbləğdə borcu qalmışdır və mübahisədən xəbərdar olmasına baxmayaraq 10 ilə yaxın müddətdə həmin cüzi məbləğdə hesab etdiyi borcu ödəməmişdir. Yalnız 2024-cü ildə fərdi yaşayış evinin sənədləşməsi ilə bağlı müraciəti nəticəsində sanki daşınmaz əmlakın bankın mülkiyyətinə keçməsindən xəbər tutmasına dair dəlilləri də əsaslı hesab edilə bilməz. Bu hal iddiaçının özünün də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halı qəbul etməsinə dəlalət edir. Fərdi yaşayış sahəsində daimi yaşayan və yaşayış sahəsi kimi istifadə edən şəxsin məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş həmin əmlakın digər şəxsin mülkiyyətinə keçməsindən 10 ilə yaxın müddətdə xəbərsiz olması ağlabatan sayıla bilməz. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icrasına əsasən təşkil edilmiş hərracın məhkəmə qaydasında mübahisələndirilməsi həm hərracın keçirilmə prosedurunun müəyyənləşdirilmiş qaydalara uyğun aparılması baxımından, həmçinin də işin faktiki halları baxımından araşdırılmaqla məhkəmə bu nəticəyə gəlir ki, iddia özü özlüyündə əsassızdır. Belə ki, qanunvericilik hərracın keçirilməsi qaydalarının pozulması kimi qiymətləndirilməyə əsas verən halları və onların nəticələrini dəqiq müəyyən etmişdir. İddiaçının irəli sürdüyü dəlillər hərracın etibarsız hesab edilməsinə əsas vermir. Belə olan təqdirdə cavabdeh tərəfindən tətbiqi barədə ərizə verdiyi iddia müddəti baxımından mübahisənin qiymətləndirilməsinə əsas yoxdur. Məhkəmə xatırladır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən bəzi əqdlər yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.Başqa sözlə əqdin etibarsızlığına dair hüquqi nəticəni məhkəmənin qanuni qüvvəyə minmiş aktı əmələ gətirir.(Mülki Məcəllə maddə 416,1225.3 və s.)Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan əqd kimi qəbul olunur.Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn: özlərinə xas fərdi -müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar:avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır.Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması, yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir(Mülki Məcəllə maddə 384.0.4) Məhkəmə bir daha vurğulayır ki, iddianın əsaslılığını sübut etmə yükü iddiaçının üzərində olmuşdur, məhkəmə araşdırması nəticəsində hərracın keçirilməsini etibarsız hesab etməyə qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmaması öz təsdiqini tapmamışdır. Odur ki, keçirilmiş hərrac nəticəsində hüquqların qeydiyyatına dair çıxarış da əsaslı hesab edilməlidir. İddiaçıların nöqteyi-nəzərindən 10 ildən artıq müddətdə davamlı yaşadıqları fərdi yaşayış evinin bu müddət ərzində onların mülkiyyətində olmamasının hazırda 10 ildən sonra müəyyən edilməsi halında, əvvəlki vəziyyətin bərpasının qeyri-mümkünlüyü hər nə qədər ədalətsiz görünsə də, iddiaçılar özü bu müddətdə ərzində ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin aqibətinə etinasızlıq nümayiş etdirmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar