Məhkəmə qərarları › İş №2(006)-3934/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3934/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3934/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "FF-2011” MTK arasında bağlanmış 12.04.2017-ci il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən cavabdeh "FF-2011” MTK Azərbaycan Respublikasının bütün aidiyyatı olan orqanlarından, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Bakı şəhəri İcra Hakimiyyətindən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən və sair orqanlardan əldə etdiyi xüsusi nişanlar və sair icazə sənədlərinin əsasında bir neçə mülkiyyətçiyə, o cümlədən ona məxsus olan yaşayış sahəsini, yəni ünvan 1 ünvanında yerləşən mənzilimi söküb yerində çoxmərtəbəli yaşayış binasını tikib, həmin binadan müqavilədə göstərilən kompleksin ikinci blok, dördüncü mərtəbəsindən 60,0 kv.m sahəsi olan mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni mülkiyyətində olan sözügedən mənzili cavabdehə vaxtında və müqavilədə göstərilən digər şərtlər daxilində təhvil vermişdir. Bundan sonra cavabdeh "xxxx" MTK onların yerində uzun müddət bünövrə qazıntısı, bünövrə işləri və tikinti işlərinə başlamışdır. Buna baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında və müqavilədə göstərilən şərtlər daxilində yerinə yetirməmişdir. Belə ki, tikintisi ən çoxu 2 il çəkə biləcək yaşayış binası cavabdeh "xxxx" MTK tərəfindən cəmi 8 mərtəbə - 2 mərtəbə zirzəmi, 6 mərtəbə qeyri yaşayış və yaşayış sahəsi tikildikdən sonra naməlum səbəblərdən yarımçıq saxlanmış, onun başa çatdırılmasını və ona vəd edilən mənzil indiyə kimi ona təhvil verilməmiş və öhdəliyin nə vaxt yerinə yetiriləcəyi naməlum qalmışdır. Dəfələrlə cavabdeh "xxxx" MTK-ya şifahi və yazılı, o cümlədən pretenziya xarakterli müraciət etmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyinin bildirdiyinə görə bütün icazə sənədləri qaydasında olduğuna və fəaliyyəti zamanı heç bir qanun pozuntusuna və ya vəzifə səlahiyyətlərini aşma kimi hallara yol verməsələr də, naməlum səbəbdən tikinti dayandırılmışdır. Cavabdeh "xxxx" MTK-nın hər hansı səbəbdən tikintini başa çatdıra bilməməsi hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Cavabdehə 03.04.2021-ci il tarixində pretenziya qaydasında müraciət etmişdir. Cavabdeh tərəfindən cavab məktubunda bildirilmişdir ki, bəzi səbəblərdən tikintinin başa çatdırılması ləngidilmiş və mövcud maneələr aradan qaldırıldıqdan sonra qısa müddətdə öhdəliyi yerinə yetirəcəklər. Göstərilənlərə əsasən, 12 aprel 2017-ci il tarixində cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış bina-mənzil tikintisi haqqında müqaviləyə və 12 aprel 2017-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 60,0 kv.m təşkil edən mənzilin iddiaçı və payçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiklərini, bununla bağlı ərizəni məhkəməyə təqdim edərək bildirdi ki, tikintinin dayandırılması onlardan asılı səbəblərdən baş verməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bütün lazımi sənədlərinin olmasına baxmayaraq onlara tikintinin tamamlanmasına icazə vermirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Kooperativ» qismində "xxxx" MTK-nın İdarə Heyyətinin X1 ilə «Payçı» qismində İddiaçı arasında bağlanılmış 12 aprel 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 60,0 kv.m təşkil edən mənzili «Kooperativ» «Payçı»-ya (mənzil tam dəyərini müqavilində müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməsini öz öhdələrinə götürmüşlər. İş üzrə "xxxx" MTK tərəfindən verilmiş 12 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, ofis və yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur. Bu kompleksin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən 60,0 kv.m təşkil edən mənzil İddiaçı məxsusdur. Həmin mənzilin dəyəri payçı tərəfindən "xxxx" Məznil-Tikinti Kooperativinin xəzinəsinə ödənilib və bu mənzilə görə "xxxx" Məznil-Tikinti Kooperativinə heç bir borcu yoxdur. İş üzrə "xxxx" MTK tərəfindən « İddiaçı ünvanlanmış 26 aprel 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, tikinti işləri başlanılmış, binanın 08 mərtəbəsi tikildikdən sonra bəzi onlardan asılı olmayan səbəblərdən həmin tikintinin başa çatdırılması müvəqqəti olaraq dayandırılmışdır. Odur ki, sözügedən bəzi müvəqqəti maneələrin aradan qaldırılmasından sonra qısa müddətdə yarımçıq qalmış tikinti başa çatdırılacaq və öhdəlik layiqincə yerinə yetiriləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 60,0 kv.m. olan mənzilin tikintisinə dair 12 aprel 2017-ci il tarixində müqavilə bağlanılmış və iddiaçı tərəfindən həmin mənzilin dəyəri "xxxx" MTK-nın xəzinəsinə ödənilmişdir. Bununla bağlı "xxxx" Məznil-Tikinti Kooperativi tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Cavabdeh tərəf isə iddianı etiraf edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativi müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, cavabdeh müqavilə bağlandığı müddətdən 4 ildən çox müddət keçməsinə baxmayaraq hal-hazırki vaxtadək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizilk ola bilər. Öhdəliklər şəxslər arasında çox ciddi hüquq və vəzifələr yaratdığına görə onların əmələ gəlməsi əsaslarının dəqiq müəyyən edilməsinin böyük əhəmiyyəti var. Öhdəliklərin əmələ gəlməsinin başlıca əsasları AR Mülki Məcəllənin 386-cı maddəsində göstərilmişdir və göründüyü kimi həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2004-cü il tarixli Qərarında xüsusilə qeyd edilir ki, mülki münasibətlərdən, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrin ayrı-ayrı şəxslərin hüquq və qanuni mənafelərinə müvafiq, həmçinin qanunvericiliyin tələblərinə uyğun həllində mülki məhkəmə icraatını həyata keçirən ədalət mühakiməsi orqanlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qanunvericilikdə öz əksini tapmış maddi hüquq normalarından irəli gələn mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı fiziki və hüquqi şəxslərin borcudur. Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, cavabdeh tərəfindən isə öhdəliyin pozulması müəyyən edildiyindən, iddia tələbi təmin edilməli və mübahisəli mənzilin təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məznil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 60,0 kv.m təşkil edən mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi "xxxx" Məznil-Tikinti Kooperativinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar