Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-395/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1a4 saylı notariat kontorunda AN-İ seriyalı ******* saylı 20 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-556 nömrəsi ilə qeyd edilmiş etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu Xırdalan şəhəri 30-cü məhəllə ünvanda yerləşən 0,01630 ha torpaq sahəsinə və həmin torpaq sahəsində ümumi sahəsi 258,1 m2 olan fərdi yaşayış evi – daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə yanaşı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllə ünvanda yerləşən 0,01630 ha torpaq sahəsinə və həmin torpaq sahəsində ümumi sahəsi 258,1 m2 olan fərdi yaşayış evi – daşınmaz əmlakın üzərinə məhkəmə mübahisəsi qanuni qüvvəsini alana kimi həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(006)- 6235/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllə ünvanda yerləşən 0,01630 ha torpaq sahəsinə və həmin torpaq sahəsində ümumi sahəsi 258,1 m2 fərdi yaşayış evi – daşınmaz əmlakdan ibarət qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh2 İddiaçı qarşı «evin boşaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi cəhətdən qanuni yolla pulunu ödəyib aldığı Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllədə yerləşən evin boşaldılıb, cavabdeh İddiaçı və ailə üzvlərinin həmin evdən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh3 anası, iş üzrə İddiaçı xüsusi mülkiyyətində olmuş Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllədə yerləşən fərdi mənzildə yaşayırlar. Həmin mənzildə bəzi təmir işlərinin aparılması üçün Elvin anası İddiaçı kreditlə pul götürəcəyini bildirmişdir. O, bunu Lətafət adlı qadının uzun müddətli ipoteka krediti düzəldəcəyi vədi verməsini bildirmişdir. Lakin mübahisəli mənzilin çıxarışı olmadığı səbəbindən Elvinə pul söz verən Lətafət adlı şəxs mənzilin özəlləşdirilməsi üçün də pul lazım olacağını bildirirək əlavə olaraq Elvini 10.000 manat miqdarında borclandırmışdır. Ümumilikdə Lətafət və Heydər adlı şəxs Elvini 30.000 manat məbləğində borclandırmışlar və evə dair çıxarış alınandan sonra evi ipoteka ilə yüklü etmişdilər. Hər ay həmin məbləğin 10 faizi miqdarında əlavə pul vəsaiti hesablanmışdır. Həmin məbləğ faizlə birlikdə 85 manat olmuşdur. Bir müddətdən sonra Lətafət adlı şəxs və onun tanışı Heydər Elvinə hədə-qorxu gələrək mənzilin iş üzrə Cavabdeh2 adına keçirilməsini tələb etmişlər. Elvin 20.04.2021-ci il tarixdə saat 12.09-da anasından Abşeron rayonu 2 saylı notariat kontorundan etibarnamə almış və həmin tarixdə saat 13.56-da mənzili Bakı şəhəri 14 saylı notariat kontorunda AN-İ seriyalı ******* saylı, 20 aprel 2021-ci tarixli, reyestrdə 4Ə-556 nömrəsi ilə qeyd edilmiş Cavabdeh2la 85.000 manat məbləğində alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilə bağlanandan dərhal sonra Elvin bank vasitəsi ilə pulu almış və Lətafət, Heydər və iş üzrə cavabdeh Hüseynov X5 pulu geri tələb etmişlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllədə yerləşən notarial qaydada ondan aldığı evlə bağlı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ona qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Halbuki o, Nəsibə xanımın oğlu Cavabdeh3 təmsilçiliyi ilə həmin evə dair alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində 20 aprel 2021-ci il tarixdə 40556 reyestr sayı ilə qeyd edilmiş, evin alınmasına görə banka, depozitə 85.000 manat pul qoymuşdur. Müqavilə tam qanuni şəkildə bağlanmış, heç bir kənar təsir olmamışdır. Müqavilədə evi boşaltmaq üçün istənilən vaxt tamam olmuş, lakin ev boşaldılmamışdır. Hesab edir ki, tərəflərin razılığına əməl olunmalı, ev boşaldılmalıdır. İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlillər əsassızdır. Pulunu ödədiyi, aldığı ev boşaldılmalıdır. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında ilk iddianı qəbul etdi və izahatında bildirdi ki, anam mənə sənədləri düzəltmək üçün etibarnamə vermişdi. Borcum olduğu üçün alqı-satqıyla evi keçirtdim Cavabdeh2 adına. Lətafət adlı xanıma borcum vardı. Notariat ofisindən çıxanda pulu Lətafətə verdim. Məndə 2-3 min manat pul qaldı. 85.000 manata satmışdım evi. 10% makler özünə götürdü, məndə 71-72 min pul qaldı. Lətafətin əli ilə 35.000 dollar başqa adamdan pul götürmüşdüm. Evi satmağımdan anamın xəbəri yox idi. Vüqarı əvvəllər tanımamışam. Məhkəmədən ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 20 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh2 85.000 manata satmışdır; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat idarəsinin 30 sentyabr 2021-ci il tarixli 05/7001-14 saylı sorğuya cavab məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh2 tərəf olduğu - 04.11.2020-ci il tarixdə Bakı şəhəri 30 saylı; 19.11.2020-ci il tarixdə Bakı şəhəri 51 saylı; 13.02.2021-ci, 01.05.2021-ci və 02.06.2021-ci il tarixlərdə Bakı şəhəri 43 saylı; 02.05.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı; 15.02.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı; 20.04.2021-ci il tarixdə isə Bakı şəhəri 14 saylı notariat ofislərində alğı-satqı müqavilələri bağlanmışdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin faktiki hallarından görünür ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən 85.000 manat pul ödəməklə fərdi yaşayış evi almış, müqavilə bağlanarkən qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi qismində Cavabdeh3 çıxış etmiş, 20 aprel 2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı İddiaçı 20.10.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı, 20.10.2021-ci il tarixədək fərdi yaşayış evini alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günədək ilk iddia üzrə cavabdeh fərdi yaşayış evindən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verməmişdir. Bununla da, cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi boşaldılmalı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri həmin evdən çıxarılmalı və fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi verilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası rədd edilməli; ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh2 İddiaçı qarşı «evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli; ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılmalı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri həmin evdən çıxarılmalı və ev qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 təhvil verilməli; qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh2 İddiaçı qarşı «evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılsın. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri həmin evdən çıxarılsın. Ev qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 təhvil verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-395/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-395/2022
21.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver