Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3953/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə aralarında bağlanan xx.xx.2013-cü il tarixli, AZBA-004877 saylı kredit müqaviləsi, AZBA-004877-003 saylı kredit razılaşması, AZBA-004877-003/02 saylı kredit razılaşması, AZBA-004877-003/03 saylı kredit razılaşması və AZBA-004877-003/04 saylı kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" BOKT MMC ilə aralarında 10 aprel 2013-cü il tarixində AZBA-004877 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən illik 30% şərtilə 160.000 ABŞ dolları məbləğində pul kreditə götürmüşdür. AZBA-004877-003 saylı 10 aprel 2013-cü il tarixli razılaşmaya əsasən kredit verən ona illik 22% şərtilə 72 ay müddətinə 22.000 ABŞ dolları; AZBA-004877- 003/02 saylı 12 aprel 2013-cü il tarixli razılaşmaya əsasən kredit verən ona illik 22% şərtilə 72 ay müddətinə 10.200 ABŞ dolları; AZBA-004877-003/03 saylı razılaşmaya əsasən kredit verən ona illik 22% şərtilə 72 ay müddətinə 25.000 ABŞ dolları; AZBA- 004877-003/04 saylı razılaşmaya əsasən kredit verən ona 22% şərtilə 72 ay müddətinə 22.800 ABŞ dolları kredit vermişdir. Kreditin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən ümumi sahəsi 202 kv.m, yaşayış sahəsi 134.8 kv.m, yardımçı sahəsi 67.2 kv.m olan 6 otaqlı 44 saylı yaşayış evi ipoteka ilə cavabdeh olan “TBC Kredit" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əqd bağlanarkən faizlərin bu qədər yüksək olması barədə o, lazımi qaydada məlumatlandırılmamışdır. Belə ki, həmin kredit müqaviləsindəki faizlər sonradan şişirdilmiş rəqəmlərdir. Qeyd etmək istəyir ki, faiz məbləğlərinin bu qədər çox olmasına baxmayaraq o, ödənişlərini artığı ilə ödəmişdir. Bununla bağlı ödəniş qəbzlərini məhkəmə iclasında iştirak edəcəyi halda təqdim edəcəkdir. Əlavə olaraq bildirir ki, ödənişlərində qalıqların yaranmasına səbəb dolların kəskin bahalaşması olmuşdur. Bununla bağlı kredit verənə dəfərlərlə müraciət edərək, ona müəyyən köməklik edilməsini xahiş etmişdir. Lakin cavabdeh əksinə ondan artıq faiz məbləğlərini tələb etməyə çalışır. Bundan başqa o, dəfələrlə kredit təşkilatına müraciət edərək ona kredit müqaviləsinin surətini təqdim etmələrini istəsə də, cavabdeh qərəzli şəkildə müqaviləni ona təqdim etməmişdir. Bu səbəblə hazırda kredit müqaviləsinin surətini iddia ərizəsinə əlavə edə bilmir. Beləliklə, işin faktiki hallarından da görünür ki, onun iddia tələbi əsaslı və qanunidir. Cavabdehin müqavilə bağlanarkən onu lazımi qaydada məlumatlandırmaması və ya müqavilədən kənar faizə faiz hesablaması hüquqdan sui-istifadə olmaqla, eyni zamanda aldatma anlamına da gəlir. Belə olduğu halda, cavabdeh ilə aralarında bağlanan əqdin etibarsız hesab olunması zəruridir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli, 2(003)-321/2015 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “İddiaçı və X1 müştərək qaydada 80.000 ABŞ dolları əsas borc, ödəniş qrafiki nəzərdə tutulmuş və ödənilməmiş 61.882 ABŞ dolları 08 sent faiz borcu və 8.000 ABŞ dolları dəbbə borcu, cəmi isə 149.882 ABŞ dolları 08 sent məbləğində kredit borcu qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın İddiaçı məxsus olan DƏDR-də 222 nömrəli reyestr kitabının 20572 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsində mülkiyyətində olan 0.0589 ha torpaq sahəsində yerləşən 202 kv.m ümumi, 134.8 kv.m yaşayış və 67.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 44 saylı fərdi yaşayış evinə və 0.0589 ha torpaq sahəsinə yönəldilməsi, onların ilkin satış qiymətinin 150.000 manat müəyyən edilərək həmin qiymətə açıq hərraca çıxarılması və s. qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən görünür ki, İddiaçı həmin məhkəmə iclasında iştirak etmiş və izahatında, həqiqətən də "xxxx" BOKT MMC-dən 80.000 ABŞ dolları məbləğində kredit götürdüyünü, iddia ərizəsində göstərilən evi girov qoyduğunu, sonradan həmin krediti ödəyə bilmədiyini, lakin iddia ərizəsində göstərilən dəbbə pulu məbləğinin həddindən artıq şişirildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bunun nəticəsi olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli, 2(003)-321/2015 saylı qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almaqla, icra edilməsi məqsədilə aidiyyəti İcra şöbəsinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı işə baxılan zaman hazırki iddia tələbi, yəni «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbi ilə müraciət etmək imkanına malik olmuşdur. Lakin göründüyü kimi, İddiaçı malik olduğu hüquqdan istifadə etməmiş, işə baxılan dövrdə məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, bankın ona qarşı olan iddia tələblərinə öz etirazını təqdim etməmiş, bununla da, həmin hüquqdan istifadə etmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, hazırki iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3953/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3953/2023
28.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver