Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3961/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Abbaslı (Gülmalıyev) Sənan Yusif oğlunun cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun qeyri-qanuni hesab edilərək silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abbaslı (Gülmalıyev) Sənan Yusif oğlu cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun qeyri-qanuni hesab edilərək silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə fərdi yaşayış evinə daxil olan elektrik enerji təchizatı dayandırılmışdı. Bu səbəbdən də evdə yaşayış mümkün olmadığından Masazırda yaşayan qohumunun evində qalmaq məcburiyyətində qalmışlar. May ayında enerji təchizatı bərpa olunsa da, karantin olduğundan geri qayıtmadılar. xx.xx.2020-ci il tarixdə elektrik enerji təchizatı yenidən dayandırıldığından o, «xxxxxxxx» ASC-nin Binəqədi rayon şöbəsinə müraciət etmiş və məlumatların olmadığını bildirdilər (qutuya daxil olan elektrik naqili kəsilmişdir). Nəhayət xx.xx.2020-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən satışa nəzarət şöbəsinin göstərişi olduğunu bəyan edərək saat 09.10 radələrində elektrik enerji təchizatını elektrik dirəyindən tamamilə ləğv etdilər və elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə ona xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktı təqdim etdilər. Elektrik enerji təchizatının dayandırılması barədə Nəsimi rayon Məhkəməsinin 2(006)-2442/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və xx.xx.2020ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadı nəzərə alınmamışdır. Kənar xəttin olması inandırıcı görünmür. Əvvəla, evdə heç kəs olmadığından bəhanə gətirərək aktı nə onun, nə də hal şahidlərinin iştirakı olmadan tərtib etmişlər. Nəzarətçinin təqdim etdiyi xx.xx.2020-ci il tarixdə saat 10.37-də bildiriş xəbərdarlıq vərəqindəki sayğacın göstəricisi 1807 eyni ilə aktı təkbaşına tərtib edərək imzalayan Hüseynov A. soyadlı «xxxxxxxx» ASC-nin əməkdaşının göstərdiyi (1807) göstərici ilə eynidir. Elektron sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılmış (protokol № 1361323) hər ay üçün enerji sərfiyyatına bildiriş xəbərdarlıq vərəqi verilmişdir. Məsələn, 08 fevral - 478 kvs., 07 mart - 646 kvs., 06 aprel - (mart ayının 19-dan may ayının 08-nə qədər elektrik enerji bərpa edilməmişdir) 303 kvs., 04 may - 2 kvs., 05 iyun – 235 kvs., 06 iyul – 143 kvs. olmuşdur. Göstərilənlərə əsasən, NDM № 018905 saylı akt əsasında tərtib edilmiş sənəddə göstərilən 665,27 manat borcun qeyri-qanuni hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Abbaslı (Gülmalıyev) Sənan Yusif oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsnin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş üzrə Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş X1 İddiaçı soyadına dəyişdirilmişdir. İş üzrə Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli doğum haqqında şəhahətnaməsinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası X4r. İş üzrə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolunun kserosurətindən görünür ki, S.Gülmalıyevin yaşadığı ev üzrə 172803 №-li akta əsasən sayğac dəyişdirilmişdir. İş üzrə «xxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli NDM № 018905 saylı aktından görünür ki, «xxxxxxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında yoxlama keçirən zamanı məlum olmuşdur ki, mənzilə sayğacdan kənar birbaşa xətt çəkilmişdir. Sayğac həyətdə yerləşir. İşdə olan “xxxxxxxx” ASC-nin Akt komissiyasının xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli NDM 018905 saylı akt əsasında 665 manat məbləğində borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından göründüyü kimi, istehlakçının adına tərtib edilmiş akt üzrə ümumilikdə 665 manat borc hesablanmışdır. Məhkəmə araşdırmaları zamanı «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş NDM 018905 saylı akt onu göstərir ki, istehlakçının adına olan sayğac evdən kənarda, çöl divarda quraşdırılmışdır və sayğacdan kənar xətlərin çəkilməsi cavabdehin nümayəndələri tərəfindən təsdiq edilmişdir. Həmin sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının və iki hal şahidinin iştirakı təmin edilməmişdir. Belə halda aktın özü qüsurlu hesab olunur. Hazırki halda sayğaca kənar xəttin məhz istehlakçı tərəfindən hansı tarixdən çəkildiyi «xxxxxxxx» ASC tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, akt əsasında hesablanmış məbləğ istehlakçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, “xxxxxxxx” ASC-nin Akt komissiyasının xx.xx.2020-ci il tarixli qərara əsasən NDM 018905 saylı akt əsasında hesablanmış borc əsassızdır və iddiaçıdan tələb edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş NDM 018905 saylı akt ləğv edilməklə, həmin akt əsasında hesablanmış 665 (altı yüz altmış beş) manat məbləğində borc **********A0000 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 665 (altı yüz altmış beş) manat məbləğində borc **********A0000 saylı abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3961/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3961/2020
05.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver