Məhkəmə qərarları › İş №2(006)-3965/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3965/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3965/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Bəhman oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəhman oğluna qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh, İddiaçı MMC ilə 24.03.2020-ci il və 12.05.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********35726 olan “X1 8” markalı telefon və İMEİ Kodu **********32244 olan “BQ-2817 Tank Quattro” markalı telefon almış və nəticədə 748,1 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 718,2 manat (18 ay x 39.9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********35726 olan “X1 8” markalı telefon üçün ümumilikdə 655,4 manat olmaqla, ondan 596,4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 59 manat cərimə; 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 121,4 manat (12 ay x 8.7 manat + 17 ilkin ödəniş) İMEİ Kodu **********32244 olan “BQ-2817 Tank Quattro” markalı telefon üçün ümumilikdə 92,7 manat olmaqla ondan 84.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 8 manat cərimə borcuhesablanmışdr. Cavabdehin cəmi ödədiyi məbləğ 158,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********35726 olan “X1 8” markalı telefon üçün 596,4 manat ödənilməmiş hissə, 59 manat cərimə, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********32244 olan “BQ-2817 Tank Quattro” markalı telefon üçün 84,7 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 748,1 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh Bəhman oğlundan alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh Bəhman oğlu arasında bağlanmış 24.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 718.2 manat olan “X1 8” markalı telefonu Cavabdeh Bəhman oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla hər ay 39.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh Bəhman oğlu arasında bağlanmış 12.05.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 121,4 manat olan “BQ-2817 Tank Quattro” markalı telefonu Cavabdeh Bəhman oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 17 manat ilkin ödəniş olmaqla hər ay 8,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19.04.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh Bəhman oğlunun İddiaçı MMC-yə 24.03.2020-ci il tarixli müqavilə üzrə 596,4 manat ödənilməmiş hissə, 59 manat cərimə, cəmi 655,4 manat borcu vardır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19.04.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh Bəhman oğlunun İddiaçı MMC-yə 12.05.2020-ci il tarixli müqavilə üzrə 84,7 manat ödənilməmiş hissə, 8 manat cərimə, cəmi 92,7 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh Bəhman oğluna ünvanlanmış 30.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə 24.03.2020-ci il tarixli müqaviləyə əsasən “X1 8” markalı telefon və 12.05.2020-ci il tarixli müqaviləyə əsasən “BQ-2817 Tank Quattro” markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 748,1 (yeddi yüz qırx səkkiz manat, on qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bəhman oğlundan 24.03.2020ci il tarixli müqaviləyə əsasən 596,4 AZN (beş yüz doxsan altı manat, qırx qəpik) ödənilməmiş hissə, 59 AZN (əlli doqquz manat) cərimə, 12.05.2020-ci il tarixli müqaviləyə əsasən 84,7 AZN (səksən dörd manat, yetmiş qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) cərimə, ümumilikdə 748,1 (yeddi yüz qırx səkkiz manat, on qəpik) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 778,1 AZN (yeddi yüz yetmiş səkkiz manat, on qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bəhman oğlundan 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 596,40 AZN (beş yüz doxsan altı manat, qırx qəpik) ödənilməmiş hissə, 59 AZN (əlli doqquz manat) cərimə, 12.05.2020-ci il tarixli müqaviləyə əsasən 84,70 AZN (səksən dörd manat, yetmiş qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) cərimə, ümumilikdə 748,10 (yeddi yüz qırx səkkiz manat, on qəpik) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 778,10 AZN (yeddi yüz yetmiş səkkiz manat, on qəpik) məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar