Məhkəmə qərarları › İş №2(006)-3975/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3975/2022

24.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3975/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X4 və cavabdeh LPO Cavabdeh2 ASC-in nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və Cavabdeh1na qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və Cavabdeh1na qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin müavini Elnur Musayevlə mərhum əri X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ASCyə ödənilmiş 87.875 (səksən yeddi min səkkiz yüz yetmiş beş) manat pulun və iddia tələbi ilə əlaqədar ödədiyi 356 (üç yüz əlli altı) manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 ilə hazırda ləğv olunma prosesində olan Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin müavini Elnur Musayev arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair “nisyə alqı-satqı müqaviləsi” adlı əqd bağlanmışdır. Həmin əqdin şərtlərinə görə satıcı Cavabdeh2 ASC-nin nümayəndəsi Elnur Musayev mərhum əri X5 ilə xx.xx.2019-cu il tarixdə bağladığı həmin nisyə alqı-satqı müqaviləsi nəticəsində Miradil Həsənov tərəfindən 87.875 manat pul Cavabdeh2 ASC-nin hesabına köçürülmüşdür. Mənzilə görə qalan məbləğ xx.xx.2019-cu ilə kimi ödənilməli idi. Bundan əlavə satıcı tərəf alıcı tərəfə öhdəliyin vaxtında yerinə yetirilməyəcəyi hallarda digər sanksiyalar da müəyyən etmişdir. Lakin, buna baxmayaraq mərhum əri götürdüyü öhdəliyi vaxtında yerinə yetirsə də, sona çatdıra bilməmiş və vəfat etmişdir. Buna görə də satıcı tərəfə olan Cavabdeh2 ASC həmin mənzili mənimsəmiş və öz balansından çıxarmamışdır. Ödədikləri 87.875 manat pulu da Cavabdeh2 ASC mənimsəmişdir. Daha sonra isə Cavabdeh2 ASC ləğv edilmə prosesinə başlamışdır. Qeyd etmişdir ki, tərəflər arasında bağlanmış bu əqd qanunsuzdur və heç bir hüquqi nəticə verə bilməz. Cavabdeh2 ASCnin idarə heyətinin sədrinin müavini Elnur X1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi etibarsızdır. İdarə heyətinin sədrinin müavini Elnur Musayevin evin alqı-satqısı ilə məşğul olmağa səlahiyyəti olmadığı halda o, X5 ilə aralarında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilə ilə bank tərəfindən satıcı Elnur Musayevə səlahiyyət verilməsi müəyyən olunmur. Qeyd etmişdir ki, ipoteka predmeti olan 120.000 manat dəyərində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə görə ödənilməmiş qalan 32.125 manat pulun hissəhissə ödənilməsinə ona şərait yaradılması və qalan 32.125 manat pul ödənildikdən sonra mənzilin ona satılması barədə nümayəndəsi vəkil Nizami Şiriyev tərəfindən Cavabdeh2 ASC-nin Ləğvedicisi Cavabdeh1 göndərilmiş 07 iyun 2022-ci il tarixli **********673 saylı məktubda heç bir tutarlı səbəb göstərilmədən ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin alqı-satqısının mümkün olmamasını qeyd etməklə imtina edilmişdir. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyindən 20 iyun 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. İddia ərizəsi cavabdehin hüquqi ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4558/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsində göstərilmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin, Cavabdeh2 ASC-nin nümayəndəsi Elnur Musayev qanunun bu normasını pozaraq nisyə alqı-satqı müqaviləsini bankın adından bağlasa da, həmin əqdi notariusda təsdiq etməmişdir. Təbii ki, bu əqd qanunun tələblərinə zidd olduğu üçün həmin əqddən irəli gələn bütün nəticələr də qanunsuz hesab olunur və həmin əqd məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsini müdafiyə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-in nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasının vaxıt və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi” barədə razılaşmanın surətindən görünür ki, satıcı Cavabdeh2 ASC ilə alıcı X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 3 ünvanında yerləşən əmlakı alıcının mülkiyyətinə verir, alıcı xx.xx.2019-cu il tarixdə satıcıya 40.000 manat ödəyir, yerdə qalan 80.000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixində əmlakın alqı-satqısı alıcının təqsiri nəticəsində baş tutmadığı halda, alıcı tərəfindən ilkin məbləğ olaraq ödənilmiş 40.000 manatdan 10.000 manat əldən çıxmış fayda olaraq alıcıya geri qaytarılmır. Mülki işin materiallarında olan mədaxil üzrə kassa orderlərindən görünür ki, X5 tərəfindən 3.000, 40.000, 39.875 və 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 ASC-yə ödənilmişdir. Mülki işin materiallarında olan 21 sentyabr 2021-ci il tarixli, AZ-İİ № 220206 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan 07 iyun 2022-ci il tarixli Cavabdeh1 tərəfindən verilən cavab məktubunda qeyd edilmişdi ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 3 nömrəli evin 31 saylı mənzilinin İddiaçı adına rəsmiləşdirilməsi üçün sənədlərin təqdim edilməsi, yəni alqı-satqısı mümkün deyildir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşı X5 ilə Cavabdeh2 ASC arasında daşınmaz əmlakın alqı-satqısına dair razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən X5 tərəfindən 87.875 manat məbləğində ödəniş edilmiş, lakin sonradan o vəfat etmiş və borcun qalan hissəsi ödənilməmiş qalmışdır. Hazırda iddiaçı həmin razılaşmanın etibarsız hesab edilməsini, mərhum həyat yoldaşı tərəfindən ödənilən pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir, iddianın rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İş materiallarından göründüyü kimi mübahisələndirilən Razılaşma (müqavilə) Cavabdeh2 ASC ilə X5 arasında 27 iyun 2019-cu il tarixdə imzalanmışdır. Həmin müqaviləyə görə alıcı xx.xx.2019-cu il tarixdə satıcıya 40.000 manat ödəyir, yerdə qalan 80.000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə üç ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və Cavabdeh1na qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və Cavabdeh1na qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar