Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3986/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MTK Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli PBR 585 saylı 314C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən 3.134 manat 79 qəpik borcu və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 51 manat 35 qəpik dövlət rüsumu olmaqla, cəmi 3.186 manat 14 qəpik pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli PBR 585 saylı 314C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən 3.134 manat 79 qəpik borcun, iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 51 manat 35 qəpik dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvandakı «X1» yaşayış kompleksində yerləşən binanın C bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 113,2 m2 olan (101,3 m2 əmlakın daxili hissəsi, 11,9 m2 eyvan) 314C saylı mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli PBR585 saylı müqavilə imzalamışdır. 28 yanvar 2013-cü il tarixli PBR585 saylı alqı-satqı müqaviləsinin 4 saylı əlavəsində investora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqısatqı müqaviləsinin 4 saylı əlavəsinin 5-ci bəndinə əsasən investor (cavabdeh) şirkətə göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər m2-i üçün hər ay 2 manat xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 9-cu bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin 314C saylı mənzil və kommunal borc üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyun ayı da daxil olmaqla kommunal borc üçün 870 manat 89 manat, mənzil üçün xidmət haqqı isə 2.263 manat 90 qəpik olmaqla, ümumi borc 3.134 manat 79 qəpik təşkil edir. xx.xx.2013-cü il tarixli PBR585 saylı alqı-satqı müqaviləsinin 4 saylı əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh – sakin Cavabdeh 113,2 m2 mənzilin hər kvadrat metri üçün aylıq 2 manat xidmət haqqı (113,2 m2 x 2 = 226,4 manat) olmaqla mənzil üzrə aylıq 226,4 manat xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, iyun-dekabr 2023-cü il, yanvar-iyun 2024-cü il aralığında kommunal borclara görə heç bir ödəniş edilməmiş və kommunal borc olaraq 870 manat 89 qəpik borc yaranmışdır. Sentyabr 2023-cü ildən iyun 2024-cü ilədək aralığında mənzil üzrə xidmət haqqı üçün heç bir ödəniş edilməmişdir və ümumilikdə 10 aylıq xidmət haqqı 2.264 manat (10 x 226,4 = 2.264 manat) borc ödənişləri yığılmışdır. Beləliklə, ümumilikdə kommunal haqları və mənzil üçün xidmət haqqı üzrə 3.134 manat 79 qəpik məbləğində borc yaranmışdır (870 manat 89 qəpik + 2.264 manat = 3.134 manat 79 qəpik). Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli PBR585 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Şirkət- İddiaçı MMC (VÖEN **********) tərəfindən Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 130/132 ünvandakı «X1» yaşayış kompleksində yerləşən binanın C bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 113,2 m2 olan (101,3 m2 əmlakın daxili hissəsi, 11,9 m2 eyvan) 314C saylı mənzili (investor) Cavabdeh satılmışdır. - Alqı-satqı müqaviləsinin 4 saylı əlavəsinin 5-ci bəndinə əsasən investor (cavabdeh) şirkətə göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər m2-i üçün hər ay 2 manat xidmət haqqı ödəməlidir; - Müqavilənin 9-cu bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Təqdim olunmuş hesabdan çıxarışlardan və satış fakturalarından (sales invoice) görünür ki, Cavabdeh 314C saylı mənzil və kommunal borc üzrə 2024-cü ilin iyun ayı da daxil olmaqla kommunal borcu 870 manat 89 manat, mənzil üçün xidmət haqqı isə 2.263 manat 90 qəpik, ümumilikdə borc məbləği 3.134 manat 79 qəpik təşkil edir. 12 iyun 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən yuxarıda qeyd olunan müqavilə və müqaviləyə əlavələr üzrə hesablanmış borcun ödənilməsi tələb etmiş, əks təqdirdə müvafiq qanuni addımların atılacağı barədə cavabdehi xəbərdar etmişdir. 16 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, göstərilən hüquqi xidmətə görə iddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. 24 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 51 manat 35 qəpik dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə və müqaviləyə əlavələr üzrə İddiaçı MTK qarşısında xidmət haqqı və kommunal ödənişləri vaxtaşırı ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin həmin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Hazırda iddiaçı cavabdehin müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməməsi əsası ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində cavabdehin malik olduğu yaşayış sahəsinin ölçülərinə əsasən iddiaçıya ödəməli olduğu məbləğin hesablanmasına dair qayda öz əksini tapmışdır. Müqavilənin 10.7-ci bəndində müqavilənin bütün əlavələrinin müqavilənin ayrılmaz tərkib hissəsi olması razılaşdırılmışdır. Belə ki, müqavilənin 4 saylı əlavəsinin 5-ci bəndində xidmət haqqının əmlakın hər kvadrat metri üçün aylıq 2 manat olması şərtləşdirilmişdir. Habelə müqaviləyə eyni saylı əlavənin 1-ci bəndinin 8-ci hissəsində də enerji və kommunal xidmətlərdən istifadə (su, elektrik enerjisinin) ölçülərək əmlaka aid edilməsi və onun ödənilməsinin investorun üzərinə düşməsi barədə şərt qeyd edilmişdir. İddiaçı cavabdehin 2023-cü ilin iyun-dekabr ayları və 2024-cü ilin yanvar-iyun ayları üçün kommunal xidmətlərə görə, həmçinin, cavabdehin mülkiyyətində olan sahənin ölçülərinə əsasən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək xidmət haqqını hesablayaraq ümumi borcun tutulmasını tələb etmişdir. Cavabdeh tərəfindən iddianın əsaslılığını aradan qaldıran hər hansı etiraz və sübutlar təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli PBR 585 saylı 314C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən 3.134 manat 79 qəpik borc, iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 51 manat 35 qəpik dövlət rüsumu və vəkilə ödənilmiş 300 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli PBR 585 saylı 314C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən 3.134,79 (üç min yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 51,35 (əlli bir manat otuz bir qəpik) manat dövlət rüsumu və vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3986/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3986/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver