Məhkəmə qərarları › İş №2(006)-404/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-404/2022

21.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-404/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Əhmədova (Baxşıyeva) Hicran İlqar qızının maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Əhmədova (Baxşıyeva) Hicran İlqar qızı maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2008-ci il tarixli, 2(001)-1555/2008-ci il qətnaməsinə əsasən Ərizəçi ilə X5 arasında 22 aprel 2006- cı il tarixdə Səadət sarayı tərəfindən 847 nömrə ilə qeydə alınmış nikah pozulmuş və 18 fevral 2009cu il tarixli, 42 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahından 07.02.2007-ci il təvvəllüdlü X4 anadan olmuşdur. X4 həm fiziki, həmdə psixi cəhətdən qüsurludur, əlildir. Belə ki, uşaq serebral iflici-spastik diplegiya, sinir-psixi və nitq inkişafı ləngiməsi, hərəkət və dayaq aparatının pozulması, yaddaş və intellektin ləngiməsi xəstəliyi diaqnozu ilə Bakı şəhəri 01 saylı poliklinikada qeydiyyatdadır. Uşaq öz hərəkətlərini ölçüb-biçə bilmir, hərəkətlərinin nəticəsini dərk edə bilmir, anası Ərizəçi daima ona nəzarət etməli olur.

3. Göstərilənlərə əsasən, 07 fevral 2007-ci ildə Bakı şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etmiş və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ekspert rəyindəki qeyri-müəyyənliyə gəldikdə isə rəyin istər təsviri, istər motivləşdirici, istərsə də yekunlaşdırıcı hissəsində artıq şəxsin fəaliyyət qabiliyyətinin olmaması təsbit olunmuş, sadəcə nəticə hissəsində texniki səhvə yol verildiyini bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 13 aprel 2007-ci il tarixində verilmiş AZ-İ seriya 922990 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 07 fevral 2007ci ildə Bakı şəhərində doğulmuş, atası X5, anası isə Baxşıyeva Hicran İlqar qızıdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN 4 saylı Zona Tibbi Sosial Eksperti Komissiyasının 035493 №-li arayışından görünür ki, X4 18.11.2010-cu il tarixində müayinə olunmuşdur. “Sağamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 4.1-ci bəndinə uyğundur” qeyd edilmişdir.

9. İş materiallarında olan “Oriqami” Uşaq və X1 Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin 92 №-li fərdi reabilitasiya kartasından çıxarışa əsasən X4 xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində İİ kompleks reabilitasiya kursu keçmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzinin 14 ambulator kartdan çıxarışdan görünür ki, X4 17 yanvar 2011-ci ildən 29 yanvar 2011-ci ilədək X6 ambulator müalicədə olmuşdur. Diaqnoz: uşaq serebral iflici-spastik diplegiya forması.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzinin 203 ambulator kartdan çıxarışdan görünür ki, X4 26 may 2014-cü ildən 06 iyun 2014-ci ilədək X6 ambulator müalicədə olmuşdur. Diaqnoz: uşaq serebral iflici-spastik diplegiya forması.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli, 3667 №-li rəyinə əsasən X3 uşaq serebral iflici nəticəsində ağır dərəcəli əqli gerilik aşkar olunur, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olan şəxs hesab etməyə əsas vardır.

13. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 07 fevral 2007-ci il tarixində Bakı şəhərində anadan olmuş X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Əhmədova (Baxşıyeva) Hicran İlqar qızının maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 07 fevral 2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə 07 fevral 2007-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar