Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-404/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Digər Cavabdeh2 QSC BOKT-un nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Azərbaycan Beynəlxalq Bank”ın Lənkəran filialı arasında bağlanmış 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Astara şəhərində anadan olmuşdur. İddiaçı ümumiyyətlə bu vaxta qədər hər hansı bankdan və yaxud idarə və müəssisədən kredit olaraq pul almamışdır. İddiaçıya sonradan məlum olmuşdur ki, guya o "xxxx" ASC-nin Lənkəran filialından 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinə imza etməklə 2400 manat kredit almışdır. İddiaçı qeyd edilən krediti almadığı halda saxtakarlıq edilərək göstərilən kredit müqaviləsi tərtib olunaraq bankdan 2400 manat pul alınaraq mənimsənilmişdir. İddiaçının sözügedən kredit müqaviləsindən xəbəri olmamış və müqavilədə olan imza da ona məxsus deyildir. Bu məsələ iddiaçıya aydın olandan sonra o, Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktor müavini Murad Məmmədova, Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifova və cavabdeh "xxxx" ASC-yə ərizələr ilə müraciət etmiş və verilmiş cavablar təminedici olmadığından məhkəməyə müraciət etməli olmuşdur.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aqrarkredit” QSC BOKT iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh2 QSC BOKT-a keçmişdir. Qeyd edilən Fərman və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı 1316,94 manat əsas borc, 412,06 manat faiz borcu olmaqla, cəmi 1729,0 (bir min yeddi yüz iyirmi doqquz) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-LEN-189 saylı satın alınma ilə bağlı təhvil-təslim Aktı əsasında Cavabdeh2 QSC BOKT-a verilmişdir. Məhkəməyə təqdim olunmuş iddia ərizəsindən və işdə olan sənədlərdən göründüyü kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə İddiaçı arasında bağlanmış 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 24% olmaqla 2400 (iki min dörd yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən əməl olunmamış və son nəticədə "xxxx" ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı əmri ilə "xxxx" ASC-nin ərizəsi təmin edilərək, İddiaçı 1316,94 manat əsas borc, 412,06 manat faiz borcu olmaqla, cəmi 1729,0 (bir min yeddi yüz iyirmi doqquz) manat borcun tutulması əmr edilmiş, həmin məhkəmə əmrindən şikayət verilməmiş və hazırda qüvvədədir. İddiaçı kredit verilməsi ilə bağlı sənədlərin əsilləri məhkəmə verilmiş iddia ilə bağlı Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda, İddiaçı 2023-cü ildə Astara Rayon Məhkəməsinə ərizə təqdim edərək həmin məhkəmənin sözügedən əmrin icrası ilə bağlı kredit borcunu birdəfəyə ödəməyə maddi imkanının olmadığını, ona həmin borcun ödənilməsinə 6 ay möhlət verilməsini xahiş etmiş, lakin məhkəmənin 27 dekabr 2023-cü il tarixli, 8(018)-207/2023 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Qeyd olunan qərardaddan şikayət verilməmiş və hazırda qüvvədədir. Buradan da göründüyü kimi iddiaçı onun barəsində çıxarılmış məhkəmə əmrindən məlumatlı olmuş, ondan məhkəməyə şikayət verməmiş, bundan sonra Astara Rayon Məhkəməsinə ərizə təqdim edərək həmin borcu bir dəfəyə qaytarmaq imkanının olmadığını və bu borcun ödənilməsi üçün 6 ay möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Belə olduğu halda, iddiaçı tərəfindən həmin məhkəmə əmrində əsas tutulan 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinin mübahisələndirilməsi başa düşülən deyil və belə hesab edilir ki, iddiaçının bu addımı məhkəmə qərarının icrasının yubadılması məqsədilə atılmışdır. İddiaçı məhkəmə tərəfindən ona borcun ödənilməsinə möhlət verilmədikdən sonra müxtəlif orqanlara şikayət etmişdir.
5. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək, hazırkı iş üzrə "xxxx" ASC-ilə yanaşı, Cavabdeh2 QSC BOKT-un da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizə təqdim edərək, mülki iş üzrə "xxxx" ASC ilə yanaşı, Cavabdeh2 QSC BOKTun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
7. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, cavabdehin etirazının əsassız olduğunu bildirib, iddianın təmin edilməsini, öz pulunun ona qaytarılmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh2 QSC BOKT-un nümayəndəsi X4 iddianı qəbul etməyib, etirazının əsaslı olmasını bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. ABB Lənkəran filialının müdirinə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, məişət avadanlığı alınması məqsədilə 18 ay müddətinə 2400 manat məbləğində kredit verilməsi xahiş edilmiş, kreditin və ona hesablanmış faizlərin hər ay 1 №-li əlavəyə uyğun şəxsi gəlirindən vaxtında ödənilməsinə zəmanət vermişdir.
12. "xxxx" ASC Lənkəran filialı (borc verən) ilə İddiaçı (borc alan) arasında imzalanmış 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinin 2.2-ci və 2.3-cü bəndlərinə görə, borc verən borcalana 18 ay müddətinə 2400 (iki min dörd yüz) manat kredit ayrılmasını, borcalan isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, vaxtlı-vaxtında bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə ödəməsini öhdəsinə götürür.
13. 01 may 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı 314 nömrəli istehlak krediti müqaviləsi üzrə 2376 (iki min üç yüz yetmiş altı) manat kredit məbləği İddiaçı verilmişdir.
14. Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmrindən görünür ki, borclu İddiaçı 1316,94 manat əsas borc, 412,06 manat faiz borcu olmaqla, cəmi 1729 manat borcun və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir.
15. "xxxx" ASC-ilə Cavabdeh2 QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh2 QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə olan sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Borclu İddiaçı təhviltəslim olan günə əsas borcu 1316.94 manat, faiz borcu 412.06 manat olmaqla, cəmi 1729 manat təşkil edir.
16. Astara Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 8(018)-207/2023 saylı qərardadından görünür ki, borclu İddiaçı Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmrinin icrasına 6 ay möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir.
17. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat rüsum ödənilmişdir.
18. Astara Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(018)-265/2017 saylı qərardadından görünür ki, borclu İddiaçı həmin məhkəmənin 17 yanvar 2017-ci il tarixli, 2(018)- 265/2017 saylı məhkəmə əmrindən etiraz verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.
19. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(018)-265/2017 saylı məktubundan görünür ki, tələbkar "xxxx" ASC-nin borclu Əskərova Zülaya Balağa qızına qarşı borc tələbi barədə həmin məhkəmə tərəfindən 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmri qəbul edilmiş və məhkəmə əmri qanuni qüvvəsini aldığına görə 31 yanvar 2017-ci il tarixdə Astara rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 03 fevral 2017-ci il tarixdə icra şöbəsi tərəfindən həmin iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmrinin ləğv edilməsini və ümumi icraat qaydasında baxılmasını xahiş etmiş və adıçəkilən məhkəmənin 09 sentyabr 2024-cü il tarixli qərardadına əsasən borclu İddiaçı tərəfindən məhkəmə əmrindən etiraz verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Hazırda məhkəmənin 09 sentyabr 2024-cü il tarixli qərardadı qanuni qüvvəsini almışdır və borclu İddiaçı tərəfindən həmin qərardaddan məhkəməyə şikayət daxil olmamışdır.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1363 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş xx.xx.2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsində “Borc alan” qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Təqdim edilmiş kredit müqaviləsinə əlavə №1-in, ərizənin, məxaric orderin reproqrafik surətləri keyfiyyətsiz və bir neçə dəfə çıxarılmış surətlər olduqları üçün həmin sənədlərin üzərlərində montaj əlamətlərinin müəyyən edilməsi mümkün olmadığı nəticəsinə gəlinmişdir.
21. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza təqdiqatının dəyəri 100 manat təşkil edir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Famil Əliyevin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinin, kredit müqaviləsinə 1 saylı əlavənin, məxaric orderinin və Əskərova Zülaya Balağa qızının sərbəst və ekspermental imza nümunələri təqdim edilmədiyindən ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir.
23. Astara rayon İcra və probasiya şöbəsinin 29 aprel 2025-ci il tarixli, 39399/17 saylı məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı icra sənədinin tələbinə əsasən borclu İddiaçı cəmi 1729 manat kredit pulu və 20 manat məbləğində dövlət rüsumu alınıb tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq zəruri icra tədbirlərinə başlanılmışdır. İcraat zamanı borclu İddiaçı pensiya aldığı müəyyən olunduğu üçün hesabına inkasso sərəncamı tətbiq edilməklə qalıq qalmış vəsait borclunun pensiyasından tutularaq Cavabdeh2 SKT Lənkəran filialının hesabına ödənilmişdir. İcra sənədi üzrə tələb tam təmin olunduğu üçün icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Kreditin verilməsinə əsas İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən İddiaçı ilə "xxxx" ASC-nin Lənkəran filialı arasında xx.xx.2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Bank tərəfindən iddiaçıya 18 ay müddətinə 24 faiz dərəcəsi tətbiq etməklə 2400 (iki min dörd yüz) manat kredit verilmişdir. Lakin iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən və borcun ödənişi təmin edilmədiyindən, Bank Astara Rayon Məhkəməsinə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmrinə əsasən İddiaçı ümumilikdə 1729 manat borcun və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-yə ödənilməsi əmr edilmiş və məlumat üçün tərəflərə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə əmr icra edilməsi üçün Astara rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2017-ci il tarixdə iş üzrə icra icraatına başlanılmışdır. xx.xx.2017-ci il tarixli müqaviləyə və sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli akta əsasən sözügedən müqavilə üzrə tələb hüququ "xxxx" ASC tərəfindən Cavabdeh2 QSC-yə ötürülmüşdür. xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, 2(018)-265/2017 saylı icra sənədinə əsasən 130.88 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə inkasso sərəncamı verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin icrasına 6 ay möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və pul vəsaitini bir dəfəyə ödəməyə maddi imkanı olmadığı üçün məhkəmə əmrinin icra edilməsinə 6 ay möhlət verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni təmin etməmişdir. xx.xx.2024cü il tarixdə (artıq hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edilmişdi xx.xx.2024-cü il tarixdə) İddiaçı tərəfindən Astara Rayon Məhkəməsinə müraciət edilərək Astara Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(018)-265/2017 saylı məhkəmə əmrinə etiraz təqdim etmək üçün buraxılmış müddətin üzrlü hesab edilməsi xahiş edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
25. Hazırda iddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia edərək onunla "xxxx" ASC arasında (sonradan tələb hüququ digər Cavabdeh2 QSC BOKT-a ötürülmüşdür) bağlanmış 01 may 2013-cü il tarixli 314 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv olunmasını xahiş edir.
c) Məhkəmənin mövqeyi:
26. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini müqavilənin onun tərəfindən imzalanmaması ilə əsaslandırsa da, müqavilədə olan imzanın onun olmadığını sübut edə bilmir. Belə ki, iş üzrə məhkəməyə tərəfindən xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilsə də, sənədlərin texniki ekspertizasının rəyinə görə sənədlərin üzərlərində montaj əlamətlərinin müəyyən edilməsinin mümkün olmadığı nəticəsinə gəlinmişdir. Xətşünaslıq ekspertizası üzrə isə ekspert rəyi verilməmiş, buna səbəb sərbəst və ekspermental imza nümunələri təqdim edilməməsi göstərilmişdir.
27. Qeyd olunmalıdır ki, mülki iş materiallarında iddiaçının imza nümunələri mövcuddur. Məhkəmə prosesində iddiaçı həmin müqavilə imzalanan dövrə (2013-cü il) aid başqa imza nümunələrinin olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öz iddiasını sübut edəcək heç bir əsaslı dəlil məhkəməyə təqdim edilməmişdir.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, imza iddiaçıya aid olmasa belə onun iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd olunan müqavilə ilə bağlı borcu öz borcunu ödəmədiyinə görə Bank Astara Rayon Məhkəməsinə müraciət etmiş və borcun ödənilməsi barədə əmr verilmişdir. Əmr icraatı qaydasında iş mahiyyəti üzrə dərindən araşdırılmadan, yəni müqavilənin etibarlılığına dair hər hansı cuzi şübhə olmadığı halda onun etibarlılığı araşdırılmır və borcludan öz etirazını təqdim etməsi tələb olunur. Borculunun etiraz təqdim etməsi halında işə iddia icraatı qaydasında baxılaraq müqavilənin etibarlılığı məsələsi araşdırıla bilər. Buna görə də məhkəmə hazırkı iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına uyğun hesab edir.
29. Sözügedən məhkəmə əmri iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq ona dair etiraz verilməmiş, əksinə həmin borc icra məmurunun inkasso sərəncamı ilə iddiaçının pensiyasından tutulduqda məhkəməyə icra icraatı qaydasında müraciət edərək borcun ödənilməsinə 6 ay möhlət verilməsi xahiş edilmiş, iddiaçı məhkəmə iclasında iştirak etmiş, ərizəsinin təmin olunmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Həmin müqavilə barədə tələbkar, məhkəmə, icra məmuru tərəfindən dəfələrlə iddiaçıya bildirişlər göndərilmiş və iddiaçı bu müqaviləni mübahisələndirməmiş, məhkəmə əmrinə etiraz verməmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə verildikdən sonra əmrə etiraz verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə verilmiş, məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Ərizənin təmin edilməməsinin səbəblərindən biri də həmin əmrin icra icraatı çərçivəsində iddiaçının 6 aylıq möhlət verilməsi barədə ərizəsi ilə onun əmrdən xəbərdar olmasının sübutu olmuşdur.
30. Məhkəmə hesab edir ki, iddiaçının borcun tələb edilməsi barədə əmrə etiraz vermədən borcun ödənilməsi üçün möhlət istəməsi onun borcu qəbul etməsi və eyni zamanda əgər müqavilə etibarsızdırsa belə, həmin müqaviləni bəyəndiyi mənasına gəlir. Bəyənmə - sonradan verilən razılıq instituna aid olmaqla Mülki Məcəllənin 357-ci maddəsi ilə müəyyən edilir. Şübhəsizdir ki, şəxs hazırda heç vaxt kredit götürmədiyini iddia etdiyi halda, 2023cü ildə məhkəmə iclasında ondan tələb edilən borcun haradan yarandığını bilməsin. İddiaçı borcun haradan yarandığını bilmiş və onun ödənilməsi üçün 6 ay möhlət istəmişdir. Ərizə təmin edilmədikdə ondan şikayət verməmişdir. Hər ay onun pensiyasından müvafiq borc məbləği tutularaq borc tam şəkildə ödənildiyinə görə icra məmuru icraata xitam vermişdir.
31. Məhkəmə hesab edir ki, müvafiq müqavilənin bağlanmasına zahirən razılığı olmayan iddiaçı tərəfindən müqavilədən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, müqavilənin bağlanmasından 11 ildən çox, borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsindən 7 ildən çox ötməsinə və iddiaçının bundan xəbərdar olmasına baxmayaraq, müqavilədəki imzanın onun imzası olmadığı qənaətinə gəlməklə müqaviləni etibarsız hesab etmək hüquqdan sui-istifadəyə yol açır ki, bu da mülki hüququn hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipinə ziddir.
32. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarında əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.
33. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığı barədə tələbi öz mülahizələrini sübut edilə bilmədiyi üçün və əsassız olduğu üçün təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1-337.2. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4-337.5. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
37. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
43. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 QSC BOKT-a qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova