Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4041/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 ASC-nin nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 arasında Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinin üzərinə ipoteka qoyulması haqqında 28 noyabr 2014-cü il tarixli 120721-MEDVİİ-2188 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2007-ci il tarixdə o, X13 ilə nikah bağlamışlar və onun atası Cavabdeh2 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə gəlin kimi köçərək onların ailə üzvü kimi həmin mənzildə yaşamış və ümumi birgə təsərrüfatı idarə etmişlər. Bu yaxınlıqda həyat yoldaşına Ukrayna Respublikasında iş təklif etdikləri üçün onlar müvəqqəti olaraq Azərbaycandan köçmüşlər. Koronavirus pandemiyası Ukraynada ağır nəticələrə gətirdiyi ilə əlaqədar həyat yoldaşının iş yeri bağlanmış və onlar Azərbaycan Respublikasına qayıtmağa qərara gəlmişlər. Lakin şəxsi səbəblərdən onların cavabdehlə ailə münasibətləri pozulduğuna görə cavabdeh onların uzun illər ərzində qaldıqları mübahisəli mənzildə yaşamalarına icazə verməmiş və rəsmi olaraq onun həmin ünvan üzrə qeydiyyata alınmasına razılıq verməkdən imtina etmişdir. Onların başqa yaşayış yerləri olmadığı və əvvəl o, övladları ilə qeydiyyatda olduğu mənzil mülkiyyətçi tərəfindən satıldığı üçün, onlar hal hazırda vətəndaşları olduqları Azərbaycan Respublikasına qayıtmağa imkandan məhrum olunmuşlar. Bununla əlaqədar o, Cavabdeh2 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və 17 mart 2021-ci il tarixli 2(060)- 2383/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qeyd olunan qətnamənin icraya yönəldilməsi ilə əlaqədar üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Sumqayıt şəhəri üzrə icra şöbəsinə müraciət etdikdə, ona məlum olmuşdur ki, Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzili satılması üçün açıq hərraca çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 120721-1-13017 saylı girovlu istehlak kredit müqaviləsi üzrə cəmi 18.595 ABŞ dolları 29 sent kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən həmçinin 28 noyabr 2014-cü il tarixli 120721-MEDVİİ-2188 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə tutma yönəldilməklə həbs qoyulmuşdur. Həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə yuxarıda qeyd olunan kredit borcu və dövlət rüsumu ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsindən onun xəbəri olmamışdır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh bankın nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ASC-nin Cavabdeh2, X6, X9, X7 və X4 qarşı «girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə 15.358,93 ABŞ dolları əsas borc, 3.231,36 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 18.595,29 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDK-nın yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi; ipoteka predmeti olan Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 m2 ümumi sahəsi, 44,7 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilin ilkin satış qiyməti 55.000 manat müəyyən edilmiş; tutmanın Cavabdeh2 məxsus olan ipotekaya qoyulmuş Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 m2 ümumi sahəsi, 44,7 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh1 ASC-yə olan cəmi 18.595,29 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDK-nın yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi; aparılmış ekspertizası tədqiqatının dəyəri olan 120 manatın məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(105)-107/2020 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsi – ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər Cavabdeh2, X10, X13, X11, X2 Sumqayıt şəhəri 13cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 m2 ümumi sahəsi, 44,7 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilinin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5772/2020 saylı qərarından görünür ki, cavabdeh (yeni zamanda Cavabdeh2 qəyyumu) X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(105)-107/2020 saylı qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmuş) hissələrində dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(060)-2383/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən 1A saylı mənzilə istifadə hüququ tanınmış, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsi imzalanarkən ipoteka predmeti olan mənzilə hər hansı hüququnun olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qeyd olunan əmlaka istifadə hüququnun tanınması qanunvericiliyin normalarına əsasən müqavilənin etibarsızlığına səbəb olan xüsusat kimi göstərilməmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına və işin faktiki hallarına istinad edərək hesab edir ki, İddiaçı ipoteka predmeti olan mənzilə dair bankla mülkiyyətçi arasında ipoteka müqaviləsi bağlanarkən, mənzillə bağlı hər hansı hüququ olmamış, bankla mülkiyyətçi arasında ipoteka müqaviləsi bağlanarkən aidiyyəti qanun normalarına ciddi şəkildə riayət olunmuş, iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəbdən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4041/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4041/2021
30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver