Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4041/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı abunə kodunun verilməsi və sairə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 1i rayonu, Sarabski küçəsi 21 saylı binada olan 38 saylı mənzilin (abunə kodu **********10038) hesablanmış 1941.25 manat borc məbləğinin ona aid olmadığına görə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1i rayonu Sarabski küçəsi 21 saylı binada olan 38 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzil onun tərəfindən 2022-ci ildə alınmışdır. Lakin mənzilinin elektrik enerjisi ilə təchiz olunmasına dair abunə kodunun öz adına keçirilməsi məqsədi ilə müraciət etdikdə müəyyən olunmuşdur ki, həmin kod üzrə 1941,25 manat borc yaranmışdır. Göstərilən borcun ondan əvvəlki dövrdə yaranmasını nəzərə alaraq o, cavabdeh təşkilata borcun silinməsinə dair ərizə ilə müraciət etmiş, lakin aldığı cavab məktubunda ona imtina edilmişdir o əsasla ki, o, alqı-satqıdan qabaq əvvəlki mülkiyyətçidən elektrik enerjisinə dair borcun olmaması barədə arayış tələb etməli idi. Cavabdehin məktubunda göstərilir ki, mənzilinin **********10038 saylı kod üzrə 1941,25 manat borc "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış borcdur. Yəni bu onu göstərir ki, borc mənzil alındıqdan əvvəl yaranmışdır və ona heç bir aidiyyatı yoxdur. Bu halda özgə şəxsin borcuna görə abunə kodunun onun adına rəsmiləşdirilməməsi bir vətəndaş və mülkiyyətçi olaraq hüquqlarını pozur. Bununla yanaşı qeyd etmək lazımdır ki, faktiki olaraq bu borc cavabdehin öz vəzifəsinə səhlənkar yanaşmasından yaranmışdır. Belə ki, vaxtında cavabdeh qanuni qaydada borcun ödənilməsini tələb edə bilərdi. Lakin, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görmədiyi halda onun hüquqlarını pozur. Mənzilin alqı-satqısına dair müqavilə imzalanan zaman notariat orqanlarında keçmiş mülkiyyətçidən elektrik enerjisi ilə bağlı hər hansı sənədin təqdim olunması tələb edilməmişdir. Bu onu göstərir ki, qeyd olunan sənəd olmadan alqı-satqının aparılması tam qanuni olmuşdur. Məktubunda göstərilir ki, qeyd olunan borc tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Belə olan halda borc tələbi tələb edilmədiyi halda abunə kodunun onun adına keçirilməsinə heç bir maneənin olmadığı müəyyən olunur. Cavabdeh təşkilatın ərizəsinə rədd cavabının o səbəbdən də qanusuz hesab edir ki, cavabdeh təşkilat naməlum səbəbdən borcun qanuni qaydada tələb etməkdən yayınır. Belə ki, əgər abunə kodu üzrə borc yaranmışdırsa onun ödənilməsini məhkəmə qaydasında tələb etmək mümkündür. Lakin cavabdeh bu halda sadəcə olaraq hüquqlarını pozmaqla əvvəlki mülkiyyətçindən pulun ödənilməsi üçün ondan vasitə kimi istifadə edir. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i rayonu, Sarabski küçəsi, 21 saylı binada olan 38 saylı mənzilin **********10038 saylı abunə kodu üzrə yaranmış 1941.25 manat borcun ona aid olmadığı, elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin onunla bağlanması və yeni abunə kodunun onun adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, hesablanmış borc iddiaçıya deyil, mənzilin əvvəlki sakini Natiq Talıbova məxsusdur. İddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, X1 adına ünvan 1i rayonu Sarabski küçəsi 21 saylı binada olan 38 saylı mənzil ünvanına **********10038 saylı abunə kodu vardır. İş materiallarında olan iddiaçıya ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçi ondan köçürdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunu olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir. **********10038 saylı kod üzrə abunə vərəqi təhlil olunmuş, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 1941.25 manat məbləğində borcun ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi müəyən edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. **********10038 saylı kod üzrə "xxxx" ASC tərəfindən borcun olmamasına dair arayış verilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin abunə koduna 1941.25 manat borc hesablanmışdır. Həmin borc o, mənzili aldıqdan qabaq hesablanmış borcdur. Bu hal cavabdehin nümayəndisinin məhkəmədə verdiyi izahatında da öz təsdiqini tapmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının ona məxsus olmayan borca görə istehlakçı hüquqları pozulmuşdur. Odur ki, o, cavabdeh qurumla müqavilənin bağlanmaqla onun adına abunə kodunun verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin “ünvan 1i rayonu, Sarabski küçəsi, 21 saylı binada olan 38 saylı mənzilin **********10038 saylı abunə kodu üzrə yaranmış 1941.25 manat borcun ona aid olmadığının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərlə **********10038 saylı abunə kodunun Natiq Talıbovun adına olması müəyyən edildiyindən bu halın məhkəmə tərəfindən təsdiq edilməsinə zərurətinin qalmadığından bu hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalı, "xxxx" ASC tərəfindən ünvan 1i rayonu, Sarabski küçəsi 21 saylı evin 38 saylı mənzilinə yeni abunə kodu verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. "xxxx" ASC tərəfindən ünvan 1i rayonu, Sarabski küçəsi 21 saylı evin 38 saylı mənzilinə yeni abunə kodu verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-4041/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4041/2023
21.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver