Məhkəmə qərarları › İş №2(006)-4047/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4047/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4047/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 2229 saylı mənzilə əsassız yazılmış 1.286,96 AZN (bir min iki yüz səksən altı manat 96 qəpik) borcun qanunsuz hesab edilərək abonent hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən 2229 saylı mənzilə aid elektrik sayğacı ilə bağlı “Elektrik enerjisi uçotu və X1 Qaydaları”na (EEİQ) riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın nəticələri 212811 saylı, 29 mart 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Xüsusilə, əlavə etməyi zəruri hesab edir ki, sözügedən ünvanda quraşdırılmış **********1 seriyalı “HEXN6” markalı elektrik sayğacına baxış və elektrik enerjisi sərfiyyatına görə aktın tərtib edilməsi onun və ya nümayəndəsinin iştirakı olmadan birtərəfli qaydada keçirilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktdan göründüyü kimi, baxış nəticəsində sayğacın dövriyyədən kənarlaşdırıldığı məlum olmuş, sayğacdan çəkilmiş kənar xətt sayğaca daxil olan giriş kabelini zədələyərək birbaşa mənzilə daxil olmuşdur. Nəticədə, kənar xəttin ləğv edilməsi, sayğacın yeni smart kart tipli sayğacla əvəz olunması və çıxarılmış sayğaca rəy verilməsi tələb olunmuşdur. Bəhs olunan akt əsasında tərəfindən istehlak edilməmiş elektrik enerjisi sərfiyyatına görə reallığı əks etdirməyən məbləğ hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş yaşayış yeri haqqında arayışdan göründüyü kimi, o, uzun müddətdir ki, həmin ünvanda yaşamır. Lakin nədənsə tərtib edilmiş aktda 05.03.2021-ci il tarixindən 04.04.2021-ci il tarixinədək istifadə olunan elektrik enerjisi 12,378 kv kimi göstərilmişdir. Bununla da əlavə xəttin hər hansı şəxs tərəfindən çəkildiyi aşkardır. Hal-hazırda yaşadığı ünvanda tərəflərindən istehlak olunan elektrik enerjisinin miqdarına nəzər saldıqda da sözügedən ünvanda yaşamadığı halda bir ay müddətində bu qədər enerji sərfi qeyri-mümkün olduğu aydın görünür. Bu da yuxarıda qeyd edilən miqdarda sərfiyyatın həqiqətdən uzaq olduğu qənaətinə gəlməyə əsas verir. Beləliklə, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə "xxxx" ASC tərəfindən faktiki istehlak etdiyi elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, naməlum şəxsin qanunsuz hərəkətləri nəticəsində əsassız olaraq tərtib olunmuş 212811 saylı, 29 mart 2021-ci il tarixli saylı akt əsasında 1,286.96 AZN (bir min iki yüz səksən altı manat 96 qəpik) sərfiyyat hesablandığından həmin akt əsasında hesablanmış borc qanunsuzdur. Ona görə də hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən əsassız hesablanmış borc məbləği qanunsuz hesab edilərək silinməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək o, cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia qaldırmışdır. Hazırda iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən 1558,37 manat məbləğində borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 29.03.2021-ci il tarixli R 212811 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********01834) elektrik sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılmışdır və sayğacdan kənar xətt var. Belə ki, kənar xətt sayğaca daxil olan giriş kabinetini zədələyərək bir başa mənzilə daxil olmuşdur. Kənar xətdən axan yük tərəflərindən ölçülmüşdür. "xxxx" ASC-nin 05.04.2021-ci il tarixli icra vərəqinin surətindən görünür ki, At yalında (**********01834 abunə kodlu) sayğacdan kənar xətdən istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçıya (cəmi 1266,01 manat borc hesablanması və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Abunə kodu **********01834 olan abunə haqqında sənəddən görünür ki, R 212811 saylı akta əsasən İddiaçı 1558,37 manat əlavə ödəniş hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 29.03.2021ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********01834) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğac sxemindən kənar faza xəttindən istifadə olunduğu aşkar edilmiş, bununla əlaqədar 29.03.2021-ci il tarixli R 212811 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 1558,37 manat əlavə ödəniş hesablanmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı məxsus **********01834 saylı abunə koduna 1558,37 manat məbləğində hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən hesablanmış 1558,37 manat məbləğində borc iddiaçıya məxsus **********01834 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********01834 abunə kodundan 1558,37 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar