Məhkəmə qərarları › İş №2(006)-4055/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4055/2023

18.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4055/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, onun xx.xx.2005-ci il tarixdə anadan olan oğlu X6 anadan gəlmə əlildir. Belə ki, daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Oğlunun xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün o məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Oğlu uşaqlıqdan 1-ci qrupp müddətsiz əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqəüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmirm. Ona baxmaq üçün ərizəçinin yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman onun üzərində qəyum təyin oluna bilər. Əgər qəyum təyin olunarsa, qəyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq. Göstərilənlərə əsasən xx.xx.2005-ci il tarixdə anadan olan oğlu X4 xəstəliyinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü oğlu X6 anadangəlmə əlildir. Oğlu onun himayəsindədir. Onun daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Belə ki, o, öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Özünü saxlamaq qabiliyyətində deyildir. Buna görə də məcbur qalır işləməyərək ona qulluq edir. Oğlu uşaqlıqdan müddətsiz 1-ci qrup sağlamlıq imkanları məhdud şəxsdir. Əgər o, fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınarsa, onun üzərində qəyyum təyin oluna bilərə ki, bununla da, dövlətdən alacağı müavinətlə onun ehtiyaclarını qismən də olsa ödəyə bilər. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2005-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

b) Mülki işin materialları:

8. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1/3625 nömrəli həkim psixiatr komissiyasınıb 3341 nömrəli rəyində gösətrilmişdir ki, X6 müayinədə olmuş və həkim psixiatr komissiyasının rəyinə əsasən “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq qüsuru və dayaq-hərəki aparatının pozuntuları ilə. Anamnezidə qıcolma tutmaları. Kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2023-cü il tarixli, 4923 №-li rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - uşaq yaşlarından nevroloji əlamətlərin və qıcolma tutmalarının qeyd edilməsi, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, 1 saylı X3, 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün primitivliyi, əhvali- ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

12. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

16. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar