Məhkəmə qərarları › İş №2(006)-4064/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4064/2021

27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4064/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı, Müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-in 1 saylı Bakı Ərzai İdarəsi, “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə X4 arasında bağlanmış 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476 N-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 1 saylı Bakı Ərzai İdarəsi tərəfindən yüklülüyün ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı 2014-cü ildə Nikoyl Bankdan kredit götürmüş və iddiaçı və cavabdehə məxsus evi girov qoymuşdur. İddiaçının yoldaşının kimlərləsə problemi olduğuna görə pulu götürüb onlara verib. Həmin şəxslərdən də iddiaçının xəbəri olmayıb. Cavabdeh bankla 25.12.2014-cü il tarixdə 6- SMEG-3-0-2476-14 saylı ipoteka müqaviləsi bağlamış və birgə nikah dövründə əldə etdikləri evlərini girov qoymuşdur. İddiaçının həmin evin girov qoyulmasından xəbəri olmayıb. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 31A-də yerləşən 37 saylı 2 otaqlı mənzili onlar birlikdə almışlar. İddiaçı X4 ilə 10.10.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ev girov qoyularkən notariat kontorunda razılıq ərizəsi verməmişdir. Qeyd olunan mübahisə predmetini birgə nikah dövründə əldə etmişlər. Nikoyl Bank tərəfindən kredit verilərkən evləri girov qoyulmuşdur. Həmin ev girov qoyularkən, yəni 25.12.2014-cü il tarixdə iddiaçı Notariat Kontorunda iştirak etməmişdir. Notariat Kontorunun bu ipoteka müqaviləsini necə rəsmiləşdirməsindən onun da xəbəri yoxdur. Bundan əlavə, onların əldə etdikləri sənədlərdən də onlara məlum olmuşdur ki, evləri dəfələrlə kreditin vaxtı və məbləği dəyişdirilməklə yenidən girov kimi yazılmışdır. 25.05.2015-ci il tarixdə X7 arasında yeni saziş bağlanmış və yenə ipoteka müaviləsi rəsmiləşdirilmişdir. Lakin yenə də ona bu barədə məlumat verilməmişdir. Bundan sonra yenə kreditin müddəti və məbləği dəyişdirilmiş və 25.10.2015-ci tarixdə Ağayev Elminlə yeni saziş bağlanmışdır. Bu sazişləri o məhkəməyə müraciət etməzdən əvvəl əldə etmiş və yeni məlum olmuşdur. Onun bu işdən məlumatı evi satışı ilə bağlı Bankdan 2021-ci ilin may ayında məktub gələndə olmuşdur. o daima Bakı şəhərində mübahisəli evdə yaşamışdır. Bankın və ya hər hansı məhkəmənin məktublarından xəbəri omayıb. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək və 06.07.2021-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-nin 14-cü maddəsi). Həmçinin Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmişlər. Mülki Məcəllənin 337-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə X4 arasında 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476-14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, 25.12.2014-cü il tarixdən 25.12.2017-cı il tarixinədək illik 20 faiz ödənilməsi şərtilə 122386 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». İşin faktiki hallarından göründüyü kimi, 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476-14 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 36 ay müddətinə, yəni 25.12.2014-cü il tarixdən 25.12.2017-ci il tarixinədək müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə 16.05.2021-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına qiymət verib, 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476- 14 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasına 25.06.2014-ci il tarixdən başlandığından iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci 25.06.2015-ci ildə müraciət etməli idi. Belə ki, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı 25 dekabr 2014-cü il tarixli ərizəsi ilə ipoteka müqaviləsinin bağlanmasına razılığını ifadə etmiş və bu, onun imzası ilə və notariat kontoru tərəfindən rəsmiləşdirilmişdir. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı, Müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-in 1 saylı Bakı Ərzai İdarəsi, “ 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476 N-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 1 saylı Bakı Ərzai İdarəsi tərəfindən yüklülüyün ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar