Məhkəmə qərarları › İş №2(006)-4065/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4065/2020

28.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4065/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmək müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmış Cavabdeh MMC-də xadimə işləməyinə dair həmin tarixli əmək müqaviləsinin, sözügedən müqavilənin elektron sistemdə qeydiyyatı üçün əsas olan əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o,pensiyaya çıxmaq üçün sənədlərini Dövlət X2 Masallı rayon şöbəsinə təqdim edərkən məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 102 saylı evin 21 saylı mənzilində qeydiyyatda olan Cavabdeh MMC-də adı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən xadimə kimi qeyd edilmişdir. Halbuki, o,Masallı rayonu, Sərçuvar kəndində yaşamaqla qeyd olunan MMC-də işləməmişdir. Həmin MMC ilə arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Belə olan vəziyyətdə elektron informasiya sistemində adının həmin MMC-də necə qeydiyyata düşməsini bilmir. Həmin hal isə ona pensiya təyin edilməsində maneçilik törədir. Belə ki, adının həmin MMC-də işçi kimi qeyd edilməsinə görə ona pensiya təyin edilmir. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməli olmuşdur. Həmin Xidmətin poçt vasitəsilə ona çatdırılmış xx xxxx 2020-ci il tarixli məktubundan aydın olur ki, yuxarıda adı çəkilən Cəmiyyətdən hər hansı sənədlərin əldə edilməsi və araşdırılması mümkün olmamış və ona əmək müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə cavabdeh nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2020-ci il tarixli iş yerinə dair arayışın surətindən görünür ki, İddiaçı "Cavabdeh" MMC-də əmək müqaviləsi üzrə xadimə vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli, **********6 №-li məktubdan görünür ki, "Cavabdeh” MMC-də İddiaçı hüquqlarının pozulması barədə müraciətə Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmışdır.Müraciətdə qeyd olunan məsələlərə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cəmiyyətin ünvanına tərəflərindən rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir.Eyni zamanda məlum edilik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, №133 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə caxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.Qeyd olunanları nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əməkmünasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü və 324.5-ci maddələrinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (337.1 və 339-cu maddələr). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli əmək müqaviləsinə heç bir aidiyyətinin olmadığını iddia edərək hazırkı iddia tələbləri ilə çıxış etmiş, məhkəmə araşdırması zamanı da onun irəli sürdüyü faktiki hallar öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində iddiaçının "Cavabdeh" MMC-də əmək müqaviləsi üzrə xadimə vəzifəsində çalışdığı göstərilsə də, iddiaçının belə bir müqavilənin bağlanmasında iradə ifadəsinin olmadığı və faktiki olaraq da həmin vəzifədə çalışmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmış Cavabdeh MMC-də xadimə işləməyinə dair həmin tarixli əmək müqaviləsi və həmin müqavilənin elektron sistemdə qeydiyyatı üçün əsas olan əmək müqaviləsi bildirişi etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı xx xxxxxx 2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmış Cavabdeh MMC-də xadimə işləməyinə dair həmin tarixli əmək müqaviləsi və həmin müqavilənin elektron sistemdə qeydiyyatı üçün əsas olan əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar