Məhkəmə qərarları › İş №2(006)-4065/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4065/2025

16.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4065/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ********** nömrəli abunə kodu üzrə tələb edilən 268.25 manat borcun silinməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov r., Azadlıq pr., ev 116, m.46 mülkiyyətçisidir. Həmin mənzil uzun illər ərzində iddiaçının anası Qədirliyeva Rahiləyə məxsus olmuş və 2021-ci il tarixdə anasının vəfat etməsi səbəbilə istifadəsiz qalmışdır. Bu müddət ərzində mənzildə yaşayış olmamış, həm su, həm qaz, həm də elektrik enerjisindən faktiki istifadə edilməmişdir. Bu hal su və qaz sayğaclarının göstəriciləri və aidiyyəti qurumlardan alınmış arayışlarla sübuta yetirilir. 2021-ci il iyul ayında Nərimanov Rayon Elektrik Şəbəkəsinin nəzarətçisi Soltanov İsrail tərəfindən həmin mənzildə guya kənar elektrik qoşulması olması barədə əsassız iddialar irəli sürülmüşdür. Həmin vaxt iddiaçının mənzilinin qapısına 050 ***-**-** telefon nömrəsi yapışdırılmış və onunla təcili görüş tələb olunmuşdur. Görüşə iki nəfər gəmiş, onlar müxtəlif təhdid və hədə-qorxu vasitəsilə iddiaçını qorxutmağa çalışmışlar. Lakin İddiaçı onlara belə vəziyyətdə aktın dərhal tərtib edilməsini və hadisənin araşdırılmasını bildirmişdir. Buna baxmayaraq, Soltanov İsrail sonradan telefon vasaitəsilə əlaqə saxlayaraq aktın heç vaxt yazılmayacağını açıq şəkildə bəyan etmişdir. Bu davranış açıq-aşkar təzyiq və əsassız pul tələb etməyə yönəlmiş hərəkətlər olmuşdur. 2024-cü il yanvar tarixində gecə saat 23:00 radələrində Soltanov İsrail tərəfindən mənzilin işıq sayğacı qanunsuz şəkildə sökülmüşdür. Bu tarixdən etibarən elektrik enerjisindən istifadə edə bilmir. Bu hadisə qonşular tərəfindən müşahidə olunmuş və iddiaçı dərhal 199 Çağrı Mərkəzinə məlumat vermişdir. Ona bildirilib ki, məsələ ilə bağlı mütləq işıq idarəsinə yazılı ərizə təqdim edilməlidir. Nəticədə, 25 yanvar 2024-cü il tarixdə iddiaçı Nərimanov Rayon Elektrik Şəbəkəsinə müraciət edərək ərizə vermiş və vəziyyəti ətraflı izah etmişdir. xx.xx.2024-cü il tarixdə Soltanov İsrail yenidən iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, guya həmin mənzilin elektrik xətti başqa yerə qoşulmuşdur. İddiaçı ona mənzildə heç kimin yaşamadığını, su və qaz sayğaclarının istifadəsiz olduğunu və bunun sübutedici sənədlərlə təsdiqləndiyini izah etmişdir. Buna baxmayaraq, nəzarətçi tərəfindən iddialar davam etdirilmiş, heç bir obyektiv araşdırma aparılmamışdır. Sonrakı dövrdə - 2024-cü ilin noyabr ayında hadisələr təkrarlanmışdır. xx.xx.2024cü ildə iddiaçı həmin ünvana gedərkən işıq sayğacının olmadığını və sayğac qutusunun kilitləndiyini görmüşdür. Mövcud hal video-qeydlərlə öz təsdiqini tapır. İddiaçı ASAN Xidmətdən su və qaz sayğaclarının istifadəsiz olduğunu təsdiqləyən rəsmi sənədləri toplayaraq səlahiyyətli şəxslərə təqdim etmişdir. Bütün bunlara baxmayaraq xx.xx.2025-ci il tarixində iddiaçıya məlum olmuşdur ki, xx.xx.2024-cü ildə guya mənzildə kənar qoşulma ilə bağlı Rİ367328 nömrəli akt tərtib edilmiş və 827 manat 84 qəpik məbləğində cərimə hesablanmışdır. Halbuki, həmin akt hadisədən 1 ay 5 gün sonra yazılmışdır ki, bu da normativ hüquqi tələblərə açıq-aşkar ziddir. Çünki, belə hallar aktın dərhal və hadisə yerində tərtibini tələb edir. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdeh "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişdir. Lakin şikayət tam araşdırılmamış, nəticədə cərimənin məbləği birtərəfli qaydada 268.25 manata endirilmiş və ödənilməsi tələb olunmuşdur. Halbuki, aktın özü mövcud qanunvericiliyə əsasən heç bir hüquqi qüvvəyə malik deyildir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Rİ № 367328 nömrəli aktdan görünür ki, **********160047 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Azadlıq prospekti 116, m. 47 ünvanında yerləşən mənzilin sayğacına baxış keçirən zaman həmin məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt qoşaraq elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Axan yük ölçülmüşdür. Sayğacın smart tipli sayğacla əvəz edilməsi tələb edilmişdir.

7. "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin məlumat informasiya bazasında **********60047 saylı abunə kodu ilə qeydiyyatda olan ünvanda Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və istifadə qaydalarına uyğun olaraq baxış keçirilərkən qanunsuz olaraq sayğacdan kənar elektrik enerjisindən istifadə halı aşkarlanaraq kənar xətt ləğv olunmuşdur. xx.xx.2024-cü il tarixli Rİ367328 nömrəli akt tərtib edilərək akta əsasən istifadə olunmuş elektrik enerjisinin miqdarına uyğun zərər məbləği hesablanmışdır. Sonradan iddiaçının müraciəti əsasında akta yenidən baxılaraq 5088 kvts (559,68 manat) azaldılaraq dürüstləşmə aparılmışdır. Hazırda abunə kodunda elektrik enerjisinin istehlakına görə 268,25 manat borc var və bu borcun ödənilməsi zəruridir. Yaşadığı evdə elektrik enerjisindən istifadəyə görə yaranmış borc və şəbəkəyə qanunsuz qoşulmaya görə hesablanmış məbəğin ödənilməsi barədə əraziyə xidmət göstərən əməkdaş tərəfindən ünvana şifahi və yazılı formada xəbərdarlıq olunmuşdur. Ödənişlər təmin olunmadığı təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi diqqətinə çatdırlmışdır. "xxxx" ASC-nin əməkdaşları üzərinə düşən vəzifələrini yerinə yetirmiş, hər hansı qanunsuz tələb irəli sürməmişdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

9. Abunə haqqında sənəddən görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzrə (abunə kodu: **********60047) 268,25 manat borc yaranmışdır.

10. "xxxx" ASC-nin MXİ 0258-Ə nömrəli xx.xx.2025-ci il tarixli Razılaşma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixli Rİ 367328 saylı aktla verilmiş 6653 kvts (822,89 manat) enerji sərfiyyatı ilə əlaqədar müraciətə baxılmış, ödəniləcək məbləğ 265 manat müəyyən edilmişdir.

11. Mülki iş materiallarına iddiaçı tərəfindən "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025, xx.xx.2025-ci il tarixli şikayətlər, hesab fakturalar və 1 ədəd CD disk və s. sənədlər əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən iddiaçı X3 məxsus mənzilə quraşdırılmış sayğacdan (abonent kodu: **********60047) kənar xətt çəkilməsi – elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edilməsi əsası ilə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə Rİ № 367328 nömrəli akt tərtib edilərək, abonent koduna 827,84 manat məbləğlərində cərimə yazılmışdır. Daha sonra iddiaçı şikayət etmiş və akta yenidən baxılaraq 559,68 manat azaldılmış və dürüstləşmə aparılmışdır. İddiaçının abunə kodunda 268,25 manat borc müəyyən edilmişdir.

13. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf iddianı qəbul etməmiş, iddiaçının sayğacdan kənar xətt çəkməsi hallarının aşkar edilməsinə görə cərimənin əsaslı yazıldığını, lakin iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqana müraciət etmədiklərini bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, qanunvericiliyin tələbinə əsasən, iddiaçıya məxsus mənzilin sayğacından kənar xətt çəkilməsi – iddiaçının elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi halda, cavabdeh tərəf bu fakt barəsində akt tərtib edərək, aktın bir nüsxəsini iddiaçının müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi üçün X1 Agentliyinə və ya onun əməlində cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim etməli olsa da, akt tərtib etməsinə baxmayaraq, bir nüsxəsini müvafiq orqana təqdim etməməklə bu vəzifəsini yerinə yetirməmişdir.

16. Halbuki, qanunun tələbinə görə, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması yalnız həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda, cavabdeh bununla bağlı cəriməni (zərəri) iddiaçıdan tələb edə bilərdi. Lakin hazırkı işin materiallarından görünür ki, iddiaçının təqsirli olması müvafiq qaydada sübuta yetirilmədiyi halda, cavabdeh tərəf mübahisələndirilən aktlar üzrə hesablanmış cərimə məbləğlərini ona məxsus abonent koduna yazmaqla, iddiaçıdan həmin borcların ödənilməsini tələb edir.

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübutetmə yükü cavabdehin üzərində olsa da, elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma – elektrik enerjisini talama faktında iddiaçının təqsirinin müəyyən edilməsinə dair qanunvericiliklə dəqiq müəyyən edilmiş müvafiq mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

18. Çünki, müvafiq sayğac iddiaçının mənzilindən kənarda yerləşdiyindən, qanunun tələbinə əsasən, ona edilmiş müdaxiləyə görə enerjitəchizatı müəssisəsi, yəni cavabdeh məsuliyyət daşıyır. Bu prezumpsiyanın əksini iddia sübut etmək yükü isə cavabdehin üzərindədir. Lakin göründüyü kimi, cavabdeh iddiaçının təqsirinin olub-olmamasının müvafiq orqanlar tərəfindən müəyyən edilməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, aktlara əsasən hesablanmış cərimə məbləğlərini iddiaçıdan tələb etmək üçün zəruri olan mötəbər sübutu əldə etməmişdir.

19. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus abonent kodunda elektrik enerjisinin istehlakına görə ümumilikdə 268,25 manat borcun olduğu görünsə də, məhkəmə abunə haqqında sənədə əsasən müəyyən edir ki, sayğacdan kənar istifadəyə görə (akta əsasən) 27+747,89+48-559,68=263,21 manat borc mövcuddur. Deməli, iddiaçının bütün borcu deyil, sayğacdan kənar istifadəyə görə müəyyən edilmiş borc silinməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia borcun silinməsi hissəsində qismən, yəni 263,21 manat məbləğində təmin edilməlidir, qalan hissədə isə təmin edilməməlidir.

20. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən mənzilə müvafiq borc məbləğinə görə elektrik enerjisinin verilişi dayandırılmışdır. Həmin borc məbləği silinməli olduğundan, həmçinin əsassız və qanunsuz yazıldığından mənzilə elektrik enerjisinin verilməsi də bərpa edilməlidir.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, № Rİ 367328 nömrəli akt üzrə yazılmış 263,21 (iki yüz altmış üç manat iyirmi bir qəpik) manat məbləğində borc **********60047 nömrəli abunə hesabından silinməli və ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilə elekrik enejisinin verilməsi bərpa edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 6.4-cü bənd. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.6-cı bənd. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

24. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

28. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

31. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməi, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, № Rİ 367328 nömrəli akt üzrə yazılmış 263,21 manat məbləğində borc **********60047 nömrəli abunə hesabından silinməli və ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilə elekrik enejisinin verilməsi bərpa edilməlidir, iddia qalan hissədə isə təmin edilməməlidir.

32. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasından aslı olmayaraq məhkəmə həmin xərclərinin bölüşdürülməsini də həll edir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

33. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, № Rİ 367328 nömrəli akt üzrə yazılmış 263,21 (iki yüz altmış üç manat iyirmi bir qəpik) manat məbləğində borc **********60047 nömrəli abunə hesabından silinsin və ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilə elekrik enejisinin verilməsi bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar