Məhkəmə qərarları › İş №2(006)-4082/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4082/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4082/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onlara vurulan ******* (dörd milyon) manat zərərin, hüquqlarının pozulduğu üçün Cavabdeh tərəfindən vurduğu zərər nəticəsində 400000 (dörd yüz min) manat əldən çıxan faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Digər İddiaçı3 və Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazmi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən İddiaçı3 və Cavabdeh iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçıların izahatını dinləyib hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki-Prosessual Məcəllənin 26-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC (təsisçiləri: İddiaçı1 (30%), İddiaçı2 (30%), İddiaçı3 (30%), və X1 (10%) (VÖEN: **********) Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh VÖEN (**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 təsisçisi olduqları “xxxx” MMC (alıcı) ilə Cavabdeh (satıcı) arasında bağlanmış 12.12.2000-ci il tarixli hüquqların alqısatqısına dair müqavilədən görünür ki, satıcı ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu 3004-cü məhəllədə yerləşən 0,19 ha torpaq sahəsi üzərində olan daimi istifadə hüquqlarını alıcıya satmağı, torpaq sahəsi üzərində olan daimi istifadə hüquqlarını 25000 (iyirmi beş min) ABŞ dollarının Azərbaycan Respublikası manatına məzənnəsi miqdarında pul vəsaitinə satmağı, alıcı isə həmin qiymətə bu hüquqları almağı, qeyd edilən pul vəsaitini müqavilə bağlandıqdan sonra satıcıya nağd qaydada ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırmaları zamanı iddiaçıların verdikləri izahatlardan və işin materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olur, müqavilənin predmetini isə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı torpaq sahəsi üzərində olan daimi istifadə hüquqlarını alqı-satıqısı təşkil edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 2-185/2-51 saylı 04.02.2008-ci il tarixli qərardadından görünür ki, tərəflər arasında “xxxx” MMC-yə məxsus olan və Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon bazarının yaxınlığında 2 saylı çəmaşırxananın həyətində, A.Mustafayev küçəsi, 3014-cü məhəllədə yerləşən 1,2,3-cü anbar kimi işlədilən və digər qeyri-yaşayış sahələri, onların yerləşdiyi torpaq sahəsinin cavabdeh özünün vəsaiti hesabına 4.000.000 ABŞ dollarının manata məzənnəsi miqdarında pul vəsaitindən az olmayan bir qiymətə satılması üçün alıcı tapmağı öhdəsinə götürür. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçılar Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 2-185/2-51 saylı 04.02.2008-ci il tarixli qərardadına əsasən 04.02.2008-ci il tarixli barışıq sazişi üzrə nəzərdə tutulmuş öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində onlara dəymiş zərərin və əldən çıxmış faydanın ödənilməsini mübahisələndirmişlər. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən predmetin əsasını Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 2-185/2-51 saylı 04.02.2008-ci il tarixli qərarında qeyd edilən barışıq sazişi ilə nəzərdə tutulan öhdəliklərin icra edilməməsi təşkil edir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 təsisçisi olduqları “xxxx” MMC (VÖEN: **********) hüquqi şəxs, Cavabdeh (VÖEN: **********) fərdi sahibkar statusuna malik olmaqla, vergi uçotuna alınmışdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Qərarın 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə kommersiya mübahisəsinin subyektlərinin dairəsi kimi kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla) və fərdi sahibkarlar da qeyd edilmişdir. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar