Məhkəmə qərarları › İş №2(006)-409/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-409/2021

01.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-409/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlunun, onun və İddiaçı (eyni zamanda Ş.Q.Bayramovun nümayəndəsi) vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi"nə; eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlunun cavabdeh "xxxx" ASC-yə "aktın etibarsız hesab edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxx 2018-ci il tarixdə tərtib edilmiş 019573 saylı aktına əsasən itirilmiş enerjinin dəyərinə görə iddiaçıya 8294,40 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 019573 saylı, xx.xx.2018-ci il tarixli aktı və hesablanmış borcu əsassızdır. Aktda iddiaçının soyadı səhvən Nəsibov əvəzinə Süleymanov yazılmışdır. Bundan əlavə, həmin aktda qeyd olunan ferma iddiaçıya məxsus deyil, həmin ferma iddiaçının bildiyinə görə, Bayramov Şövqi Qənbər oğluna məxsus olmuşdur. Cavabdeh aktda qeyd edir ki, Şəmkir rayonu Sarıtəpə kəndində fermada, qeydiyyatda olmayan və yeni qazılmış subartezian quyusunu, guya, şəbəkəyə qoşulması aşkar edilmişdir. Bununla bağlı cavabdeh Şəmkir rayon prokurorluğuna müraciət edərək, guya, subartezianın istifadəsi ilə bağlı cavabdeh təşkilata 8294,4 manat ziyan dəymişdir. Belə ki, işin həqiqi halları ondan ibarət olmuşdur ki, Şəmkir rayonu Sarıtəpə kəndində Bayramov Şövqi və iddiaçının həyat yoldaşı İncə Bayramovaya məxsus torpaq sahəsində ferma inşa edib orada mal-qara saxlamaq qərarına gəlmişlər. 2017-ci ilin noyabr ayında torpaq sahəsində yerləşən işlək vəziyyətdə olmayan subartezian quyusunu yenidən bərpa etmək etdikdən sonra suvarma aparılması ilə bağlı istismara yararlı olmasını yoxlamaq məqsədi ilə qeydiyyatda olmayan iddiaçıya məxsus transformator məntəqəsini müvəqqəti olaraq bir neçə saat müddətinə şəbəkənin sahə ustası Əbülfəz İsmayılov tərəfindən 10 kv-luq subartezian- Sarıtəpə hava xəttinə qoşulmuş, buna baxmayaraq, quyu yararsız olduğundan çökmüş və onu işlətmək mümkün olmamışdır. Bundan sonra, “xxxx” MMC ilə razılaşdıraraq şirkətin işçiləri tərəfindən transformator məntəqəsindən bir az aralı yeni subartezian quyusu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə saat 12 radələrində iddiaçıya təhvil verilmişdir. İddiaçı bundan sonra həmin transformatoru işə salmağa cəhd göstərdi, lakin quyu yeni qazıldığı üçün həmin gün palçıqlı su gəldiyindən bir neçə saat sonra nasosun pərləri sıradan çıxdığı üçün Subartezian quyularının istismarı İdarəsində çilingər işləyən Bayram Quliyev tərəfindən təmir edilməklə yenidən işlək vəziyətə gətirilmişdir. Növbəti günü, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən orada yoxlama aparılmış və sözügedən akt tərtib edilərək, 8294,4 manat cərimə hesablanmışdır. Tərtib edilmiş aktdan görünür ki, su nasosunun ümumi gücü 32 kv olmaqla gün ərzində 12 saat işləmə müddəti və 240 gün hesabatı aparılmaqla əsassız olaraq 8294,4 manat cərimə yazılmışdır. Yuxarıda qeyd olunduğu kimi, yeni qurulmuş su nasosunun yararlılıq vəziyyətini yoxlamaq üçün xx.xx.2018-ci il tarixdə cəmi bir neçə saat işlədilmişdir. Bu fakt prokurorluq tərəfindən aparılmış yoxlama zamanı da təsdiq edilmişdir. Belə ki, Şəmkir rayon prokurorluğunda araşdırma aparılaraq iddiaçı haqqında cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “subartezian quyusunun qazıntısı xx xxx 2018-ci il tarixdən başlamaqla xx xxx 2018-ci il tarixdə günorta saatlarında təhvil verilmişdir. Bu isə tərtib edilmiş 019573 saylı aktın hesabatında göstərilən su nasosunun 240 gün müddətində hər gün üçün 12 saat işləməsini birmənalı şəkildə istisna etməklə, həmin müddətdə işləməsi təsdiqini tapmamışdır. Ona görə də, Bayramov Şövqi Qənbər oğlunun ona məxsus transformator məntəqəsinin 10 kv-luq Subartezian-Sarıtəpə hava xəttinə cəmi bir gün müddətində qoşulmaqla 8294,4 manat dəyərində elektrik enerjisinin talanması faktı təsdiqini tapmadığından və əməlində CM-nin 189-1.1-ci maddəsinin tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir.” Araşdırma materiallarından da göründüyü kimi, cavabdehin tərtib etdiyi akt və bunun nəticəsində hesablanmış ziyan əsassızdır və qanunauyğun deyildir. Yuxarıda qeyd olunan xüsusatlar, prokurorluq araşdırılması zamanı cavabdeh təşkilatının əməkdaşları, o, cümlədən Şəmkir Elektrik şəbəkəsinin balans-uçot şöbəsinin rəisi Elçin Dəmirov, Emil Sadıqov, Samir Əmiraslanov və digərləri verdiyi izahatları ilə təsdiq etmişlər. Hal-hazırda cavabdeh aktı əsas tutaraq, iddiaçının istifadəsində olan fermaya gələn işıq xəttini kəsmişdir. Qış fəsli ilə əlaqədar olaraq, mal-qara yaylaqdan qayıdıb, qışı keçirtmək üçün fermaya yerləşdirilmişdir. Lakin işıq olmadığından, bu soyuq havalarda fermanı isitmək mümkün olmamışdır, bu səbəbdən də, malqaranın bir neçəsi xəstələnib, ölümcül vəziyyətə düşmüşlər. Bunun nəticəsində iddiaçının əmlakına müəyyən dərəcədə ziyan vurulmaqdadır. İddiaçı xx.xx.2018-ci il tarixli, R № 019573 nömrəli «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın tərtib edilməsindən xəbərsiz olmuş və aktın surətini almamışdır. Göstərilənlərə əsasən «xxxx» ASC Şəmkir EŞ üzrə tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, R 019573 nömrəli aktın etibarsız hesab edilməsi və 8294,4 manat məbləğində hesablanmış borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlu cavabdeh "xxxx" ASC-yə "aktın etibarsız hesab edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxx 2018-ci il tarixdə tərtib edilmiş 019573 saylı aktına əsasən itirilmiş enerjinin dəyərinə görə iddiaçıya 8294,40 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 019573 saylı, xx.xx.2018-ci il tarixli akt və hesablanmış borc əsassızdır. Aktda iddiaçının soyadı Nəsibov əvəzinə Süleymanov yazılmışdır. Bundan əlavə, həmin aktda qeyd olunan ferma Ş.Bayramova məxsusdur. Ş.Bayramov ferması üçün elektrik qayğacı quraşdırmaq istəyərkən, cavabdeh tərəfindən ona bildirilmişdir ki, sayğacın qeydiyyatı Şəmkir rayonunda olan şəxsin adına yazdırmaq olar, Ş.Bayramovun isə qeydiyyatı Bakı şəhəri olduğu üçün, tanışı İddiaçı adını verdi və sayğacı onun adına yazdılar. Cavabdeh aktda qeyd edir ki, Şəmkir rayonu Sarıtəpə kəndində fermada, qeydiyyatda olmayan və yeni qazılmış subartezian quyusunu, guya, şəbəkəyə qoşulması aşkar edilmişdir. Bununla bağlı cavabdeh Şəmkir rayon prokurorluğuna müraciət edərək, guya, subartezianın istifadəsi ilə bağlı cavabdeh təşkilata 8294,4 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktı əsassız və qanunauyğun olmayandır. Belə ki, işin həqiqi halları ondan ibarət olmuşdur ki, Şəmkir rayonu Sarıtəpə kəndində Ş.Bayramov və həyat yoldaşı İncə Bayramovaya məxsus torpaq sahəsində ferma inşa edib orada mal- qara saxlamaq qərarına gəlmişlər. 2017-ci ilin noyabr ayında torpaq sahəsində yerləşən işlək vəziyyətdə olmayan subartezian quyusunu yenidən bərpa etdikdən sonra suvarma aparılması ilə bağlı istismara yararlı olmasını yoxlamaq məqsədi ilə Ş.Bayramova məxsus transformator məntəqəsini müvəqqəti olaraq bir neçə saat müddətinə şəbəkənin sahə ustası Əbülfəz İsmayılov tərəfindən 10 kv-luq subartezian- Sarıtəpə hava xəttinə qoşulmuş, buna baxmayaraq, quyu yararsız olduğundan çökmüş və onu işlətmək mümkün olmamışdır. Bundan sonra “xxxx” MMC ilə razılaşdıraraq şirkətin işçiləri tərəfindən transformator məntəqəsindən bir az aralı yeni subartezian quyusu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə saat 12 radələrində ona təhvil verilmişdir. Bundan sonra həmin transformatoru işə salmağa cəhd göstərdi, lakin quyu yeni qazıldığı üçün həmin gün palçıqlı su gəldiyindən bir neçə saat sonra nasosun pərləri sıradan çıxdığı üçün Subartezian quyularının istismarı İdarəsində şilingər işləyən Bayram Quliyev tərəfindən təmir edilməklə yenidən işlək vəziyətə gətirilmişdir. Növbəti günü, yəni xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən orada yoxlama aparılmış və sözügedən akt tərtib edilərək, 8294,4 manat cərimə hesablanmışdır. Tərtib edilmiş aktdan görünür ki, su nasosunun ümumi gücü 32 kv olmaqla gün ərzində 12 saat işləmə müddəti və 240 gün hesabatı aparılmaqla əsassız olaraq 8294,4 manat cərimə yazılmışdır. Yuxarıda qeyd olunduğu kimi, yeni qurulmuş su nasosunun yararlılıq vəziyyətini yoxlamaq üçün xx.xx.2018-ci il tarixdə cəmi bir neçə saat işlədilmişdir. Bu fakt prokurorluq tərəfindən aparılmış yoxlama zamanı da təsdiq edilmişdir. Belə ki, Şəmkir rayon prokurorluğunda araşdırma aparılaraq Ş.Bayramov haqqında cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “subartezian quyusunun qazıntısı xx xxx 2018-ci il tarixdən başlamaqla xx xxx 2018-ci il tarixdə günorta saatlarında təhvil verilmişdir.Bu isə tərtib edilmiş 019573 saylı aktın hesabatında göstərilən su nasosunun 240 gün müddətində hər gün üçün 12 saat işləməsini birmənalı şəkildə istisna etməklə, həmin müddətdə işləməsi təsdiqini tapmamışdır. Ona görə də, Ş.Bayramova məxsus transformator məntəqəsinin 10 kv-luq Subartezian-Sarıtəpə hava xəttinə cəmi bir gün müddətində qoşulmaqla 8294,4 manat dəyərində elektrik enerjisinin talanması faktı təsdiqini tapmadığından və əməlində CM-nin 189-1.1-ci maddəsinin tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir.” Araşdırma materiallarından da göründüyü kimi, cavabdehin tərtib etdiyi akt və bunun nəticəsində hesablanmış ziyan əsassızdır və qanunauyğun deyildir. Hal-hazırda cavabdeh aktı əsas tutaraq, Ş.Bayramovun istifadəsində olan fermaya gələn işıq xəttini kəsmişdir. Qış fəsli ilə əlaqədar olaraq, mal-qara yaylaqdan qayıdıb, qışı keçirtmək üçün fermaya yerləşdirilmişdir. Lakin işıq olmadığından, bu soyuq havalarda fermanı isitmək mümkün olmamışdır, bu səbəbdən də, malqaranın bir neçəsi xəstələnib, ölümcül vəziyyətə düşmüşlər. Bunun nəticəsində Ş.Bayramovun əmlakına müəyyən dərəcədə ziyan vurulmaqdadır. xx.xx.2018-ci il tarixli, AKT R 019573 nömrəli «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın tərtib edilməsindən nə Ş.Bayramov, nə də ki, iddiaçı xəbərsiz olmuşlar. Göstərilənlərə əsasən «xxxx» ASC Şəmkir EŞ üzrə tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, R № 019573 nömrəli aktın etibarsız hesab edilməsi və 8294,4 manat məbləğində hesablanmış borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlu, onun və İddiaçı (eyni zamanda Ş.Q.Bayramovun nümayəndəsi) vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlunun iddia ərizəsi təmin edilməlidir. «xxxx» ASC-nin R № 019573 saylı, xx xxx 2018-ci il tarixli aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən fermaya baxış keçirən zaman məlum olmuşdur ki, həmin fermaya məxsus ərazidə qeyri-qanuni subartezian quyusu şəbəkəyə qoşulub işlədilmişdir. «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Etibar Süleymanova məxsus Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən fermaya dair cəmi 8938,26 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, R № 019573 saylı, xx xxx 2018-ci il tarixli akta əsasən 8294,40 manat borc hesablanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan R № 019573 saylı, xx xxx 2018-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən şəbəkəyə hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən elektrik şəbəkəsində pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Göründüyü kimi «xxxx» ASC tərəfindən tərtib edilmiş R № 019573 saylı, xx xxx 2020-ci il aktdan görünür ki, hal şahidləri tərəfindən həmin akt imzalanmamışdır. Bundan əlavə, R № 019573 saylı, xx xxx 2020-ci il aktda İddiaçı soyadı səhvən Süleymanov kimi qeyd edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlunun iddia ərizəsi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş R № 019573 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 8294,4 (səkkiz min iki yüz doxsan dörd manat, qırx qəpik) manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramov Şövqi Qənbər oğlunun iddia ərizəsi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş R № 019573 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 8294,4 (səkkiz min iki yüz doxsan dörd manat, qırx qəpik) manat məbləğində cərimə borcu silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar