Məhkəmə qərarları › İş №2(006)-41/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-41/2023

25.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-41/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məcidov X3 İlham Kamil oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli, 1612/04 saylı zaminlik müqaviləsinin hüquqi əhəmiyyətinin itirilməsi, onun etibarsız hesab edilməsi və ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 24 dekabr 2014-cü il tarixli, 1612/014 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin predmeti kreditorla borcalan arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli, 1612/2014 saylı kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində 24 dekabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşımaq olmuşdur. Zaminliklə təmin edilmiş öhdəliyin son müddəti isə 24 dekabr 2017-ci il tarixinə kimi müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 ASC ilə onun arasında 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin ləğv edilməsini bankdan xahiş etmiş, bank tərəfindən xahişin nəzərə alınacağı bildirilmişdir. Buna baxmayaraq, zaminliklə təmin edilmiş öhdəliyin son icra müddəti 24 dekabr 2017-ci il tarixində bitdikdən neçə illər sonra Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qanunsuz və əsassız olaraq İddiaçı tələb edir. Qanunverciliyin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının başa çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəmə iclasında nümayəndələrin iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, M.Seyidov küçəsi, ev 18 A, mənzil 98 qeyd edilmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, 24 dekabr 2014-cü il tarixli, 1612/014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən 4000 (dörd min) manat məbləğində Əfşani Pərviz Fazil oğluna kredit verilmiş, borcun təminatı olaraq İddiaçı və X2 xx.xx.2014-cü il tarixli, 1612/014 saylı zaminlik müqaviləsi bağlanmış, zaminlər borcalanın öhdəliklərinin tam olaraq yerinə yetirilməsi üçün borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Lakin, Əfşani Pərviz Fazil oğlu kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1247/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Əfşani Pərviz Fazil oğlundan, X1 və İddiaçı müştərək qaydada 3462,87 manat əsas, 2865,96 manat faiz, 240 manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz, 100 manat dəbbə pulu olmaqla, cəmi 6668,83 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsinin əvəzinin tutularaq, ləğv prosesində olan Texnikabank” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9756/2021 saylı qətnaməsinə əsasən verilmiş apellyasiya şikayəti - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən - iddia tələbinin zamin İddiaçı münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunması və iddianın İddiaçı münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunması qət edilmişdir. Kassasiya instansiya məhkəməsinin 2(102)-1247/2022 saylı, xx.xx.2022 tarixli qərarına əsasən iddiaçı ləğv prosesində olan ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9756/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “zaminlik müqaviləsinin etibarsızlığı və s.” tələbinə dair hazırki iş üzrə cavabdehlərdən LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu daha əvvəl məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun Əfşani Pərviz Fazil oğlundan, X1 və hazırda etibarsız hesab edilməsi tələb edilən zaminlik müqaviləsi üzrə İddiaçı “kredit borcunun ödənilməsi” tələbinə yönəldilməsinə dair iddia irəli sürmüşdür. Qeyd edilən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Əfşani Pərviz Fazil oğlundan, X1 və İddiaçı müştərək qaydada 3462,87 manat əsas, 2865,96 manat faiz, 240 manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz, 100 manat dəbbə pulu olmaqla, cəmi 6668,83 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsinin əvəzinin tutularaq, ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9756/2021 saylı qətnaməsinə əsasən 2(004)- 1099/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin iddia tələbinin zamin İddiaçı münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunması və iddianın İddiaçı münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunması qət edilmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmənin 2(102)-1247/2022 saylı, xx.xx.2022 tarixli qərarına əsasən həmin şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9756/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əsasən göründüyü kimi, hazırda İddiaçı məhkəməyə müraciət etməklə Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 1612/014 saylı zaminlik müqaviləsinin hüquqi əhəmiyyətinin itirilməsini, onun etibarsız hesab edilməsi və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, 24 dekabr 2014-cü il tarixli, 1612/014 saylı kredit müqaviləsi üzrə Əfşani Pərviz Fazil oğlundan, həmin müqavilə əsasında bağlanmış 24 dekabr 2014-cü il tarixli, 1612/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı və X1 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilələrin etibarlılığı artıq yoxlanılmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilən 24 dekabr 2014-cü il tarixli, 1612/014 saylı zaminlik müqaviləsi 24 dekabr 2014-cü il tarixli, 1612/04 saylı kredit müqaviləsi üzrə kredit alan Əfşani Pərviz Fazil oğluna Cavabdeh1 ASC tərəfindən verilmiş kreditin təminatı, yəni əsas öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi səbəbindən hazırki iş üzrə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Əfşani Pərviz Fazil oğlundan, X1 və İddiaçı müştərək qaydada pulun tutulması qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddia tələbinin zamin İddiaçı münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunması və iddianın İddiaçı münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunması qət edilmiş, Ali Məhkəmənin müvafiq qərarına əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, borcun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olubolmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ipoteka müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin Qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, zamin İddiaçı münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunması və iddianın İddiaçı münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar