Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-410/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili X6, 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 23 noyabr 2017-ci ildə cavabdehlərin “Təşkil etdikləri” alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması, bankdan götürülmüş vəsaitin 10000 manatı ona aid olmaqla yerdə qalan məbləğinin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı cavabdehlərin ona qarşı dələduzluq hərəkətləri etmələri barədə şikayət ərizəsi ilə müraciət etmişdir. 2017-ci ilin noyabr aynda Aytən adlı qadın ilə köhnə Olimp mağazasının yanında olan notariusda rəsmi müqavilə bağlayaraq evinin çıxarışını girov qoyaraq Aytən adlı qadından 10000 manat pul almışdır ki, başqa şəxslərə olan borcunu qaytarsın. Həmin pul ilə bağlı öhdəlik götürmüşdür ki, 6 ay müddətinə Aytənin 10000 manat pulunu qaytaracaqdır. İddiaçı pulu ödəyə bilmədiyi üçün üzərindən 4 ay keçdikdən sonra tanış olduğu Araz adlı şəxs iddiaçını İradə adlı xanımla tanış etmişdir ki, həmin İradə az faiz ödəməklə kreditə bankdan pul çıxara bilər və bir neçə gündən sonra İradə adlı qadınla tanış etmişdir. Daha sonra, İradə və onun tanışı Mirtalıbla tanış olmuş, onlar iddiaçıya kredit götürməyə köməklik etmələrini və əvvəlki şəxsdən götürdüyü 10000 manat krediti bağlayacaqlarını bildirmişdilər və 10650 manat pul vəsaitini Aytən xanıma ödəyərək evin sənədlərini ondan almışdılar ki, banka girov qoyaraq pul götürsünlər. Bir neçə gündən sonra iddiaçını Elmlər Akademiyası parkına çağırmışlar və orada adını sonradan bildiyi X11, İradə, Mirtalıb və ora sonradan gələn Eyyub adlı şəxslər var idi. Daha sonra tanımadığı bir qadın da ora gəlmiş, İradə iddiaçıya bildirmişdir ki, onlar iddiaçıya köməklik edəcəklər ki, bankdan kredit götürüb 10650 manat onlara olan borcunu qaytara bilsin. Belə ki, Şüvəlan qəsəbəsində olan evin çıxarışını banka kreditə qoyub pul götürəcəklər, lakin, pulun 16 faizi onlara çatacaqdır. İddiaçı razılaşmış və onlar hamısı Mirtalıbın avtomaşınında köhnə Olimp mağazasının yanında olan notariusa 22 noyabr 2017-ci il tarixdə gəlmişlər. Orada onları bank işçisi Əliyev Rövşən gözləyirdi, onlar ora çatmağı ilə sənədlərə imza edib çıxmaqları bir neçə dəqiqə çəkmiş və oradan Elmlər Akademiyası parkının yaxınlığındakı “xxxx”-a gəlmişlər. Onlar avtomobildə oturmuşlar və həmin adını bilmədiyi qadın iddiaçı ilə banka girmiş, o, kassadan pulu alıb maşına gəlmişdir. Həmin qadın “xxxx”-ın qarşısında, maşının içərisində pulla dolu paketi İradəyə vermiş, oradan 94604 manatın, 44000 manatını Eyyub və həmin tanımadığı qadına vermiş və onlar çıxıb getmişlər. Sonra isə iddiaçı İradə və Mirtalıbla birlikdə Yasamal rayonu, H.Cavid adına olan parkda çay evində oturmuşlar ki, haqq-hesab edilsin. İradə ağ vərəqdə qeydiyyat apararaq kimə nə qədər verməli olduğunu yazmışdır. Sonra İradə borcu olan 10650 manatı iddiaçıya vermişdir. İddiaçı niyə ona az pul verməyini soruşanda İradə bildirmişdir ki, indi belə alındı. İddiaçı dedi ki, axı onlar 16 faizdən çox pul götürdülər, onda İradə iddiaçıya Cavabdeh2 1 aydan sonra təqaüdə çıxaracaqlarını və həmin kreditin ona da 50 faiz olacağı, yəni yarı faiz olacağını bildirmişdir. İddiaçı onlarla razılaşmadığından onlar iddiaçıya bildirmişlər ki, bir ay müddətində həmin hərbiçi təqaüdə çıxacaq, dövlət ona güzəşt etdiyindən, ona etibarnamə verəcəklər, onun banka olan borcu 25000 manat olacaqdır və pulu banka Ədalət ödəyəcəkdir. İddiaçı onların yanından çıxıb evə gəldikdən sonra bankın çıxarışına baxanda orada banka olan borcu Cavabdeh2 adının qeyd edildiyini görmüş, ondan sonra bütün sənədlərə baxanda iddiaçıya aydın olmuşdur ki, sənədlərə baxmamış qol çəkərək Şüvəlanda olan evini Cavabdeh2 adına keçirmiş, Ədalət də həmin evi banka girov qoyaraq pul götürmüşdür. Ədalət hal-hazırda iddiaçını evindən çıxarmaq üçün Xəzər Rayon Məhkəməsinə vermişdir. Onda iddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birlikdə onlar tərəfindən iddiaçıya qarşı dələduzluq edildiyini başa düşərək şikayət etmişdir. Cavabdehlərin iddiaçını aldadaraq yeganə yaşayış sahəsi olan yuxarıda göstərilən ünvandakı yaşayış evinin əlindən alınması ilə nəticələnən əqdi “Təşkil” etdikləri barədə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin müraciətlərin uzun-uzadı araşdırmaları və bu araşdırmaların birində yazıldığı kimi əqdin etibarsızlığı barədə məhkəməyə müraciət edə biləcəyi tövsiyə olunurdu. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X10 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bundan başqa iddia müddətinin tətbiqi haqqında ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı şər-böhtan, hüquqi əsasları olmadan ərizəni tərtib etməklə, nəzərə almamışdır ki, həmin məbləğ sənədləşdirmə aparılarkən qanuni şəkildə əmlak (ev) Banka girov qoyularaq iddiaçı tərəfindən həmin pul vəsaiti tam şəkildə götürülmüşdür. Ona görə ki, iddiaçı ilə onun tanışlığı Araz adlı makler vasitəsilə olmuşdur. İddiaçı onlarla görüşərək bildirdi ki, onun evi Aytən adlı xanımda 15000 manat məbləğində girovdadır və bu girovdan evin çıxarılmasını onlardan xahiş etmişdir və bununla əlaqədar onlar müxtəlif qanuni yollarla iddiaçıya köməklik etmişlər, sadəcə olaraq iddiaçı öz ailəsində böyük maddi problemləri olduğundan cavabdehləri məhkəməyə vermişdir. Ona görə Cavabdeh3 21 oktyabr 2017-ci il tarixdə notariusda təsdiq edilmiş borc müqaviləsi əsasında iddiaçıya 15000 manat pul vəsaitini vermişdir. Pulun geri qaytarılmasında çətinlik çəkdikdə iddiaçı onlara təklif etdi ki, onun evini ipoteka ilə yüklü edib, ona olan borcu götürməyini, qalan hissəni isə ipoteka krediti olaraq özünün ödəyəcəyini bildirdi. Evi ipotekaya salmaq üçün iddiaçının rəsmi iş yeri olmadığından, iddiaçı onlara təkid etdi ki, onlar hərbiçi tapsınlar və ipotekanı onun adına rəsmişləşdirilsin. Bu zaman onun tanışı olan makler X2 müraciət etdilər ki, hərbiçini tapmaqda onlara köməklik etsin, o da müəyyən müddətdən sonra hərbiçi olan Cavabdeh2 adına ipoteka müqaviləsini rəsmiləşdirməyi təklif etdi. Onlar iddiaçı ilə Behbudov Əyyubu tanış etdilər. Bundan sonra Əyyub “Biləndər” şirkətinin qiymətləndiricisi X12 ilə Qurbanin evini qiymətləndirərək “xxxxda” Cavabdeh2 adına ipoteka müqaviləsi bağlandı, qiymətləndirmə şirkəti iddiaçının evini 94600 manat məbləğində qiymətləndirdi. Bank həmin məbləğin 53 faizinin nağdləşdirilməsini öz öhdəsinə götürdü, yəni 50000 manat, yerdə qalan məbləği isə. Yəni 44600 manat ilkin ödəniş olaraq Bankın hesabına köçürülməli idi. Bütün bunlarla iddiaçı ilə qarşılıqlı razılaşmadan sonra xxxxda Cavabdeh2 adına ipoteka müqaviləsi bağlandı. Alqı-satqı müqaviləsi 12 saylı notariusda həyata keçirildi və alqı-satqı müqaviləsi bağlanan gün 44600 manat o, ilkin ödəniş şəklində Banka qoymağı öz üzərinə götürdü, çünki iddiaçının ödəniş etməyə imkanı yox idi və bundan sonra xxxxdan pul çıxarıldıqdan sonra iddiaçı 44600 manatı ona ilkin ödənişi verdiyinə görə qaytardı, yerdə qalan 50000 manatdan 15000 manatı Cavabdeh3 rəsmi və qeyri-rəsmi xərclərə və hərbiçiyə hörmət əvəzi olaraq cəmi 12500 manat pul iddiaçı tərəfindən könüllü olaraq verildi. Təxminən bir il müddətdən sonra iddiaçı polisə şikayət yazaraq onları dələduzluqda ittiham etdi. İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Abdulla adlı şəxs onları polis idarəsinə dəvət etdi və izahatları alındı. Onlara dəfələrlə təzyiq göstərməyinə, hədə-qorxu gəlməsinə, üstünə İbrahim adlı şəxsi göndərməsinə tab gətirməyərək həyatını təhlükə altında olduğunu görərək, 12 fevral 2019-cu ildə iddiaçının ödədiyi 12500 manatı Dövlət Notariusunun iştirakı ilə ərizə əsasında ona verdilər, 4100 manatı və 1000 manat vəkil tutduğuna görə hərbiçiyə verdilər. Həmin ərizədə göstərilir ki, iddiaçının maddi və mənəvi zərərin ödənildiyindən sonra Cavabdeh3, M.Arifzadə, o, və Ə.Behbudovdan heç bir şikayəti yoxdur. Bu ərizə əsasında Yasamal RPİ onların işlərinə xitam verdi və məlum oldu ki, iddiaçı həqiqətən də Bankdan götürülmüş vəsaiti mənimsəmişdir və qəsdən Bankın pulunu ödəməmək üçün müxtəlif hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etməkdə davam edir. İddiaçı iddiasında demişdir ki, notariusda olduğundan xəbəri yox idi və onu aldadaraq aparıblar, lakin onun tərəfindən yanında 5 nəfər şəxs var idi (onlara hədə-qorxu gələn İbrahim adlı şəxs və onun 3 nəfərdən ibarət dəstəsi və iddiaçının qonşusu kimi özünü təqdim edən taksi sürücü) və pulun verilməsindən sonra notariusun kamerası qabağında pulu aldığını və heç bir şikayətinin olmamasını bildirmişdir. Pulu iddiaçıya verdiyindən bir ay sonra iddiaçı zəng edərək ailəsinin pis vəziyyətdə olduğunu söyləyərək 2000 manat ona verməyi xahiş etdi, cavab olaraq ona bildirdi ki, birdə onu naraha etməsin və müstəntiq Abdullaya zəng edərək ona məlumat verdi, müstəntiq isə öz növbəsində məsələni özü həll edəcəyinə söz verdi. Bundan başqa iddiaçının göstərilən iddiası üzrə tələbləri iddiamüddəti ötürülməklə verilməklə məhkəmə aidiyyətına riayət etmədən nəzərə alınmamışdır ki, ümumiyyətlə iddia ərizəsinə baxılmalı olan halda digər cəlb edilən şəxslər, cəlb edilmələri qanunda nəzərdə tutulsa da iddiaçı iddia ərizəsini qanuna uyğun tərtib etməyərək 5 il ərzində mütəmadi olaraq öz mövqeyini polis orqanlarında və notariusda dəyişərək hər dəfədə cavabdehlərə şikayətinin olmamasını göstərməklə, sadəcə olaraq nəin bahasına olursa- olsun cavabdehlərdən əlavə pul vəsaitini almasına çalışır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X14 Cavabdeh1 dediklərini təsdiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış yaşayış sahəsini alqı-satqısı barədə müqavilə aldatma yolu ilə təşkil olunmuşdur. O, yaşayış sahəsinin alqı-satqısı üçün iddiaçıya pul ödəməmişdir. Bundan başqa həmin yaşayış sahəsini banka girov qoyaraq heç bir məbləğdə pul götürməmişdir. Bu işlər Cavabdeh1, Cavabdeh3, X13, X4 tərəfindən onu və iddiaçını aldadaraq təşkil olunmuşdur. Həqiqətdə bu əməliyyatla bağlı o və iddiaçı zərərçəkmişlər, aldadığını etiraf edir. Sonda Cavabdeh2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsinin qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, iddiaçının tələbi şər-böhtan xarakterlidir. Belə ki, iddiaçı özü könüllü olaraq bütün əməliyyatları aparmış və şəxsən özü 50000 manat məbləğində pul götürmüşdür. O, yalnız notariat kontorunda iştirak etmişdir. Bank həmin məbləğin 53 faizinin nağdləşdirilməsini öz öhdəsinə götürdü, yəni 50000 manat, yerdə qalan məbləği isə. Yəni 44600 manat ilkin ödəniş olaraq Bankın hesabına köçürülməli idi. Bütün bunlarla iddiaçı ilə qarşılıqlı razılaşmadan sonra xxxxda Cavabdeh2 adına ipoteka müqaviləsi bağlandı. Sonradan iddiaçı əsassız olaraq şikayətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, “Biləndər” şirkətinin qiymətləndirmə eksperti kimi çalışır. X4 ilə birlikdə iddiaçının mübahisəli evini qiymətlənirərək “xxxx” ASC-dən Cavabdeh2 adına ipoteka müqaviləsi bağlandı. Qiymətləndirmə şirkəti iddiaçının evini 94600 manat məbləğində qiymətləndirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadlı küçəsi, ev 19 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 348 nömrəli reyestr kitabının 32544 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı-İddiaçı, ipoteka saxlayan- “xxxx” ASC, alıcı-Cavabdeh2 arasında qeyd olunan müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20 yanvar 2017-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. İpoteka predmeti 95000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı X5 qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ev 19-da yaşayan İddiaçı ərizə ilə müraciət edərək göstərmişdir ki, 22 noyabr 2017-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 “xxxx”-dan kredit götürməklə onu aldadaraq 21600 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi Ordubadi küçəsi, ev 19 İddiaçı mülkiyyətində olmuşdur. 23 noyabr 2017-ci il tarixli 129.CL.221117.00001/a alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı İddiaçı, İpoteka saxlayan “xxxx” ASC, Alıcı (ipoteka qoyan) Cavabdeh2, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi Ordubadi küçəsi, ev 19 və mülkiyyətində olan 0.066 ha torpaq sahəsi ünvanında yerləşən daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 95000 manatdır, mənzilin dəyərinin 45.000 manat məbləğində olan hissəsi Alıcı – İpoteka qoyanın özü tərəfindən 50.000 manat məbləğində olan hissəsi isə Kreditor – İpoteka saxlayan tərəfindən 22 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı – İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı “xxxx” ASC tərəfindən 22.11.2017-ci il tarixdə alqı-satqı üçün 95.000 manat notariat kontorunun depozit hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqısatqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən müqavilə 22 noyabr 2017-ci il tarixdə imzalanmışdır və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2 ildən artıq müddət keçdikdən sonra 16.06.2020-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqavilələrin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3cü şəxs “xxxx” ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3cü şəxs “xxxx” ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-410/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-410/2021
12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver