Məhkəmə qərarları › İş №2(006)-4106/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4106/2023

12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4106/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesablanmış 515 manat 35 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 1992-ci ildə onlar Xocavənd rayonundan məcburi köçkün düşmüşlər. Məhrum həyat yoldaşı xx.xx.1992-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Yoldaşının vərəsəsi kimi 08 aprel 2004-cü il tarixdə ona ömürlük «Şəhidlik vəsiqəsi» verilmişdir. Qeyd etmək istəyir ki, onlar məcburi köçkün düşəndə, bacısı X2 mülkiyyətində olan ünvan 1 ünvana qeydiyyata düşmüşlər. Onlar orada qeydiyyatda olanda, 2002-2006-cı illər ərzində cavabdeh tərəfindən ona qanunsuz olaraq 515,35 manat elektrik enerjisindən istifadəyə dair borc hesablanmışdır. O, borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə bundan imtina etmişdir. Bir Şəhid ailəsi kimi, bir məcburi köçkün kimi düşünür ki, cavabdeh orqan tərəfindən hüquqları pozulmuşdur. Həmçinin borcun köhnə tarixdə yarandığını nəzərə aldıqda, artıq həmin borc onun adından silinməli və "xxxx" ASC-nin kompüter məlumat bazasından çıxarılmalıdır. Hesab edir ki, hesablanmış həmin borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı qaçqın (məcburi köçkün) statusuna malik olan şəxsdir. ünvan 1 ünvanda qeydiyyatda olan iddiaçının yaşadığı ünvana **********90006 saylı abunə kodu verilmişdir. Hazırda iddiaçıdan xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə edən 515 manat 35 qəpik borcun ödənilməsi tələb olunur. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-T-4451- 5/2023 saylı məktubundan görünür ki, **********90006 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 515,35 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Qeyd edilir ki, göstərilən məbləğin ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Abunə haqqında çıxarışdan da göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Fərman imzalandıqdan sonra məcburi köçkünlərin, o cümlədən iddiaçının elektrik enerjisinə görə 31 dekabr 2016-cı il tarixədək yaranmış 515 manat 35 qəpik elektrik enerjisi borcu silinmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini enerji təchizatı müəssisəsi tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya 31 dekabr 2016-cı il tarixədək hesablanmış 515 manat 35 qəpik elektrik enerjisi borcu yuxarıda qeyd edilən Fərmana əsasən silinmişdir və həmin məbləğdə borc istehlakçıdan tələb edilə bilməz. Bu səbəbdən, **********90006 saylı abonent koduna hesablanmış 515 manat 35 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvana aid olan **********90006 saylı abunə koduna hesablanmış 515 manat 35 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********90006 saylı abunə koduna hesablanmış 515 manat 35 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar