Məhkəmə qərarları › İş №2(006)-4108/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4108/2023

09.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4108/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin etibarsız sayılması və borc silinərək bu barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 dekabr 2015-ci il tarixində İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı adına Cavabdeh ASC-nin Sumqayıt filialında xəbəri və icazəsi olmadan 24 ay müddətinə, illik 28 faiz olmaqla 1900 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. O, bundan yalnız 2021-cı ildə Sumqayıt Şşəhər Məhkəməsinə dəvət olunarkən xəbər tutmuşdur. Məhkəmə prosesində məlum olmuşdur ki, ləğv prosesində olan Cavabdeh ASC-i, İddiaçı və X2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1075,53 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 819,91 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 148,65 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068, 35 ABŞ dolları cərimə olmaqla, cəmi 3112,44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında adı gedən kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını və ümümuyyətlə adı gedən bankdan heç bir vaxt kredit müqaviləsi bağlayıb kreditə pul götürmədiyini bildirmişdir. Həmçinin 18 dekabr 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsində onun adının qarşısında icra edilmiş imzalar ona məxsus deyil və onun tərəfindən icra olunmamışdır. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi məhz həmin müqavilənin ona məxsus olmasında israr edərək öz iddiasını müdafiə etmişdir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmiş və adı gedən məsələ ilə əlaqədar rəy vermiş və həmin rəydə kredit müqaviləsindəki imzanın cavabdeh İddiaçı məxsus olmadığı müəyyən edildiyindən və bunun əksini təsdiq edən hər-hansı sübut işdə mövcud olmadığından ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-735/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmənin bu qətnaməsi ilə razılaşmayan cavabdeh tərəf Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-735/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2802/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Apelyasiya şikayəti rədd edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-735/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi qüvvəsini aldıqdan və iddiaçı tərəfin kassasiya şikayəti vermə müddəti başa çatdıqdan sonra İddiaçı adına olan kredit borcunun silinməsi məqsədi ilə ləğv prosesində olan Cavabdeh ASC-nə müraciət etmiş, lakin müraciətinə rəsmi cavab verilməmişdir. Belə olan təqdirdə o, Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən ləğv prosesində olan Cavabdeh ASC-nin Əmanətlərin Sığortalanması Fonduna getmiş, orada ona bildirmişlər ki, bu məsələ onların səlahiyyətinə aid deyil və bu məsələ ilə əlaqədar o, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməlidir. O, bu məsələnin həll edilməsi məqsədi ilə 09 iyun 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank cavab verərək bildirmişlər ki, onlara ünvanlanmış ərizə aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş, müraciət onlar tərəfindən cavablandırılacaq. Lakin həmin Fond onun müraciətinə heç bir cavab verməmişdir. Belə olan təqdirdə o, özü təkrar olaraq fonda gedərək müraciətə rəsmi cavab vermələrini xahiş etmiş, lakin onlar yenə də ona rəsmi cavab verməmişlər və şifahi şəkildə bildirmişlər ki, bu məsələ ilə əlaqədar o, məhkəməyə müraciət etməlidir. Həmçinin ona izah edilmişdir ki, o, müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsini mübahisələndirə bilər. Buna görədə adı gedən məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişdir. Göstərilənlərə əsasən 18 dekabr 2015-ci il tarixli, İKM 01 saylı müqavilənin etibarsız sayılması və Cavabdeh ASC-yə olan borcun silinərək bu barədə Azərbaycan Kredit Вürosuna məlumat verilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4108/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin etibarsız sayılması və borc silinərək bu barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi" tələbinə dair iş üzrə iddianın “müqavilənin etibarsız sayılması” hissəsində yolverilməzliyinə görə qəbulundan imtina olunması və iddia ərizəsi həmin hissədə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının xəbəri olmadan onun adına cavabdeh bankla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçının həmin müqavilənin mövcudluğundan yalnız 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə dəvət olunarkən məlumatı olmuşdur. Həmin məhkəmə prosesində məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və müəyyən olunmuşdur ki, adıçəkilən müqavilədə olan imzalar iddiaçıya aid deyildir. Məhkəmə bunu nəzərə alaraq cavabdeh bankın iddiasını təmin etməmiş və cavabdeh tərəfidən verilmiş apellyasiya şikayəti də təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra iddiaçı adına olan krdit borcunun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona rəsmi cavab verilməmişdir. Daha sonra Əmanətlərin Sığortalanması Fonduna və AR Mərkəzi Bankına müracətlər ünvanlanmış və ona məhkəməyə müraciət eməsi məsləhət görülmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qeyd olunan müqavildəki imzanın İddiaçı məxsus olmaması səbəbi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2802/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək adında olan kredit məlumatlarının silinməsini tələb etsə də, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASCnin cavabdehlər İddiaçı və X2 qarşı cavabdehlərdən müştərək qaydada 1075,53 ABŞ dolları əsas borcun, 819,91 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 148,65 ABŞ dolları borcun, müqavilə üzrə sorcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə borcunun, cəmi 3112,44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul iddiaçı ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

11. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2802/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirovun verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhəkməsinin 31 may 2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

15. Beləliklə məhkəmə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinə istinad edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı faktı öz təsdiqini tapmışdır. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Belə olan halda məhkəmə tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığı və nəticədə iddiaçının cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir.

16. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

17. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

18. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

19. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə borcun silinməsi və iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə hüququnu pozmuş, onun müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun silinməsi və həmin borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar