Məhkəmə qərarları › İş №2(006)-4112/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4112/2024

26.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4112/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı (yekun məhkəmə iclasına gəlməmişdir), cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evinə (kod: **********10001) hesablanmış 1993,36 manat cərimə borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ünvan 1 ünvanda yaşayır. Həmin ünvanda quraşdırılmış işıq sayğacı yandığı üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən işıq sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Bir müddət keçdikdən sonra işıq pulunu ödəyən zaman onun işıq koduna 1993,36 manat borc yazıldığını görmüşdür. Həmin borcu öyrənmək üçün işıq idarəsinə getmiş, ordan ona bildirdilər ki, işıq sayğacı yandığı üçün ona cərimə hesablanmışdır. Onun tərəfindən vaxtında elektrik enerjisinin dəyəri ödənilib. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o, istifadə etdiyi işığın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. İşıq sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. O, istifadəsində olan işıq sayğacına müdaxilə etməmiş və istifadə etdiyi elektrik enerjisinin dəyərini artıqlaması ilə daim ödəmişdir. Bundan başqa işıq idarəsindən hesabatın necə aparaldığı barədə sənədləri istəmiş, yalnız ona abonent saldosu təqdim edilmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq "xxxx" ASCnin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Lakin göründüyü kimi "xxxx" ASC birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış, əsaslarla iddiaçıya aid abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə yuxarıda sadalanan qanunun tələblərini pozmuşdur. Belə ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanmasının hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi "xxxx" ASC Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Cavabdehin etirazı: "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş aktlar əsasında iddiaçıya (abunə kodu: **********10001) itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə əlavə sərfiyyat hesablanmışdır, abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2013-cü il tarixli SH 006798 saylı akta görə 405.24 manat; 25.02.15-ci il - SH 011814 akta görə 394,14 manat; xx.xx.2015-ci il -NDM 549 saylı akta görə 298,32 manat, xx.xx.2021-ci il -Rİ 230059 akta görə 79,19 manat. 2015-ci ilə qədər İddiaçı (abunə kodu: **********10001) borcu 663,87 manat təşkil edirdi. İddiaçı (abunə kodu: **********10001) hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbz təqdim edilmişdir. Həmin qəbzlərdə 2006-cı ildən 2024-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisinin və aktlara görə hesablanmış məbləği ümumi borc kimi qeyd olunmuşdur. Lakin, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə xx.xx.2024-cü il tarixdə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir. Odur ki, məhkəmədən 2(006)-4112/2024 saylı mülki iş üzrə İddiaçı "xxxx" ASC qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi iddia müddəti keçdiyindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 230059 nömrəli akta əsasən, ünvan 1 ünvanında yerləşən evə məxsus elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının ekranının oxunmaması müəyyən olunmuşdur. "xxxx" ASC-nin ******* saylı xx.xx.2021-ci il tarixli protokola əsasən, **********10001 abunə kodu olan ünvandakı sayğac dəyişdirilmişdir. "xxxx" ASC-nin 231367 saylı xx.xx.2021-ci il tarixli sayğacın və cərəyanın transformatorlarının yoxlanması protokolunun surətindən görünür ki, sayğacın 0 xəttinin hər iki yuvası termini təsir nəticəsindən yanıb, xəta faizlərini yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Aydınbəyov küçəsindəki 01 evin 01 saylı mənzilinə 1699 manat borc hesablanmışdır. **********10001 kodlu abonentin hərəkət cədvəlinə əsasən borcun məbləği 2017-ci il üzrə 1356,33 manat, 2018-ci il üzrə 1366,3 manat, 2019-cu il üzrə 1626,55 manat, 2020-ci il üzrə 2147,41 manat, 2021-ci il üzrə 2210,68 manat, 2022-ci il üzrə 2313,29 manat, 2023cü il üzrə 1846,18 manat, 2024-cü il üzrə 1672,99 manat təşkil etmişdir. "xxxx" ASC-nin akt komissiyası tərəfindən «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı xx.xx.2021-ci il tarixli sənədinə əsasən, İddiaçı yaşayış evinə dair borc aşağıdakı qaydada hesablanmışdır: 790:31x52- 416= 909kvts, 520x0,07 389x0,11 Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun. Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında İddiaçı məxsus olan yaşayış sahəsi üçün quraşdırılmış elektrik enerjisi sərfiyyatını ölçən sayğaca xx.xx.2021-ci il tarixdə keçirilən baxış zamanı sayğacın ekranının oxunmadığı müəyyən edilmişdir. Müvafiq aktın tərtib olunmasından sonra İddiaçı yaşayış evinə dair borc 790:31x52- 416= 909kvts, 520x0,07, 389x0,11 götürülməklə cəmi 79,19 (36,40+42,79) manat həddində müəyyən edilmişdir. İddiaçı, barəsində tərtib olunmuş akta və abonent saldosuna əsasən bundan əvvəl ona 1993,36 manat hesablanmış borcun əsassız olduğunu bildirərək silinməsini, cavabdeh tərəf isə iddiaçının müvafiq Qaydaların tələblərini pozduğunu bildirərək, borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli aktın iddiaçının iştirakı olmadan tərtib edilməsinin mümkünlüyü sayğacın evdən kənarda yerləşdiyini deməyə əsas verir. Qanunverciliyin tələbinə görə, evdən kənarda quraşdırılmış sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımır. Bundan başqa məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, həmin müvafiq videogörüntünün və aktın tərtib olunmasına iştirak edən şahidlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Beləliklə, həmin sözügedən akt əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, aktda müəyyən edildiyi göstərilən qüsur əsasında İddiaçı məxsus abunə koduna 79,19 manat borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilir. Abonent saldosunda öz əksini tapmış xx.xx.2013-cü il tarixli SH 006798 saylı akta görə 405.24 manat; 25.02.15-ci il tarixli SH 011814 nömrəli akta görə 394,14 manat; xx.xx.2015-ci il tarixli NDM 549 nömrəli akta görə 298,32 manat borclara və sərfiyyata görə hesablanması göstərilən məbləğlərə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh tərəf 2007-ci ildən 2024-cü ilədək istifadə olunmuş elektrik enerjisinə və 2013 və 2015-ci illərdə tərtib olunmuş aktlara görə iddiaçıya 1672.99 manat borc (2021-ci il tarixli akt üzrə hesablanmış məbləğ də daxil olmaqla) hesablanmasını bildirmiş, bu halda etirazının əsası olan həmin halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh işdə olan “abonent hərəkət cədvəli”ndə qeyd olunan borcların hansı əsasla yaranması, o cümlədən göstərilən aktlara görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi, cavabdehin nümayəndəsi 2007-ci ildən 2024-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə iddiaçıya 1672.99 manat borc hesablanmasını bildirərək, iddiaçının həmin hərəkəti ilə "xxxx" ASC-nin zərərə məruz qaldığını qəbul etsə də, cavabdeh təşkilatın hazırkı vaxta qədər həmin borc məbləğini iddiaçıdan məhkəmə qaydasında tələb etməməsinə ağlabatan cavab verməmişdir. Ona görə də məhkəmə iddiaçıya məxsus **********10001 nömrəli abunə koduna cavabdeh tərəfindən sözügedən aktlar əsasında hesablanmış 1176,89 manat (79.19+405.24+394.14+298.32) borcun və 2007-ci ildən istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış qalan 496.10 (1672,99-1176,89) manat borcun silinməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "Azərişıq” ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-3503/2024 nömrəli qərarı). Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə əsassız hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində 1993,36 manat borcun silinməsini xahiş etsə də, təqdim olunmuş sənədlərlə, habelə cavabdehin nümayəndəsinin izahatına əsasən şəxsə hesablanmış borc məbləğinin 1672,99 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********10001 abunə kodu üzrə hesablanmış 1672,99 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 39.93 manat dövlət rüsumunun 36,72 manat hissəsi cavabdeh "xxxx" ASCdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Aydınbəyov küçəsindəki 1 saylı evin 1 nömrəli mənzili (**********10001 Abunə kodu) üzrə hesablanmış 1672,99 manat (bir min altı yüz yetmiş iki manat doxsan doqquz qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 36,72 manat (otuz altı manat yetmiş iki qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar