Məhkəmə qərarları › İş №2(006)-4113/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4113/2023

21.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4113/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM **********42 saylı tam kart çərçivə müqaviləsinin mübahisəli hissədə qismən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli BPM **********42 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlə müqavilə bağlanarkən o, razılaşmanı düzgün başa düşməmişdir. Müqavilənin şərtləri ilə tam razı deyil. Bundan başqa, cavabdeh onun xəbəri olmadan müqavilə üzrə kartda olan pul məbləğini israf etmişdir. Onun isə bundan xəbəri yoxdur. Bu müqavilə onun tərəfindən yanılma nəticəsində və müqavilənin şərtləri mənafelərinə zidd olduğu halda bağlanmışdır. Müqavilə cavabdehin əsassız varlanmasına şərait yaradılmaqla bağlanmışdır. Eyni zamanda, cavabdeh əsassız məbləğin ondan tutulması barədə notariusa müraciət edərək, xx.xx.2023-cü il tarixli icra qeydi verilməsinə nail olmuşdur. Hansı ki, qanunvericilikdə nəzərdə tutulmuş mübahisəsiz məbləğlər barəsində icra vərəqinin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda prosedur qaydalara görə notarius sənədləri aydınlaşdırdıqdan sonra icra vərəqəsi verə bilərdi. Notarius mübahisənin olub-olmamasını yoxlamalı və araşdırmalı idi. Buna görə də, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM **********42 saylı tam kart çərçivə müqaviləsi, onun hüquqlarının pozulması hissəsində etibarsız hesab olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, kartından 400 manat məbləğində pul çıxarmaq istəmişdir. Bununla bağlı ATM-ə yaxınlaşmış və kartı daxil etmişdir. Lakin pulu çıxara bilməmişdir. Bir qədər gözlədikdən sonra pulun çıxmadığını görmüş və çıxıb getmişdir. Lakin bir müddət keçdikdən sonra onun mobil telefonuna sms gəlmiş və kartından 400 manat məbləğində pulun çıxarıldığını öyrənmişdir. Məsələ ilə bağlı dəfələrlə banka, habelə 22-ci Polis Bölməsinə də müraciət etmiş olsa da, müsbət nəticə əldə edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ilk öncə onu qeyd edir ki, iddia ərizəsində irəli sürülmüş tələblə hazırda iddiaçının izahat verərkən irəli sürmüş olduğu tələb bir-birindən tamamilə fərqlənir. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsində müqavilənin qismən etibarsızlığı tələb edilir. Lakin iddiaçı hazırda vermiş olduğu izahatında ona məxsus olan kartdan pul vəsaitinin çıxarıldığını və s. qeyd edir. O, araşdırma aparmışdır. İddiaçı tərəfindən kartın daxil edildiyi ATM köhnə növ olduğu üçün həmin ATM-də aparılmış əməliyyatların videogörüntülərini əldə edə bilməmişdir. Çünki, ATM-də aparılan əməliyyatların videogörüntüsü 6 ay müddətində saxlanılır və daha sonra silinir. Əlavə olaraq bildirir ki, DİN tərəfindən aparılmış hər hansı araşdırma ilə bağlı banka müraciət edilməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15 oktyabr 2021-ci il tarixli BPM**********42 saylı tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında müştərinin adına ikitərəfli ödəniş (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı) kartı buraxılması və s. bağlı müqavilə bağlanmışdır. Müqavilə şərtləri bir neçə səhifədən ibarət olmaqla, istər iddiaçı, istər cavabdeh tərəf həmin şərtlərlə tanış olaraq, müqavilənin hər səhifəsini imzalamışlar və müqavilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2021-ci il tarixli razılaşmadan görünür ki, tərəflər arasında İddiaçı məxsus ******************** nömrəli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma bağlanmışdır. Kredit xətti məbləği 1.000 manat, illik faiz dərəcəsi 24 %, kredit xəttinin müddəti 36 ay təşkil etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı 15 oktyabr 2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ona ayrılan nağd kredit(lər) və kredit xətt(lər)inə görə aylıq ödəniş üzrə ödəmə vaxtı çatdıqda, eləcə də, ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğinin onun bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq vermişdir. İş materiallarına əlavə olunmuş bank hesabına dair baza məlumatlarından görünür ki, İddiaçı məxsus ******************** nömrəli bank kartı üzrə 05 noyabr 2021-ci il tarixdə saat 12:51:32-də 400 manat pul vəsaiti 6011 saylı ATM-dən (bankın Səbail filialı) çıxarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, yuxarıda qeyd olunan 400 manat pul vəsaitinin özü tərəfindən çıxarılmamasına, başqa şəxs tərəfindən çıxarılmasına, bununla bağlı müvafiq araşdırma aparılmasına dair Bakı şəhəri Nəsimi rayon 22-ci Polis Bölməsinin rəisinin adına ərizə yazmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, eyni məsələ ilə bağlı "xxxx" ASC-nin adına ərizə yazmışdır. Məhkəmə haşiyə çıxaraq qeyd edir ki, iddiaçı onun adına olan hesabdan 400 manat pul vəsaitinin başqa şəxs tərəfindən ATM-dən çıxarılmasının xx.xx.2021-ci il tarixdə baş verdiyini iddia etsə də, banka ünvanladığını göstərdiyi ərizənin tarixi xx.xx.2021-ci il tarixi kimi qeyd olunmuşdur. Bu, çox güman ki, həmin ərizə yazılarkən ərizənin yazılma tarixinin düzgün qeyd edilməməsi ilə əlaqədardır, yaxud ərizə xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə yazılmışdır. İddiaçı yuxarıda qeyd edilən ərizələrin ünvanladığı şəxslərə rəsmi şəkildə təqdim edilməsinə, həmin ərizələrə rəsmi şəkildə hansı cavabların verilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş notariat icra qeydi barədə ərizədən və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 27 yanvar 2023-cü il tarixli 8İ-1235 reyestr saylı icra qeydindən görünür ki, "xxxx" ASC-nin müraciətinə əsasən notariat ofisi tərəfindən İddiaçı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 504 manat 87 qəpik və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 529 manat 87 qəpik pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə icra qeydi verilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, hazırki iddia tələbi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin qismən etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin hansı bəndlərinin etibarsız hesab edilməsini açıqlamır, aydınlaşdırmır. İkincisi, müqavilənin hansı bəndinin, yaxud bəndlərinin onun hüquqlarını pozduğunu, hansı bəndlərini müqavilə bağlayarkən düzgün anlamadığını, yanıldığını da açıqlamır, aydınlaşdırmır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5 və 390-cı maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslardan heç biri müəyyən edilmir. İddiaçının mübahisələndirdiyi əqdin tam və ya qismən etibarsız hesab edilməsi üçün qanuni əsas (əsaslar) mövcud deyil. Bu səbəbdən, iddia təmin edilə bilməz. Bununla belə, məhkəmə aşağıdakıları iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında iddia tələbini onun adına olan hesabdan ATM vasitəsi ilə 400 manat pul vəsaitinin başqa şəxs tərəfindən götürülməsi ilə əsaslandırır. Yuxarıda qeyd edildiyi kimi, mövcud olması halında belə bu, mübahisələndirilən müqavilənin qismən və ya tam şəkildə etibarsızlığına səbəb olmur. İddiaçıya tövsiyə olunur ki, onun adına olan hesabdan ATM vasitəsi ilə 400 manat pul vəsaitinin başqa şəxs tərəfindən götürülməsi ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməklə, müvafiq araşdırma aparılmasını tələb edə və araşdırma çərçivəsində ətraf ticarət obyektlərinin, fərdi yaşayış evlərinin, mənzillərin və s. yerlərin mühafizə olunması üçün quraşdırılmış kameraların görüntülərinin əldə olunmasına nail ola bilər. İddiaçının baş verməsini iddia etdiyi halın 2021-ci ilin noyabr ayına təsadüf etməsini nəzərə alaraq, bu cür kamera görüntülərinin mövcud olması ehtimalı az olsa da belə, iddiaçı maraqlarının, qanuni mənafeyinin təmin edilməsi üçün qanun çərçivəsində zəruri addımları ata və müraciət etmək hüququndan istifadə edə bilər. İddiaçının nəzərinə o da çatdırılmalıdır ki, hüquq-mühafizə orqanlarının müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün geniş imkanları vardır. Notariat ofisi tərəfindən icra qeydinin verilməsi ilə bağlı iddia ərizəsində qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı icra qeydini mübahisələndirmir, müqaviləni mübahisələndirir. Bu səbəbdən, hazırki mülki iş üzrə notariusun verdiyi icra qeydinin hər hansı cəhətdən araşdırılmasına və hüquqi qiymət verilməsinə zərurət yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar