Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4123/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2 (009)- 1485/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində borc və 300 (üç yüz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 150.300 (yüz əlli min üç yüz) ABŞ dolları məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnamə çıxararkən tərəflər arasında olan Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-100 nömrə ilə qeyd edilmiş 02/2018 nömrəli, xx.xx.2018-ci il tarixli borc müqaviləsini əsas götürmüşdür. Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 02/2018 nömrəli, Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-100 nömrə ilə qeyd edilmiş borc müqaviləsindən görünür ki, borc verən- Cavabdeh “borcalan” - İddiaçı 06 (altı) ay müddətinə, yəni xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155.000 (yüz əlli beş min) ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “borc verən” bu müqavilədə nəzərdə tutulan məbləği faizsiz borc kimi “borc alana” verir. Müqavilənin 3.2-ci bəndinə görə, borcun qaytarılması bu müqavilənin 1 nömrəli əlavəsində əks olunan ödəniş cədvəlinə müvafiq olaraq (6 ay ərzində) həyata keçirilir. Lakin burada tərəflərin hüquqi vəziyyətini kökündən dəyişdirən bir hüquqi məsələ vardır. Belə ki, sonradan mülki qanunvericiliklə yaxından tanış olduqdan sonra iddiaçıya məlum olmuşdur ki, onunla Cavabdeh arasında bağlanmış müqavilə qanunsuzdur. Belə ki, nə müqavilə bağlanan zaman, nə də ondan öncə və ya sonra həmin məbləğ iddiaçıya cavabdeh tərəfindən verilməmiş və ümumiyyətlə tərəflərin müqavilə bağlayarkən belə bir niyyətləri olmamışdır. Bundan sonra cavabdeh məhkəməyə müraciət edərək pulunu tələb etmiş və hazırda həmin iddia təmin edilsə də, məhkəmə qətnaməsi qüvvəsini almamışdır. Tərəflər arasında bağlanan kredit müqaviləsi görünüş üçün bağlandığından etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-100 nömrə ilə qeyd edilmiş 02/2018 nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili X1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 06 ay müddətinə, yəni xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155000 ABŞ dolları məbləğində borc vermişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1485/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 155.000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 150300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində vəsait iddiaçı Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1283/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1485/2019 saylı qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və dəbbə puluna aid hissədə dəyişdirilməsi, faiz borcuna aid hissədə iddianın təmin edilməsi, cavabdeh İddiaçı 4375 ABŞ dolları məbləğində faiz pulu və 5000 ABŞ dolları məbləğində dəbbə pulunun (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4691/2020 saylı qərarı ilə cavabdeh İddiaçı kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1283/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı borc müqaviləsində qeyd olunan məbləğin ona verilmədiyini əsas gətirərək müqavilənin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə borc müqaviləsini bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən borc müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4123/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4123/2020
28.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver