Məhkəmə qərarları › İş №2(006)-4132/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4132/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4132/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işıqdan istifadəyə görə əsassız tələbin ləğv edilməsi, sayğacın ada keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işıqdan istifadəyə görə əsassız tələbin ləğv edilməsi, sayğacın ada keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 162,18 manat borcun silinməsi, elektrik sayğacının onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanda yaşayırlar. Yaşadıqları mənzilin işıq sayğacı mərhum anası X2 adınadır. Anası 24 avqust 2015-ci il tarixdə dünyasını dəyişib. Həmin tarixdən bu günə kimi sayğac anasının adına qalmışdır. Qeyd edilən sayğacı öz adına keçirmək üçün "xxxx" ASC-yə yaxınlaşdıqda ona bildirmişlər ki, onların 2005-ci il tarixdən, yəni Barmek vaxtından 162,18 manat qalıq borcları var, qeyd edilən borc ödənilmədiyi təqdirdə adına keçirə bilməz. Qeyd edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2005-ci il tarixdə hesab çıxarış təqdim edərək 18 il bundan əvvəlki olan borcun tələb edilməsi əsassızdır. Belə ki, aylar üzrə "xxxx" ASC tərəfindən aylar üzrə onlara təqdim etdiyi borcla bağlı bildiriş xəbərdarlıqların heç birində yuxarıda qeyd olunan borc məbləği qeyd edilməmiş və tələb olunmamışdır. Hal-hazırda da, "xxxx" ASC-yə istifadə edilmiş işıq sərfiyyatına görə borcları yoxdur. Cavabdehin 18 il bundan qabaq olan borcu tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Mülki Məcəllənin 373.3, 551.2.1, 551.1-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, hazırda cavabdehin 18 il bundan öncəki borcu tələb etməsi əsassızdır və bu səbəbdən borc ləğv edilməli, mərhum anasının adına olan elektrik sayğacının onun adına keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı anası X4 qaçqın (məcburi köçkün) statusuna malik olan şəxs olmuşdur. ünvan 1 ünvana **********00004 saylı abunə kodu verilmişdir. X4 24 avqust 2015-ci il tarixdə Bakı şəhərində ürək çatmamazlığından vəfat etmişdir. Bu barədə 31 avqust 2015-ci il tarixdə 253 saylı akt qeydi aparılaraq, Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən mərhumun adına AZ-İ seriyalı 761366 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı qeyd olunan mənzildə yaşamaqla, mərhum X2 oğludur (yaşayış yeri üzrə arayış və doğum haqqında şəhadətnamə məhkəməyə təqdim edilmişdir). Hazırda iddiaçıdan keçmiş dövrü əhatə edən 138 manat 18 qəpik borcun ödənilməsi tələb olunur. Məhəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Fərman imzalandıqdan sonra məcburi köçkünlərin, o cümlədən iddiaçının yaşadığı ünvan üzrə elektrik enerjisinə görə 31 dekabr 2016-cı il tarixədək yaranmış 138 manat 18 qəpik elektrik enerjisi borcu silinməlidir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini enerji təchizatı müəssisəsi tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan ünvana (ünvan 1 ünvana - **********00004 saylı abunə koduna) 31 dekabr 2016-cı il tarixədək hesablanmış 138 manat 18 qəpik elektrik enerjisi borcu silinmişdir və həmin məbləğdə borc istehlakçıdan tələb edilə bilməz. Bu səbəbdən, **********00004 saylı abonent koduna hesablanmış 138 manat 18 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvana aid olan **********00004 saylı abunə koduna hesablanmış 138 manat 18 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi 162,18 manat borc məbləğinin yalnız 138 manat 18 qəpik hissəsi əsassız yazılmış borcdur, qalan 24 manat borc isə iddiaçı tərəfindən ödənilməli (sərfiyyat) borc məbləğidir. Elektrik sayğacının iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi də təmin edilə bilməz. Çünki, İddiaçı uzun illər öncə yaranması qeyd olunan və ondan ödənilməsi tələb edilən 138 manat 18 qəpik pul vəsaitinə dair mötəbər sübut (borcun yaranma dövrü və səbəbi, işlədilən elektrik enerjisinin həcmi, tərtib olunan aktlar və s. qeydlər göstərilmiş abunə haqqında çıxarış) təqdim etsə də, sayğacın onun adına keçirilməsi barədə ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət etməsi, sonuncunun bu müraciətin təmin edilməsindən imtina etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvana aid olan **********00004 saylı abunə koduna hesablanmış 138 manat 18 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar