Məhkəmə qərarları › İş №2(006)-4141/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4141/2021

16.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4141/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı notariat hərəkətinin aparılmasından imtinaya dair şikayət üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı notariat hərəkətinin aparılmasından imtinaya dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan mirasın qəbul edilməsi barədə ərizənin notariat ofisindən kənarda təsdiq edilməsinin Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 04.09.2020-ci il tarixdə vəfat etmişdir. Onun övladı X5 03.03.2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə 43 saylı notariat ofisinə müraciət edib, ondan başqa 2 vərəsənin – X1 və X2 olduğunu göstərmişdir. Halbuki, mərhumun anası olaraq o, xx.xx.1929-cu il təvəllüdlü İddiaçı sağlam və miras əmlaklardan biri olan ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin mənzil mərhum X4 mülkiyyətindədir və o da mirası faktiki qəbul edən şəxslərdən biridir. Beləliklə, mərhum X4 birinci növbədə 4 vərəsəsi vardır: 3 övladı və o, anası. Onun 92 yaşı var. Təbii ki, bu yaşda notariat kontoruna getmək ona çətin olduğundan o da, vərəsəliyi qəbul etmək üçün 03.03.2021-ci il tarixdə 43 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə mirası faktiki qəbul etdiyinə görə xahiş etmişdir ki, mərhum X3 qalmış mirasın 1/4 hissəsinə ona – İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Müraciətini, yəni ərizəsini poçt vasitəsi ilə göndərmişdir. ünvan 2 ünvanladığı 673 saylı cavab məktubundan görünür ki, o, mirasın qəbul edilməsi barədə ərizəsini şəxsən özü notariat ofisinə müraciət etməklə və yaxud notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edə bilər. Bir halda ki, Notariat Ofisinə ünvanladığı ərizənin notariat qaydasında təsdiqi ttələb olunurdu, yaşını və fiziki sağlamlıq durumunu nəzərə alıb 43 saylı Notariat Ofisinin xüsusi notariusundan 12 aprel 2021-ci il tarixli ərizə ilə müraciət edərək xahiş etmişdir ki, ərizəsinin notariat qaydasında təsdiqlənməsi üçün notariat ofisindən kənar notariat hərəkəti aparsın. Həmçinin ərizəsində bildirmişdir ki, tələb edilən rüsumu ödəməyə hazırdır. Həmin ərizə 14.04.2021-ci il tarixdə poçt vasitəsi ilə notariusa çatdırılmışdır. Lakin bu günə qədər ofisdən kənar heç bir notariat hərəkəti aparılmamışdır. Notarius tərəfindən ərizəsinin icra edilməməsini vərəsəlik hüququna qəsd kimi qiymətləndirir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək, iş həcminin çoxluğunun nəzərə alınaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi İddiaçı 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisinə ərizə göndərərək, 03 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdiyini qeyd etmiş, bir daha Notariat Ofisinin nəzərinə çatdırmışdır ki, oğlu X7 04.09.2020-ci il tarixdə vəfat etmişdir. Oğlunun birinci növbə 4 vərəsəsi var – ondan əlavə oğlunun üç övladı. Ərizəçi 92 yaşı olduğunu, bu yaşda notariat kontoruna getməyin onun üçün çətin olduğunu, ona görə də, ərizəsini poçt vasitəsi ilə göndərdiyini vurğulamışdır. Notariat kontorunun ona ünvanladığı 29 mart 2021-ci il tarixli 673 saylı cavab məktubundan görünür ki, o, mirasın qəbul edilməsi barədə ərizəsini şəxsən özü notariat ofisinə müraciət etməklə və yaxud notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edə bilər. Bir halda ki, notariat kontoruna ünvanladığı ərizəsinin notarial qaydasında təsdiqi tələb olunur, yaşının və fiziki sağlamlıq durumunu nəzərə alıb, xahiş edir ki, ərizəsinin notariat qaydasında təsdiqlənməsi üçün notariat ofisindən kənar notariat hərəkəti aparılsın. Tələb edilən rüsumu ödəməyə hazırdır. ünvan 3 ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın İİİ bölmə, Vİ fəsli, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin 98-ci bəndinə əsasən mirasın qəbul edilməsi barədə ərizə vərəsə tərəfindən yazılı formada notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilmiş qaydada təqdim edilməli və yaxud şəxsən vərəsə özü tərəfindən notariat ofisinə müraciət edilməlidir. Ərizəçinin 03.03.2021-ci il tarixdə notariat ofisinə ünvanladığı ərizədə olan imzası notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən ərizəçiyə bildirilmişdir ki, 04.09.2020-ci il tarixdə vəfat etmiş mərhum X3 irs qalmış əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edirlər. Ərizəçi məhz yuxarı qeyd olunan səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçinin ərizəsini (şikayətini) əsaslı hesab edir və vurğulayır ki, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimata əsasən (İİ bölmə, 15-ci maddə) notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparılır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, «Elektron notariat» informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariat ofisindən kənarda videoyazı vasitəsilə notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında, habelə «Elektron ədliyyə köşkü» və ya «Mobil notariat qovluğu» proqram təminatı üzərindən aparıla bilər. Göründüyü kimi, hazırkı iş üzrə ərizəçinin notariat hərəkətinin notariat ofisindən kənarda aparılması tələbi əsaslıdır, ərizəçi həqiqətən yaşlı insan olmaqla, onun notariat ofisinə getməsi ərizəçi üçün çox çətin, müşkül məsələdir. O, qanunla müəyyən olunmuş qaydada öz yaşı, sağlamlıq durumu barədə notariat orqanına əvvəlcədən məlumat verərək, notariat hərəkətinin özünün yaşadığı ünvanda aparılmasını xahiş etmiş, dövlət rüsumunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, notariat ofisi tərəfindən ərizəçinin haqlı tələbi təmin edilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı mirasın qəbul edilməsi barədə ərizəsinin notariat ofisindən kənarda təsdiq edilməsi Bakı şəhəri 43 saylı Notariat Ofisinə həvalə edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı mirasın qəbul edilməsi barədə ərizəsinin notariat ofisindən kənarda təsdiq edilməsi Bakı şəhəri 43 saylı Notariat Ofisinə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar