Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4144/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanı üzrə **********01180 nömrəli abonent koduna yazılmış 777,60 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********01180 nömrəli abonent kodu verilmiş Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanı orada yaşayan İddiaçı məxsusdur. Cavadeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində ******* saylı akt tərtib edilərək iddiaçıya məxsus qaz sayğacı aparılmış, lakin ona heç bir məlumat verilməmişdir. Bir müddət sonra iddiaçı qaza olan borcunu ödəmək istəyən zaman onun adına 777,60 manat borcun yazıldığını müəyyən etmişdir. Cavadeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən aparılan qaz sayğacı tam yararlı vəziyyətdə olmuş, üzərində olan plomb da sökülməmişdir. İddiaçı bu barədə iradlarını bildirdikdə qaz sayğacı üzərində Cavabdeh İB-yə məxsus laboratoriyada müayinə aparıldığı barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən deyilən bu fikir qanunsuzdur. Belə ki, iddiaçının iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt və digər sənədlər qanunsuz olduğundan ləğv edilməli, iddiaçının adına əsassız yazılmış 777,60 manat cərimə silinməlidir.
3. Cavabdeh İB iddia ərizəsinə etiraz təqdim etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01180 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 17002AZ**********32 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0681 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metereologiya plomb yuvasının ətrafı fiziki təsir nəticəsində deşilib, sağ metereologiya plombu aşkar olunmadı, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2024-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********01180 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iş üzrə etirazın və etirazın əsasını təşkil edən sübutların məhkəməyə təqdim edildiyini, cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutlarının olmadığını, xx.xx.2024-cü il tarixə təyin edilmiş baxış iclasının icraatında olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsinin üzürlü səbəb kimi qəbul edilərək iclasın iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və etirazı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanında (abonent kodu: **********01180) quraşdırılmış “İtron” tipli “G-4” markalı 1002AQ**********8 nömrəli qaz sayğacı “klapan bağlı qalır, kipləşib” qeydi ilə çıxarılaraq yenisi ilə əvəz edilmişdir.
9. Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə xx.xx.2024-cü il tarixli, 0054 №-li aktdan görünür ki, 17002AZ**********32 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, qutunun üzərində nömrəli plombun aşkar olunmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metereologiya plomb yuvasının ətrafının fiziki təsir nəticəsində deşilməsi, sağ metereologiya plombunun aşkar olunmaması, sayğacın istismara yararsız olması və s. müəyyən edilmiş, müdaxilə nəticəsinə gəlinmişdir.
10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda (abonent kodu: **********01180) yerləşdirilən sayğaca Cavabdeh İB-nin Metereologiya Departamentinin 0210 saylı aktına əsasən baxış keçirildi. “Sayğacın klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğradıb. Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Sayğac istismara yararsızdır” qeydi edilmişdir.
11. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanı üzrə (abonent kodu: **********01180) abonentin saldosundan görünür ki, 2024-cü ilin aprel ayında “qalıq və aktlar” qrafasına 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanında yerləşən evdə yaşayır. Həmin ünvanda olan qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qutunun üzərində nömrəli plombun aşkar olunmaması, sayğacın istismara yararsız olması və s. barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna borc yazılmışdır. Hazırda iddiaçı 777,60 manat məbləğində borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğaca müdaxilə etməkdə maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir.
14. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir.
15. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qazsayğacı istehlakçının vəsaiti hesabına təchizedilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi)və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; - 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; - 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; - 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; - 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. Məhkəmə hesab edirki, iddiaçı məişət qaz qurğusundan fiziki şəxs kimi istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, istinad olunan aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir.
19. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanı üzrə **********01180 nömrəli abonent koduna əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.1, 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. - 9.1, 9.1.5-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərlə bağlı qərar qəbul edərkən məhkəmə tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı dövlət rüsumundan azad edildiyindən, 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməlidir.
23. Mülki Prosessual Məcəllənin: - 119.1-119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 15 ünvanı üzrə **********01180 nömrəli abonent koduna əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova