Məhkəmə qərarları › İş №2(006)-4146/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4146/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4146/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 03.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********05534 olan Samsung Galaxy A50 markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə; 20.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********18803 olan Samsung galaxy A10 markalı telefon, X4 üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; 06.10.2019cu il tarixli müqaviləyə əsasən, HP notebook üçün 252 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə; 28.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 1422 (min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 402 (dörd yüz iki) manat dəbbə; 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********81310 olan HUAWEİ Y6 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 4144 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.06.2019-cu il, 20.08.2019-cu il, 06.10.2019-cu il, 28.10.2019-cu il, 09.11.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********05534 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********18803 olan Samsung galaxy A10 markalı telefon, X4, HP notebook, Samsung LED televizor, İMEİ Kodu **********81310 olan HUAWEİ Y6 markalı telefon almış və nəticədə 4144 (dörd min yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 896 (səkkiz yiiz doxsan altı) manat (16 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********05534 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 784 (yeddi yüz səksən dörd) manat olmaqla ondan, 600 (altı yüz) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə; 20.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (12 ay x 30 manat + 48 manat ilkin ödəniş) İMEİ Kodu **********18803 olan Samsung galaxy A10 markalı telefon, X4 üçün ümumilikdə, 351 (üç yüz əlli bir) manat olmaqla ondan, 270 (ikiyüz yetmiş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 252 (altı yüz altmış) manat (12 ay x 198 manat +0 manat ilkin ödəniş) HP notebook üçün ümumilikdə, 858 (səkkiz yüz əlli səkkiz) manat olmaqla ondan, 252 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə; 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1422 (min dörd yüz iyirmi iki) manat (18 ay x 79 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1824 (min səkkiz yüz iyirmi dörd) manat olmaqla ondan, 1422 (min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 402 (dörd yüz iki) manat dəbbə; 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 437 (dörd yüz otuz yeddi) manat (12 ay x 36 manat + 5 manat ilkin ödəniş) İMEİ Kodu **********81310 olan HUAWEİ Y6 markalı telefon üçün ümumilikdə, 327 (üç yüz iyirmi yeddi) manat olmaqla ondan, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 619 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 03.06.2019-cu il tarixdə ümumilikdə dəyəri 896 manat təşkil edən “Samsung Galaxy A50” markalı telefon, 20.08.2019-cu il tarixdə ümumilikdə dəyəri 408 manat təşkil edən «Samsung Galaxy A10” markalı telefon və “Canyon” Power Bank, 06.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 660 manat təşkil edən HP notebook, 28.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 1422 manat təşkil edən “Samsung LED” markalı televizor, 09.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 437 manat təşkil edən “HUAWEİ Y6” markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Əlavə Ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. 03.06.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A50” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 20.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A10” markalı telefon və “Canyon” Power Bank tam qüsursuz halda təhvil verilmişdir. 06.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “HP notebook” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 28.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung LED” markalı televizor tam qüsursuz halda təhvil verilmişdir. 09.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “HUAWEİ Y6” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 14.03.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 26.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 03.06.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 600 manat əsas borc, 184 manat cərimə borcu, 20.08.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 270 manat əsas borc, 81 manat cərimə borcu, 06.10.2019-cu il tarixli müqavilə üzrə 660 manat əsas borc, 198 manat cərimə borcu, 28.10.2019-cu il tarixli müqavilə üzrə 1422 manat əsas borc, 402 manat cərimə borcu, 09.11.2019-cu il tarixli müqavilə üzrə 252 manat əsas borc, 75 manat cərimə borcu, bütün müqavilələr üzrə isə ümumilikdə 4144 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 03.06.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 20.08.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 06.10.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 28.10.2019-cu il tarixli müqavilə üzrə isə 50 manat, 09.11.2019-cu il tarixli müqavilə üzrə isə 20 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03.06.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 600 manat əsas borc, 50 manat cərimə borcu, 20.08.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 270 manat əsas borc, 20 manat cərimə borcu, 06.10.2019-cu il tarixli müqavilə üzrə 660 manat əsas borc, 50 manat cərimə borcu, 28.10.2019-cu il tarixli müqavilə üzrə 1422 manat əsas borc, 50 manat cərimə borcu, 09.11.2019-cu il tarixli müqavilə üzrə 252 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 3394 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.06.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 600 manat, cərimə borcu üzrə 50 manat, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 270 manat, cərimə borcu üzrə 20 manat, 06.10.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 660 manat, cərimə borcu üzrə 50 manat, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1422 manat, cərimə borcu üzrə 50 manat, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 252 manat, cərimə borcu üzrə 20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı ümumilikdə 3419 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar