Məhkəmə qərarları › İş №2(006)-4147/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4147/2023

19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4147/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri 08 may 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı məcburi köçkün vəziyyətinə düşmüş Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, mənzil 212-də məskunlaşmaq məcburiyyətində qalmışlar. Atası Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış və həmin yaranın fəsadlarından uzun sürən müalicələrə baxmayaraq xx.xx.1993-cü ildə vəfat etmişdir. Şəhid ailəsi olan anası da xx.xx.2012-ci ildə vəfat etmişdir. O, özü Milli Ordunun tərkibində xidmət edərək döyüşlərdə ağır yaralanmış, ordudan tərxis edilmiş və 2-ci qrup Qarabağ əlilidir. Onların məskunlaşdığı mənzillərdə istifadə edilən kommunal xidmətlərə, o cümlədən elektrik enerjisindən istifadəyə görə haqları AR Qaçqınların və Köçkünlərin problemləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. "xxxx" ASC-dən 2004-cü ilin aprel ayından 2005-ci ilin dekabr ayının 12-dək yaranmış 1997 manat və həmin məbləğə 2011ci ilin mart ayının 13-dək hesablanmış 2487,5 manat dəbbə pulunu, ümumilikdə 2245,5 manat borc məbləği hesablanmışdır. Həmin dövrdən sonra istehlak edilmiş elektrik enerjisinə görə borcu yoxdur və ailə başçısı kimi anası X2 təqdim edilmiş borc barədə qəbzlərdə belə borcun olması haqqında heç bir məlumat olmamışdır. Borcun yaranmasından 17 ildən çox keçməsinə baxmayaraq həmin borc əlaqədar təşkilat tərəfindən alınmamış və ya qanunun tələblərinə uyğun olaraq silinməmişdir. Nəticədə hüquqları pozulmuşdur. O vicdanlı istehlakçı kimi istehlak etdiyi enerjinin haqqını vaxtında və tam olaraq daim ötürməmişlər. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal, ev 12, mənzil 212 üzrə xx.xx.2005-ci ildən xx.xx.2011-ci il tarixədək hesablanmış 1997 manat borc, 248,5 manat dəbbə pulu, ümumilikdə 2245,5 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ailəsi və o məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, mənzil 212-də məskunlaşmışlar. Onlar məskunlaşdıqları məzillərdə istehlak olunan kommunal xidmətlərə və elektrik enerjisindən istifadəyə görə haqları AR Qaçqılar və Məcburi Köçkünlərin problemləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Cavabdeh 2004-cü ilin aprel ayından 2005-ci ilin 12 dekabr ayınadək yaranmış 1997 manat və həmin məbləğə 2011-ci ilin mart ayının 13-dək hesablanmış 248.5 manat dəbbə pulu, ümumilikdə 2245.5 manat borc məbləği hesablanmışdır. Onların borcu yoxdur, anasına ailə başçısı kimi təqdim edilmiş borc barədə qəbzlərdə də, borcun olması barədə heç bir məlumat olmamışdır. Həmin borcun yaranmasından 17 ildən artıq bir müddət keçməsinə baxmayaraq, silinməmişdir. Onlar vicdanlı istehlakçı olaraq, borclarını vaxtında və tam ödəmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, iddiaçının silinməsini istədiyi borcun 248.50 manat məbləğində olan hissəsi barmekin zamanında istehlak edilmiş elektrik enerjisinə görə yığılmış və dondurulmuş borcdur. 1997 manat hissəsi isə AR Prezidentinin Fərmanına əsasən silinməli olan qaçqınlar və məcburi köçkünlərə güzəşt olunan məbləğdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşadığı mənzilində elektrik enerjisindən istifadə etdiyi üçün xx.xx.2011-ci il tarixədək 1997 manat borc, 248,5 manat dəbbə pulu, ümumilikdə 2245,5 manat borcu hesablanmışdır. İddiaçı kommunal xidmətlərə və elektrik enerjisindən istifadəyə görə ödənişlərin AR Qaçqılar və Məcburi Köçkünlərin problemləri üzrə Dövlət Komitəsi tərəfindən ödənildiyi üçün borcunun olmadığını iddia edir. Hazırda iddiaçı onun üzərinə yazılmış borcun yaranmasından 17 ildən artıq bir müddətin keçdiyini və borcun silinməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, X5 məxsus ünvan 1 ünvanına dair 1997 manat əsas borc, 248,5 manat cərimə borcu hesablanmışdır.

8. Mülki işin materiallarında olan abonent X3 məxsus ünvan 1 (abonent kodu **********20212) ünvan üzrə yerləşən mənzilin 2023-cü il üçün borc məbləği 3 manat təşkil edir.

9. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 263672 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən abonent X3 məxsus ünvan 1 (abonent kodu **********20212) ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, abonent tərəfindən sayğac zədələnərək mənzilə birbaşa sayğacdan kənar xətt aparılmışdır.

10. Mülki işin materiallarında olan 263672 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Qasımova Seyrana (abonent kodu **********20212) əlavə olaraq 0,8*0.22*24*276=1166*6,08=93,26 kvts hesablanmışdır.

11. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 018524 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən abonent Qasımova Seyrana məxsus ünvan 1 (abonent kodu **********20212) ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, abonent tərəfindən sayğac zədələnərək mənzilə birbaşa sayğacdan kənar xətt aparılmışdır.

12. Mülki işin materiallarında olan 018524 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Qasımova Seyrana (abonent kodu **********20212) əlavə olaraq 2,42*07*24*150=6098 kvts hesablanmışdır.

13. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 240089 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən abonent Qasımova Seyrana məxsus ünvan 1 (abonent kodu **********20212) ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, abonent tərəfindən sayğac zədələnərək mənzilə birbaşa sayğacdan kənar xətt aparılmışdır.

14. Mülki işin materiallarında olan 240089 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Qasımova Seyrana (abonent kodu **********20212) əlavə olaraq 4,2*0.22*(0,7)*24*90=1397*0,13=181,61 kvts hesablanmışdır.

15. Mülki işin materiallarında olan Azərişıq» ASC-nin 203733 nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən abonent Qasımova Seyrana məxsus ünvan 1 (abonent kodu **********20212) ünvan üzrə yerləşən mənzilə aid elektrik sayğaca baxış keçirilmiş, məlum olmuşdur ki, abonent tərəfindən sayğac zədələnərək mənzilə birbaşa sayğacdan kənar xətt aparılmışdır.

16. Mülki işin materiallarında olan 203733 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Qasımova Seyrana (abonent kodu **********20212) əlavə olaraq 7,6*0.22*(0,7)*24*1859=5196 kvts hesablanmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

19. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

22. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məcburi köçkündür.

24. Göründüyü kimi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər xx.xx.2016-cı il tarixədək nəzərdə tutulmasına baxmayaraq iddiaçıya əsassız borc hesablanmışdır.

25. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 12 saylı evin 212 saylı mənzilinə hesablanmış 2245,50 AZN (iki min iki yüz qırx beş manat, əlli qəpik məbləğində borc **********20212 saylı abunə hesabından silinməlidir.

26. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

27. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

28. Belə olan halda, iddia tələbi təmin edildiyindnən, cavabdeh "xxxx" ASC-dən 42,46 AZN (qırx iki manat, qırx altı qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 12 saylı evin 212 saylı mənzilinə hesablanmış 2245,50 AZN (iki min iki yüz qırx beş manat, əlli qəpik məbləğində borc **********20212 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 42,46 AZN (qırx iki manat, qırx altı qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar