Məhkəmə qərarları › İş №2(006)-4149/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4149/2020

15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4149/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müddətli əmək müqavilələrinin etibarsızlığı, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa, xəstəlik vərəqəsi üzrə ödənişin, məcburi iş buraxma müddəti günləri üçün əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsaslanan xx.xx.2020-ci il tarixli 128/A saylı əmrin və bu əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılaraq ləğv edilməsi; xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsi və ona edilmiş əlavələrin etibarsız hesab edilməsi; onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi; xx xxxx 2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi (seriya 00006, № 805210) üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının ödənilməsi; ona vurduğu 150.000 manat mənəvi ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə və eyni tarixli 138K saylı əmrə əsasən «xxxxxx» İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100K saylı əmri ilə 8 saylı filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi təyin edilmişdir. xx.xx.2017-ci il tarixli 61/1T saylı əmr ilə 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə bu bankda 5 il müddətsiz işlədiyindən əmək müqaviləsi Əmək və X9 Nazirliyinin saytında (e-gov-da) avtomatik olaraq müddətsiz müqaviləyə (Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi) çevrilmişdir. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli əmək müqaviləsi təqdim etmiş, o da ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzalamışdır və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə yenidən 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, 2013-cü ildən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanunsuz olaraq (belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan onunla bağlanan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlanmış və hər dəfə qısa müddətlərə artırılırdı (3-6 ay arası müddətlərə). Onu da qeyd edir ki, cavabdeh bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia yeni sədr təyin edildiyi tarixdən, yəni 2016-cı ilin iyun ayından etibarən xx.xx.2020-ci il tarixədək ona qarşı açıq-aşkar qərəz göstərirdi. Cavabdeh ASC-də peşəkar və təcrübəli bank işçisi kimi müsbət göstəricilərə nail olmasına baxmayaraq, şəxsən İdarə Heyətinin sədri Nikoloz Şurqaia tərəfindən həmişə sıxışdırılmışdır, müxtəlif psixoloji təzyiqlərə məruz qalmışdır. Filial göstəricilərinin yaxşılaşdırılması istiqamətində çox filiallara örnək ola biləcək konkret nəticələr ortaya qoysa da, bank rəhbərliyi tərəfindən «Rəfail müəllim, ixtisara düşmüsünüz!», «Rəfail müəllim, işdən çıxmağa dair ərizəni yazın!», «Filialın yerini dəyişəcəm!» və «Filial rentabelli deyil, filialı bağlayacağam» kimi xəbərdarlıqlarla intensiv şəkildə onu təhdid edirdi. Dəfələrlə işdən çıxma barədə ərizə yazmasını tələb etmişlər. Bildirir ki, onun aldığı maaş müdir müavini vəzifəsində işləyəndə, müdir vəzifəsini müvəqqəti icra edəndə və müdir vəzifəsində işləyəndə də eyni maaş, yəni müavin maaşı olub. Rəhbərlik etdiyi Filialın filiallar arasında əq yaxşı mənfəət verməsinə baxmayaraq, maaşı o biri filial müdirlərinin aldıqları maaşdan az olub. Daxili qayda ilə ona verilməli olan bonus verilməyib və sonradan aldığı bonus bilərəkdən az məbləğlərdə verilib. Filialın balansında xidməti avto nəqliyyat vasitəsinin olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsindən onun istifadə etməsinə qadağa qoyulub. Ona görə də, ailəsinə aid avtonəqliyyat vasitəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu yöndəki narazılığına isə nəinki əhəmiyyət verilməyib, hətta qeyri-adekvat münasibətin digər işçilər arasında demotivasiya yarada biləcəyinə dair yazılı şəkildə verdiyi təkliflər də nəzərə alınmayıb. Heç şübhəsi yoxdur ki, ona qarşı bu cür qeyri-adekvat münasibətin arxasında başda İdarə Heyətinin sədri olmaqla Baş İdarədəki vəzifəli şəxslərin qeyri-qanuni kreditlərin buraxılmasına dair tələb və istəklərinə «Yox!» cavabı verməyi səbəb olub. Çünki Nikolozun sədri olduğu İdarə Heyətinin qəbul etdiyi qanuna zidd qərarlarını icra etməkdən imtina edirdi və verdiyi qanunsuz tapşırıqları yerinə yetirməmişdir (istənilən qədər təsdiqedici sənədlər təqdim edə bilər). Əlavə olaraq onu da bildirir ki, iş prosesi zamanı həm sədr tərəfindən, həm də tabeliyində olan və Baş İdarə işçiləri tərəfindən ona dəfələrlə böhtan atılmağa çalışılmışdır. Bu cür suçlamalarla öz çirkin məqsədlərinə çata bilməyən bank rəhbərliyi növbəti dəfə böhtan mexanizmi işə salmaq yolunu tutdu. Belə ki, Nikoloz Şurqaia iclasda maaşların 20 % endiriləcəyini bildirmiş və kim razı olmasa əmək müqaviləsinin müddəti bitəndə xitam verəcəyi ilə hədələmişdir. O isə N.Şurqaiaya xx.xx.2020-ci il tarixində müraciət etmişdir ki, bu maaşların aşağı salınması işçilər arasında demotivasiya yaradacaq və özü ilə bağlı onu da bildirmişdir ki, onsuz da onun maaşı o biri filial müdirlərinin maaşından azdır, ailə vəziyyətində çətinliklər var. Müraciətində qeyd etmişdir ki, filialın mənfəətlə işləməsini nəzərə alaraq işçilərin maaşı azaldılmasın. Bununla belə etiraz etmir, xahiş edir durumunu başa düşsünlər və əmək haqqını digər filial rəhbərləri ilə eyni səviyyəyə bərpa etsinlər, sonra 20 % azaltsınlar. Bunun qarşılığında xx.xx.2020-ci il tarixdə müraciətini bir kənara qoyaraq onun haqqında mənfi rəy yaradılması məqsədi ilə Baş Direktora və kuratoru olan Sədr Müavininə (hər ikisi bankda yeni işçilərdir) onun işgüzar nüfuzuna xələl gətirən cümlələrlə barəsində tədbir görülməsini istəmişdir. Bununla da ona münasibətdə planlı böhtan kompaniyasına başlanmışdır. Bildirilmişdir ki, guya «Keyfiyyətə Nəzarət Şöbəsi»nin əməkdaşını təhqir etmişdir, şöbə müdirinə hədə-qorxu gəlmişdir. Guya o, X5 direktorunun işgüzar nüfuzuna xələl gətirən açıqlamalar vermişdir. Hər 3 məsələ Bankın Nizam-İntizam Komissiyasında müzakirəyə çıxarılsa da, barəsində deyilənlər sübut olunmadığını və böhtan xarakteri daşıdığına görə də komissiya 3 günlük müzakirələrdən sonra qərar qəbul etmədən dağılışmaq məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixdə «xxxxxx» İKB ASC adı dəyişdirilərək Cavabdeh ASC olmuşdur. Səhhətində ciddi problemlər yaranmışdı. Bu barədə xx.xx.2020-ci il tarixdə səhər saat 08:52-də öz mobil telefonunun (050 440-50-90) whatsapp proqramı vasitəsi ilə İdarə Heyətinin sədr müavini Yaşar Kərimova məxsus 050 252-50-50, X1 direktoru Namiq Baxşəliyevə məxsus 055 909-03-55, X2 Departamentinin direktoru Ziya Rəcəbova məxsus 050 265-40-40, həmin departamentin şöbə müdiri Arifə Qasımovaya məxsus 055 ***-**-** mobil telefon nömrələrinə mesaj yazaraq, xəstəliyi ilə əlaqədar olaraq işə çıxa bilməyəcəyi barədə sonuncuları məlumatlandırmışdır. Həmin gün xəstəliyi ilə əlaqədar olaraq həkimə müraciət etmişdir. Həkimin diaqnozu ilə (hipertoniya xəstəliyi) ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 805210 saylı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi açılmışdır. İşdə olmadığı vaxt, xx.xx.2020-ci il tarixdə evdə müalicə olunduğu zaman poçt vasitəsi ilə qeydiyyat ünvanına eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixdə imzalanmış 3 ədəd sənəd – bildiriş, işdən azad olunması barədə əmr və əmək müqaviləsinə xitam verilməsi barədə məktub cavabdeh tərəfindən göndərilmişdir və bununla da, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2020-ci il tarixli 128/A saylı əmr ilə xitam verildiyi aydın olmuşdur. Bankın Sədri onu işdən çıxararkən hətta dövlət başçısı İ.Əliyevin pandemiya (karantin dövründə) qeyri-neft sektorunda çalışan işçilərin işdən çıxarılmamasına dair verdiyi tövsiyəyə belə əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də, məhkəmə qaydasında ləğv edilməlidir. Əmək Məcəlləsinin bəzi normalarına istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, onun himayəsində İ qrup əlil olan qız övladı və İİ qrup əlil olan həyat yoldaşı var. Qızı mütəmadi olaraq ölkə ərazisində və xarici xəstəxanalarda müayinə və müalicə olur. Hamıya bəlli olan hallardan biri də ondan ibarətdir ki, mart ayından başlayaraq ölkə ərazisində pandemiya şəraiti hökm sürür. Cavabdehin onu qanunsuz olaraq işdən azad etməsi nəinki ona, eləcə də ailə üzvlərinə maddi və mənəvi ziyan vurmuşdur. Ailələri demək olar ki, iflic halına düşüb. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə 150.000 manat dəyərində mənəvi ziyan dəymişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsaslanan xx.xx.2020-ci il tarixli 128/A saylı əmrin və bu əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılaraq ləğv edilməsi; xx xxxx 2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə (seriya 00006 № 805210) xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi; ona vurduğu 150.000 manat mənəvi ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı əlavə olaraq qeyd etmişdir ki, o, cavabdeh bankda 7 ildən artıq müddətdir ki, çalışır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab olunur. Göründüyü kimi, qanunvericilik müddətli əmək müqaviləsinin müddətsizə keçirilməsi üçün əsas şərt olaraq fasiləsizliyi nəzərdə tutur. Məhkəmənin icraatında olan iş materiallarından da aydın şəkildə görünür ki, o, cavabdeh bankda 7 ildən artıqdır ki, fasiləsiz olaraq fəaliyyət göstərir. 2018ci ilin iyun ayının 8-də cavabdeh guya iyun ayının 4-də onunla olan müddətli müqaviləyə xitam verib, bundan 3 gün sonra yenidən müddətli müqavilə rəsmiləşdirsə də, bu həmin müəssisədə, həmin işdə, həmin vəzifədə fasilə verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin bu halının eyni müəssisədə, eyni vəzifədə əmək fəaliyyətinə müddətli müqavilə əsasında fasilə verilməsi kimi təsbit olunmasına dair qanunvericilik norması mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunun təkcə hərfi mənaya deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Cavabdehlə onun arasında bağlanmış əmək müqavilələri əqddir. Ona görə də, məhkəmə bu müqavilələrə uyğun olaraq cavabdehlə onun arasında 2003-cü ildə bağlanmış əqd üzrə, yəni əmək müqaviləsi üzrə başlanan və fasiləsiz davam edən əmək münasibətləri üzrə tərəflərin iradə ifadəsini 2018-ci ildə əqdin hərfi və formal olaraq ləğv edilib, 3 gündən sonra yenidən rəsmiləşdirilməsi üzrə müddətli əmək müqaviləsinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə işin bu faktiki halını ağlabatan mühakimə ilə qiymətləndirilməlidir. Ağlabatan mühakimə isə onu göstərir ki, o, 7 ildir ki bu müəssisədə işləyir. 2018-ci ilin iyun ayının 4-də əmək müqaviləsinin ondan həm işdən çıxma, həm də işə qəbul ərizəsi ilə eyni gündə alınmaqla formal şəkildə ləğv edilib, 3 gündən sonra yenidən işə qəbul əmri ilə rəsmiləşdirilməsi tərəflərin həqiqi iradə ifadəsinin məzmununa uyğun deyildir. Hər iki tərəfin həqiqi iradə ifadəsi ondan ibarətdir ki, cavabdeh və o, 2018-ci ilin iyun ayının 4-də müddətli müqavilənin uzadılması ilə bağlı iradələrini ifadə etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə qanunvericiliyin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən günü iddiaçının xəstəliyi barədə işəgötürəndə məlumat olmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı əmək kitabçasındakı məlumatlara əsasən o, xx.xx.2013-cü il tarixdən Cavabdeh ASC-də (rebrendinqdən öncə «xxxxxx» İKB ASC) işləyir. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən İddiaçı «xxxxxx» İKB ASC-nin 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək bağlanmışdır. Tərəflər arasında müqaviləyə müddətin artırılması barədə əlavələr sonuncu - 5-ci əlavədən görünür ki, müqavilə xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmışdır. - Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 128/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə İddiaçı (143303) - Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə son iş günü xx.xx.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. - 805210 saylı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı hipertoniya diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətli olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Cavabdeh ASC-də (rebrendinqdən öncə «xxxxxx» İKB ASC) işləmişdir. Sonuncu dəfə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən İddiaçı «xxxxxx» İKB ASC-nin 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək bağlanmışdır. Sonradan tərəflər arasında müqaviləyə müddətin artırılması barədə əlavələr imzalanmışdır. Sonuncu, 5-ci əlavə xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmışdır. İddiaçı (143303) - Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə son iş günü xx.xx.2020-ci il tarixi olduğu üçün Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 128/A saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Məhkəmə hesab edir ki, cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə istinad edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi əmək qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə sağlamlıq durumu ilə bağlı işə çıxa bilməmiş, bu barədə aidiyyatı şəxsləri məlumatlandırmış, həkimə müraciət etmiş, əmək qabiliyyətinin olmaması vərəqəsi almışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verlir. Həmin normanın İİ hissəsinə əsasən isə işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçının xəstələnməsi ilə bağlı əmək qabiliyyətsiz olmasına dair işəgötürəndə məlumat olmamasını göstərsə də, məhkəmə iddiaçı tərəfin bununla əlaqədar irəli sürdüyü dəlilləri daha inandırıcı sayır. Belə ki, iddiaçının təqdim etdiyi «whatsapp» proqramı vasitəsilə, habelə mobil operatorların SMS xidməti vasitəsilə olan yazışmaların surətlərindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 08:52-də öz mobil telefonunun (050 440-50-90) həmin proqramı vasitəsi ilə İdarə Heyətinin sədr müavini Yaşar Kərimova məxsus 050 252-50-50, X1 direktoru Namiq Baxşəliyevə məxsus 055 909-03-55, X2 Departamentinin direktoru Ziya Rəcəbova məxsus 050 265-40-40, həmin departamentin şöbə müdiri Arifə Qasımovaya məxsus 055 ***-**-** mobil telefon nömrələrinə mesaj yazaraq, xəstəliyi ilə əlaqədar olaraq işə çıxa bilməyəcəyi barədə sonuncuları məlumatlandırmışdır. İddiaçının xəstələnməsi ilə bağlı əmək qabiliyyətsiz olmasına dair işəgötürəndə məlumat olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən adları qeyd edilən şəxslərin Azərbaycan Respublikasının MPM-nin 62-ci maddəsinin tələblərinə uyğun şahid qismində dəvət edilməsinə baxmayaraq (cavabdehin nümayəndəsinin bildirdiyinə görə onlar bu çağırışla məlumatlandırılmışlar) məlum olmayan səbəblərdən məhkəməyə gəlməmələri faktı məhkəməyə yuxarıda göstərilən qənaətə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. İddiaçıya münasibətdə əmək qanunvericiliyinin bu və digər tələblərinin cavabdeh tərəfindən pozulması faktı həmçinin məhkəməyə təqdim edilmş Dövlət Əmək Müfəttişliyinin cavabdehin rəhbəri barəsində tərtib etdiyi xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətlərinin məzmunu ilə də təsdiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin İ hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmr əmək qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün həmin əmr, eləcə də həmin əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydi etibarsız sayılmalı, o əvvəlki vəzifəsinə bərpa edilməli, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, eləcə də, xəstəlik vərəqəsi üzrə ödənclər ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X10 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. X10 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hesab edir ki, ona mənəvi ziyanın vurulması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan tutulması hissəsində rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı – İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmr və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydi etibarsız sayılmalı, İddiaçı işə bərpa edilməli və ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, eləcə də, xəstəlik vərəqəsi üzrə ödənclər ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydi etibarsız sayılsınlar. İddiaçı əvvəlki işinə bərpa edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilsin. Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar