Məhkəmə qərarları › İş №2(103)-9642/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9642/2021

08.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9642/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)- 4149/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsaslanan 01.07.2020-ci il tarixli 128/A saylı əmrin və bu əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılaraq ləğv edilməsi; 01 iyul 2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə (seriya 00006 nömrə 805210) xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi; 150.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi, müqavilənin müddətsiz bağlanmış hesab edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə aralarında bağlanmış 03.06.2013-cü il tarixli əmək müqaviləsinə və eyni tarixli 138K saylı əmrə əsasən "xxxx" İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. 29.11.2016-cı il tarixli 1100K saylı əmri ilə 8 saylı filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi təyin edilmişdir. 22.05.2017-ci il tarixli 61/1T saylı əmr ilə 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. 24.06.2018-ci il tarixli 54/A saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, 03.06.2018-ci il tarixdə bu bankda 5 il müddətsiz işlədiyindən əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin saytında (e-gov-da) avtomatik olaraq müddətsiz müqaviləyə (Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi) çevrilmişdir. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli əmək müqaviləsi təqdim etmiş, o da ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzalamışdır və 08.06.2018-ci il tarixli 53/Q saylı əmrlə yenidən 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, 2013-cü ildən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanunsuz olaraq (belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan onunla bağlanan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlanmış və hər dəfə qısa müddətlərə artırılırdı (3-6 ay arası müddətlərə). Onu da qeyd edir ki, cavabdeh bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia yeni sədr təyin edildiyi tarixdən, yəni 2016-cı ilin iyun ayından etibarən 01.07.2020-ci il tarixədək ona qarşı açıq-aşkar qərəz göstərirdi. Cavabdeh ASC-də peşəkar və təcrübəli bank işçisi kimi müsbət göstəricilərə nail olmasına baxmayaraq, şəxsən İdarə Heyətinin sədri Nikoloz Şurqaia tərəfindən həmişə sıxışdırılmışdır, müxtəlif psixoloji təzyiqlərə məruz qalmışdır. Filial göstəricilərinin yaxşılaşdırılması istiqamətində çox filiallara örnək ola biləcək konkret nəticələr ortaya qoysa da, bank rəhbərliyi tərəfindən «Rəfail müəllim, ixtisara düşmüsünüz!», «Rəfail müəllim, işdən çıxmağa dair ərizəni yazın!», «Filialın yerini dəyişəcəm!» və «Filial rentabelli deyil, filialı bağlayacağam» kimi xəbərdarlıqlarla intensiv şəkildə onu təhdid edirdi. Dəfələrlə işdən çıxma barədə ərizə yazmasını tələb etmişlər. Bildirir ki, onun aldığı maaş müdir müavini vəzifəsində işləyəndə, müdir vəzifəsini müvəqqəti icra edəndə və müdir vəzifəsində işləyəndə də eyni maaş, yəni müavin maaşı olub. Daxili qayda ilə ona verilməli olan bonus verilməyib və sonradan aldığı bonus bilərəkdən az məbləğlərdə verilib. Filialın balansında xidməti avto nəqliyyat vasitəsinin olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsindən onun istifadə etməsinə qadağa qoyulub. Ona görə də, ailəsinə aid avtonəqliyyat vasitəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu yöndəki narazılığına isə nəinki əhəmiyyət verilməyib, hətta qeyri-adekvat münasibətin digər işçilər arasında demotivasiya yarada biləcəyinə dair yazılı şəkildə verdiyi təkliflər də nəzərə alınmayıb. Heç şübhəsi yoxdur ki, ona qarşı bu cür qeyri-adekvat münasibətin arxasında başda İdarə Heyətinin sədri olmaqla Baş İdarədəki vəzifəli şəxslərin qeyri-qanuni kreditlərin buraxılmasına dair tələb və istəklərinə «Yox!» cavabı verməyi səbəb olub. Çünki Nikolozun sədri olduğu İdarə Heyətinin qəbul etdiyi qanuna zidd qərarlarını icra etməkdən imtina edirdi və verdiyi qanunsuz tapşırıqları yerinə yetirməmişdir (istənilən qədər təsdiqedici sənədlər təqdim edə bilər). Əlavə olaraq onu da bildirir ki, iş prosesi zamanı həm sədr tərəfindən, həm də tabeliyində olan və Baş İdarə işçiləri tərəfindən ona dəfələrlə böhtan atılmağa çalışılmışdır. Bu cür suçlamalarla öz çirkin məqsədlərinə çata bilməyən bank rəhbərliyi növbəti dəfə böhtan mexanizmi işə salmaq yolunu tutdu. Belə ki, Nikoloz Şurqaia iclasda maaşların 20 % endiriləcəyini bildirmiş və kim razı olmasa əmək müqaviləsinin müddəti bitəndə xitam verəcəyi ilə hədələmişdir. O isə N.Şurqaiaya 19.05.2020-ci il tarixində müraciət etmişdir ki, bu maaşların aşağı salınması işçilər arasında demotivasiya yaradacaq və özü ilə bağlı onu da bildirmişdir ki, onsuz da onun maaşı o biri filial müdirlərinin maaşından azdır, ailə vəziyyətində çətinliklər var. Müraciətində qeyd etmişdir ki, filialın mənfəətlə işləməsini nəzərə alaraq işçilərin maaşı azaldılmasın. Bununla belə etiraz etmir, xahiş edir durumunu başa düşsünlər və əmək haqqını digər filial rəhbərləri ilə eyni səviyyəyə bərpa etsinlər, sonra 20 % azaltsınlar. Bunun qarşılığında 20.05.2020-ci il tarixdə müraciətini bir kənara qoyaraq onun haqqında mənfi rəy yaradılması məqsədi ilə Baş Direktora və kuratoru olan Sədr Müavininə (hər ikisi bankda yeni işçilərdir) onun işgüzar nüfuzuna xələl gətirən cümlələrlə barəsində tədbir görülməsini istəmişdir. Bununla da ona münasibətdə planlı böhtan kompaniyasına başlanmışdır. Bildirilmişdir ki, guya «X4»nin əməkdaşını təhqir etmişdir, şöbə müdirinə hədə-qorxu gəlmişdir. Guya o, X2 direktorunun işgüzar nüfuzuna xələl gətirən açıqlamalar vermişdir. Hər 3 məsələ Bankın Nizam-İntizam Komissiyasında müzakirəyə çıxarılsa da, barəsində deyilənlər sübut olunmadığını və böhtan xarakteri daşıdığına görə də komissiya 3 günlük müzakirələrdən sonra qərar qəbul etmədən dağılışmaq məcburiyyətində qalmışdır. 22.11.2019-cu il tarixdə "xxxx" İKB ASC adı dəyişdirilərək Cavabdeh ASC olmuşdur. Səhhətində ciddi problemlər yaranmışdı. Bu barədə 01.07.2020-ci il tarixdə səhər saat 08:52-də öz mobil telefonunun (050 440-50-90) whatsapp proqramı vasitəsi ilə İdarə Heyətinin sədr müavini Yaşar Kərimova məxsus 050 252-50-50, Bank Təhlükəsizlik Departamentinin direktoru Namiq Baxşəliyevə məxsus 055 909-03-55, X1 Departamentinin direktoru Ziya Rəcəbova məxsus 050 265-40-40, həmin departamentin şöbə müdiri Arifə Qasımovaya məxsus 055 208-19-22 mobil telefon nömrələrinə mesaj yazaraq, xəstəliyi ilə əlaqədar olaraq işə çıxa bilməyəcəyi barədə sonuncuları məlumatlandırmışdır. Həmin gün xəstəliyi ilə əlaqədar olaraq həkimə müraciət etmişdir. Həkimin diaqnozu ilə (hipertoniya xəstəliyi) ona 01.07.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək 805210 saylı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi açılmışdır. İşdə olmadığı vaxt, 02.07.2020-ci il tarixdə evdə müalicə olunduğu zaman poçt vasitəsi ilə qeydiyyat ünvanına eyni tarixdə, yəni 01.07.2020-ci il tarixdə imzalanmış 3 ədəd sənəd – bildiriş, işdən azad olunması barədə əmr və əmək müqaviləsinə xitam verilməsi barədə məktub cavabdeh tərəfindən göndərilmişdir və bununla da, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq 01.07.2020-ci il tarixli 128/A saylı əmr ilə xitam verildiyi aydın olmuşdur. Bankın Sədri onu işdən çıxararkən hətta dövlət başçısı İ.Əliyevin pandemiya (karantin dövründə) qeyri-neft sektorunda çalışan işçilərin işdən çıxarılmamasına dair verdiyi tövsiyəyə belə əhəmiyyət verməmişdir. Onun himayəsində İ qrup əlil olan qız övladı və İİ qrup əlil olan həyat yoldaşı var. Qızı mütəmadi olaraq ölkə ərazisində və xarici xəstəxanalarda müayinə və müalicə olur. Hamıya bəlli olan hallardan biri də ondan ibarətdir ki, mart ayından başlayaraq ölkə ərazisində pandemiya şəraiti hökm sürür. Cavabdehin onu qanunsuz olaraq işdən azad etməsi nəinki ona, eləcə də ailə üzvlərinə maddi və mənəvi ziyan vurmuşdur. Ailələri demək olar ki, iflic halına düşüb. O, cavabdeh bankda 7 ildən artıq müddətdir ki, çalışır. 2018-ci ilin iyun ayının 8-də cavabdeh guya iyun ayının 4-də onunla olan müddətli müqaviləyə xitam verib, bundan 3 gün sonra yenidən müddətli müqavilə rəsmiləşdirsə də, bu həmin müəssisədə, həmin işdə, həmin vəzifədə fasilə verilməsi kimi qiymətləndirilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)- 4149/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 01.07.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona 01.07.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03.06.2013-cü il tarixdən 04.06.2018-ci il tarixədək cavabdeh bankda fasiləsiz olaraq çalışmış, 08.06.2018-ci il tarixdə təkrarən eyni müəssisəyə, eyni vəzifəyə işə qəbul olunmaqla, 01.07.2020-ci il tarixədək yenidən həmin bankda əmək fəaliyyətinə davam etmişdir. Cavabdehin 04.06.2018-ci il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verərək 3 iş günü sonra, yəni 08.06.2018-ci il tarixdə yenidən eyni müəssisə və eyni vəzifə üzrə əmək müqaviləsi bağlaması müqaviləyə yalnız formal olaraq xitam verildiyini, bunun tərəflərin həqiqi iradə ifadəsinin məzmununa uyğun olmadığını sübut edir. Belə ki, qanunvericilik müddətli əmək müqaviləsinin müddətsizə keçirilməsi üçün əsas şərt olaraq fasiləsizliyi nəzərdə tutur. İş materiallarından da aydın şəkildə görünür ki, o, cavabdeh bankda 7 ildən artıqdır fasiləsiz olaraq fəaliyyət göstərmiş, hətta 03.06.2013-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsi 5 ildən artıq müddətə davam etdiyinə görə, elektron sistemdə həmin əmək müqaviləsinin növü “müddətsiz” əmək müqaviləsi kimi görünürdü. Bu isə bir daha onu sübut edir ki, cavabdeh 04.06.2018-ci il tarixdə əslində müqaviləyə xitam vermək niyyəti olmadan, məhz müqavilənin müddətsiz əmək müqaviləsinə çevrilməməsi üçün, guya, onunla müddətli müqaviləyə xitam verib və bundan 3 iş günü sonra, yəni 08.06.2018-ci il tarixində yenidən onunla müddətli müqavilə rəsmiləşdirmişdir. Bu isə, həmin müəssisədə, həmin işdə, həmin vəzifədə fasilə verilməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunan hallar cavabdehlə arasında bağlanmış 08.06.2018-ci il tarixli müddətli əmək müqaviləsi və ona edilmiş əlavələrin etibarsız hesab edilərək, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün kifayət qədər əsas verir. Bundan başqa, Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi, qanunun müvafiq maddəsində məcburi iş buraxma müddəti üçün aşkar şəkildə orta əmək haqqının ödənilməsinin nəzərdə tutulmasına və iddia tələbinin həmin formada bildirilməsinə baxmayaraq, məhkəmə tərəfindən ona orta aylıq əmək haqqı deyil, aylıq əmək haqqı ödənilməsi qət olunmuşdur. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin ödənilməməsi barədə də qanunsuz və əsassız nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, onun himayəsində 1-ci qrup əlilliyi olan qız övladı və 2-ci qrup əlilliyi olan həyat yoldaşı var. Qızı mütəmadi olaraq ölkə ərazisində və xarici xəstəxanalarda müayinə və müalicə olunur. Həmçinin məlumdur ki, mart ayından başlayaraq ölkə ərazisində pandemiya şəraiti hökm sürür. Ailəni yeganə dolandıran şəxsin qanunsuz olaraq, üstəlik də pandemiya şəraitində və 7 ildən artıq fasiləsiz olaraq çalışdığı iş yerini itirməsinin ona və ailəsinə nə dərəcədə mənəvi iztirab verməsi hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdur. Cavabdeh apelyasiya şikayəti və ona əlavədə, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin və ona əlavənin dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara və dəlillərə heç bir qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə olma, məzuniyyət və s. bu kimi hallar əmək müqaviləsinin müddətinin başa çatmasının qarşısını almır və müddəti başa çatdıqda müqavilə xitam edilmiş hesab edilir. İddiaçı əmək qabiliyyətinin olmaması barədə 01-10.07.2020-ci il tarixlərini əhatə edən sənəd “almasına” baxmayaraq, həqiqətən xəstə olmamış, bunu 03.07.2020-ci il və 10.07.2020-ci il tarixlərində ATM-dən əldə edilən şəkillərlə də görmək olar. 11.07.2020-ci il tarixdə işdə olmalı olsa da, 01.07.2020-ci il tarixdən etibarən işə çıxmamış və bununla da ƏM-in 73.2-ci maddəsinin ona şamil olunmadığını məhkəmə nəzərə almamışdır. Hətta, bu maddənin hərfi oxunuşu qəbul edilsə belə, düzgün tətbiq etməmişdir. Çünki iddiaçının özünün şəxsən Banka bildirdiyi kimi “Xahiş edirəm yeni işə düzəlməyimlə bağlı mənə xasiyətnamə verilməsini təmin edəsiniz” faktını naməlum səbəblərdən iddiaçının özünün cavabdehlə əmək münasibətlərini davam etdirməmək niyyəti kimi qəbul etməmişdir və ya qəbul etmək istəməmişdir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçının xəstələnməsi ilə bağlı əmək qabiliyyətsiz olmasına dair işəgötürəndə məlumat olmamasını göstərsə də, iddiaçı tərəfin bununla əlaqədar irəli sürdüyü dəlilləri daha inandırıcı hesab etmişdir. Belə ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi "Whatsapp" proqramı vasitəsi ilə, habelə mobil operatorların SMS xidməti vasitəsi ilə yazışmaları əsas götürmüşdür. Lakin elektron formada ötürülən məlumatları, yazışmaları, onları göndərən tərəfinin şəxsiyyətini müəyyənləşdirilməsi, həmin məlumatları ünvalanan şəxsləri eyniləşdirilməsi, həmin şəxslərə həmin məlumatları dəyşdirilmədən, ilkin formada çatmasının müyyənləşdirmək üçün həmin yazışmaları yalnız printer vasitəsi ilə adi kağız formasında çap edərək məhkəməyə təqdim edilməklə məhkəmə tərəfindən mötəbərli və həqiqliyini müəyyən edilmiş sübüt kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə, iddiaçı tərəfindən 01.07.2020-ci il tarixdə sağlamlıq durumu ilə bağlı əmək qabiliyyətinin olmaması vərəqəsi əldə edildiyi üçün cavabdehin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verməsini qeyd etmişdir. Halbuki, həmin maddə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi anına qeyd olunan üzürlü səbəbləri işəgötürənə məlum olmasını nəzərdə tutmuşdur. Cavabdeh iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilən günə iddiaçının müvvəqqəti əmək qabiliyyətinin olmaması barədə heç bir məlumatı olmamışdır. Banka ancaq 14.07.2020-ci il tarixdə rəsmi qaydada məktub daxil olmuş və həmin məktuba əlavə olunmuş xəstəlik vərəqəsinə əsasən vətəndaş İddiaçı 01.07.2020-ci il tarixdə müvvəqqəti əmək qabiliyyətinin olmaması qeyd olunmuşdur. Beləliklə, Əmək müqaviləsinə xitam verilən gündən (01.07.2020- ci il tarixdən) yalnız 14 gündən sonra banka rəsmi qaydada iddiaçının əmək qabiliyyəti olmaması barədə məlumat və təsdiqedici sənəd təqdm edilmişdir. Həmçinin, iddiaçının verdiyi ifadələrinə əsasən onun əmək qabiliyyətinin olmaması əmək müqavilənin xitam verildiyi gündə təsadüf etməsi, xitam verilən gün xəstəlik vərəqəsinin açılması və xəstəlik vərəqəsi açılandan sonra uzun müddətdən sonra banka təqdim edilməsi cavabdehdə xəstəlik vərəqəsinin saxta üsullarla hazırlanmasına dair əsaslı şübhələr yaratmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2020-ci il tarixli 2(103)-8540/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 saylı iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-2974/2021 saylı Qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iddiaçı Həsənov Rəfail Qiyas oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8540/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qətnaməsi iddianın müqavilənin müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni baxışa göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndələri apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İddiaçının 07.09.2020-ci il tarixli iddia tələbinin dəqiqləşmə ərizəsində irəli sürdüyü tələblərdən biri əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi olmuş və bu tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 7 il həmin bankda fasiləsiz işləmişdir. Cavabdehlə onun arasında 2013-cü ildə bağlanmış əqd üzrə, yəni əmək müqaviləsi üzrə başlanan və fasiləsiz davam edən əmək münasibətləri üzrə tərəflərin iradə ifadəsini 2018-ci ildə əqdin hərfi və formal olaraq ləğv edilib, 3 gündən sonra yenidən rəsmiləşdirilməsi üzrə müddətli əmək müqaviləsinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbinə əsasən tutduğu vəzifə üzrə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Lakin birinci instansiya məhkəməsi qətnaməsində ümumiyyətlə bu tələblər üzrə hər hansı qiymətləndirmə aparmamış, həmin tələblərin hansı əsasla rədd edilməsini qətnamədə göstərməmiş, apelyasiya məhkəməsi isə iddiaçının apellyasiya şikayətinin dəlili kimi müqavilənin müddətsiz hesab edilməsi məsələsinə qiymət verməklə, birinci instansiya məhkəməsinin iddianın bu hissədə təmin etməməsini əsaslı hesab etmiş, məcburi işburaxmaya görə əmək haqqının orta aylıq əmək haqqından hesablanmalı olması barədə iddiaçının dəlilləri isə ümumiyyətlə aradırılmamamış qalmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında ilkin bağlanmış 03.06.2013-cü il tarixdə bağlanmış müqaviləyə 04.06.2018-ci il tarixdə xitam verildiyindən və həmin əmr mübahisələndirilmədiyindən, ikinci müqavilə isə 08.06.2018-ci il tarixdə müddətli bağlanaraq sonuncu tarix 01.07.2020-ci il müəyyən edildiyindən, ikinci müqavilənin müddətsiz hesab edilməsi üçün isə qanunla müəyyən edilmiş fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi şərti ödənilmədiyindən əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi tələbini əsassız hesab etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçının apellyasiya şikayətində işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ona ödənilməsi barədə tələbinə qətnamədə qiymət verilmədiyini, ona aylıq əmək haqqı ödənilməsinin qət edildiyini göstərsə də və Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə istinad edərək, tələbinin əsaslı olduğunu qeyd etsə də, qətnamədə bu dəlilə münasibət bildirməmiş, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir”. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı məxsus İT, ******* nömrəli əmək kitabçasından görünür ki, o, 31.05.2013-cü il tarixli, 138K nömrəli əmrə əsasən, "xxxx" İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, 29.11.2016-cı il tarixli, 1100K nömrəli əmrlə 8 saylı filialın müdiri vəzifələrinin müvəqqəti icraedicisi, 22.05.2017-ci il tarixli, 61/1T nömrəli əmrlə 8 saylı filialın müdiri təyin olunmuş, 04.06.2018-ci il tarixli, 54/A nömrəli əmrlə isə Əmək Məcəlləsinin 68-ci maddəsini 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 02.12.2016-cı il tarixli və 18.05.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərində və 03.06.2018-ci il tarixli və 04.06.2018-ci il tarixli iş yerindən arayışlarda İddiaçılə 03.06.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlandığı qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış 08.06.2018-ci il tarixli, 1288 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" İKB ASC-də 8 saylı filialın müdiri vəzifəsinə işə qəbul edilmiş, müqavilə 11.06.2018-ci il tarixdən 11.12.2018-ci il tarixədək bağlanmışdır. Müqaviləyə 10.12.2018-ci il tarixli 1 nömrəli əlavəyə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 12.12.2018-ci il tarixdən 29.03.2019-ci il tarixədək bağlanır. 15.03.2019-cu il tarixli 2 nömrəli əlavəyə əsasən, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında 01.04.2019-cu il tarixdən 01.10.2019-ci il tarixədək bağlanır. 30.09.2019-cu il tarixli, 5 nömrəli əlavəyə əsasən, isə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında 01.10.2019-cu il tarixdən 01.07.2020-ci il tarixədək olmaqla müddətli bağlanır. Seriya SN 00006, 805210 nömrəli əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə əsasən, İddiaçı, hipertoniya diaqnozu ilə 01.07.2020-ci il tarixdən 10.07.2020ci il tarixədək əmək qabiliyyətli olmamışdır. 01.07.2020-ci il tarixli, 128/a nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə son iş günü həmin tarix olmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsini tələb etmiş, məhkəmə isə bu hissədə iddianı təmin etməmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məcəllənin 47-ci maddəsinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Baxılan iş üzrə iddiaçı 03.06.2013-cü ildən Cavabdeh ASC-də (rebrendinqdən öncə "xxxx" İKB ASC) bankın 8 saylı filialının müdir müavini, 22.05.2017-ci ildən filial müdiri işləyib, həmin müqaviləyə dəyişikliklər edilməsi barədə bildirişlərdə və İddiaçı barəsində iş yerindən arayışlarda isə müqavilənin müddətsiz bağlandığı qeyd olunmuşdur. 04.06.2018ci il tarixdə onun bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, bir neçə gün sonra 08.06.2018-ci il tarixdə iddiaçı yenidən "xxxx" İKB ASC-nin 8 saylı filialının müdiri vəzifəsinə yenidən işə qəbul edilməklə, onunla yenidən müddətli əmək müqavilələri bağlanmış və sonuncu 5-ci əlavədən görünür ki, müqavilə 30 sentyabr 2019-cu il tarixdə bağlanmaqla, müqavilənin müddəti 01.10.2019cu ildən 01.07.2020-ci il tarixədək müəyyən edilmiş və əmək müqaviləsinə son iş günü 01.07.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə görünür ki, iddiaçı 5 il müddət ərzində fasiləsiz olaraq bankda filial müdirinin müavini və müdiri vəzifələrində işləmiş, 5 il müddət tamam olan günü işdən azad edilərək, onunla bir neçə gün sonra yenidən müddətli müqavilə bağlanmışdır. Kollegiyanın qənaətinə görə, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanılmış olması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. İddiaçı apelyasiya şikayətində Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə istinad edərək, işləmədiyi günlərə görə ona orta aylıq əmək haqqının ödənilməli olmasını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının dəlili əsassızdır. İddiaçı hesab edir ki, həmin müddət üçün ona ödənilməli olan məbləğ əmək haqqı yox, orta aylıq əmək haqqı nəzərə alınmaqla ödənilməlidir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün, yəni işdən çıxarıldığı gündən qətnamə icra olunduğu günədək əmək haqqının ödənilməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə kassasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, bununla belə, yeni apelyasiya icraatında həmin dəlilə qiymət verilməsi göstərişi verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 157-ci maddəsinə görə işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Məcəllənin 177-ci maddəsinə görə isə orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir (177.1). Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır (177.4). Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir (177.5). Göründüyü kimi orta əmək haqqının Məcəllənin hansı maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilməsi konkret göstərilmişdir və iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 300-cü maddəsi həmin hallara daxil deyildir. Əmək Məcəllənin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan maddənin tələblərindən görünür ki, işçi vəzifəsinə bərpa edilərkən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, Əmək Məcəllənin 300.1-ci maddəsinin ikinci cümləsində «işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi» imkanı da nəzərdə tutulmuşdur ki, həmin maddənin qeyd hissəsində də məhz «dəymiş zərərin məbləğinə» aydınlıq gətirilmişdir. Başqa sözlə, dəymiz zərər qismində işəgötürəndən orta əmək haqqının tutulması yalnız iddiaçının bu barədə tələbi olduqda mümkün sayıla bilər. Hazırki işdə isə iddiaçının belə bir tələbi yoxdur, iddiaçı orta əmək haqqının ödənilməsini dəymiş zərər üzrə yox, məcburi işburaxma müddəti üçün tələb edir. Göründüyü kimi, qanunvericilikdə birbaşa məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi nəzərdə tutulduğundan, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)- 4149/2020 saylı iş üzrə qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar