Məhkəmə qərarları › İş №2(006)-4164/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4164/2025

07.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4164/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin hallar: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A saylı evin 7 saylı mənzili üzrə (abunə kodu- **********A0007) "xxxx" MMC il dövrünə aid olan 2261.31 manat və "xxxx" ASC-nin dövrünə aid elan 1356,86 manat (cəmi- 3618,17 manat) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 4 nəfər ailə üzvlü birlikdə Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A nömrəli evin 7 saylı mənzilində yaşadığını, yaşadığı mənzilin xx.xx.2013-cü il tarixdən onun xüsusi mülkiyyətində olduğunu və elektrik enerjisinin istehlakçısı olaraq **********A0007 nömrəli abunə kodu ilə qeydiyyata alındığını,o, kommunal ödənişləri, o cümlədən elektrik enerjisi haqqını vaxtlı- vaxtında ödədiyini, onlar evə köçənədək mənzildə məcburi köçkün olan X2 ailəsi yaşadığını, Qaçqın limiti olaraq 4 nəfər qaçqın ailəsinin istehlak etdiyi elektrik enerjisinin dəyəri olaraq hər ay 36 manat “Qaçqınkom tərəfindən ödənilmiş olsa da, həmin ailənin limitdən artıq istehlak etdiyi elektrik enerjisinin dəyəri ödənilməmiş qaldığını, bu səbəbdən "xxxx" MMCnin dövrünə aid olan 2261,31 manat və "xxxx" ASC-nin dövrünə aid olan 1356,86 manat (cəmi-3618,17 manat) borc məbləği tələb edilməyən borc qrafasına qaldırılmış olsa da, mənzilin abunə kodunu öz adına dəyişmək istəyərkən həmin borcu ödənilməsini ondan tələb edildiyini, borcun olmasına dair indiyədək ona heç bir bildiriş verilmədiyini, bu barədə mənzilin abunə kodunu öz adına dəyişmək istəyərkən məlumat aldığını, səhmdar Cəmiyyətin əməkdaşları ona aid olmayan borca görə mənzilin elektrik enerjisini dayandırmaqla hədələdiyini və borcu bəhanə edərək evin abunə kodunu onun adına dəyişmək istəmədiklərini, bu da onun istehlakçı hüququnun pozulmasına səbəb olduğunu, həmin borc silinməli və "Azərişıq’’ ASC-nın əməkdaşlarının borcun ondan tələb etməsinin əsassız olduğunu bildiriərək Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A saylı evin 7 saylı mənzili üzrə (abunə kodu- **********A0007) "xxxx" MMC ıin dövrünə aid olan 2261.31 manat və "xxxx" ASC-nin dövrünə aid elan 1356,86 manat (cəmi-3618,17 manat) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A saylı evin 7 saylı mənzili üzrə (abunə kodu-**********A0007) "xxxx" MMC-nin dövrünə aid olan 2261,31 manat və "xxxx" ASC-nin dövrünə aid olan 1356,86 manat (cəmi-3618,17 manat) borc ona aid olmadığından ondan tələb edilməməsini, silinməsini və onunla elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, hesablanmış borc iddiaçıya aid deyil, ondan tələb edilmir, borc dondurulmuş borcdur, lakin addan ada keçirilməsi zamanı onu tələb edirik, əks halda ada keçirilmədiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materialları: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışının surətindən görünür Kk, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A saylı evin 7 saylı Mənzili iddiçının mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A saylı evin 7 saylı mənzil, xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayon Əylis kəndində doğulmuş İddiaçı şəxsi mülkiyyət ünvanıdır və həmin ünvanda xx.xx.2011ci il təvəllüdlü X6, xx.xx.1977-ci il təvəllüdlü X1, xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X7 qeydiyyatdadır. "xxxx" ASC-nin **********A0007 nömrəli Abunə haqqında çıxarışından görünür ki, abunə X8 2003-cü il tarixi üçün 2261.31 manat, 2000-ci il tarixi üçün 1356.86 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: M a d d ə 8. İş görülməsi və xidmət göstərilməsi üçün müqavilə bağlanmasında icraçının vəzifələri Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur M a d d ə 17. Ticarət və başqa xidmət növləri haqqında qaydalar Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından və tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçının silinməsini tələb etdiyi borcun ona məxsus olmaması və həmin borcun iddiaçıdan tələb olunmaması işin mübahisəsiz halıdır. Beləki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abone haqqında məlumatlardan görünür ki, abone kodu X2 adınadır və borc da həmin şəxsə məxsusdur. Həmcinin, məhkəmə iclasında hər iki tərəf bu halı təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, borcun silinməsini o halda iddiaçı iddia edə bilər ki, ilk növbədə, iddiaçının buna subyektiv hüququ olsun, yəni borc ona məxsus olsun və həmin borcun qanunsuz yazılması əsaslandırılsın. Hazırkı işdə, borcun iddiaçıya aid olmadığı aydındır və borcun qanunsuz yazılmasını isə iddiaçı iddia etmir. Borcun silinməsi tələbinin əsası kimi borcun ona məxsus olmamasına və müqavilə bağlamaqdan cavabdehin imtina etməsinə istinad edir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.Bu baxımdan, əvvəlki abunəçi ilə "xxxx" ASC arasında mövcud olan müqavilə münasibətləri yalnız həmin tərəflər üçün hüquq və vəzifələr doğurur və yeni mülkiyyətçi bu münasibətlərə avtomatik qaydada daxil edilə bilməz. Digər tərəfdən, mülkiyyət hüququ əldə etmiş şəxs əmlakın faktiki sahibi hesab olunur və bu əmlakdan istifadə etmək hüququna malikdir. Belə olan halda, cavabdehin yeni mülkiyyətçi ilə xidmət müqaviləsi bağlaması onun vəzifəsinə daxildir. Əvvəlki borcların mövcudluğu yeni müqavilənin bağlanması üzrə bu vəzifədən cavabdehi azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçının borcun silinməsi barədə tələbi hüquqi baxımdan əsassızdır. Belə ki, borcun silinməsi yalnız borcun yazıldığı şəxs tərəfindən, həmin borcun yaranmasının qanunsuz olduğu sübuta yetirildiyi halda və ya borcun kreditor tərəfindən könüllü şəkildə silindiyi halda mümkündür. Hazırkı halda iddiaçı borcun qanunsuz hesab edilməsini deyil, onun başqa şəxsə — əvvəlki abunəçiyə aid olduğunu bildirir. Belə olan halda, iddiaçı borcun silinməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Həmcinin, borcun iddiaçıya aid olmadığı təsdiq edilirsə, bu halda borcun silinməsinə ehtiyac yoxdur, çünki onunla bağlı iddiaçıya qarşı tələb irəli sürülməsi yolverilməz sayılır.Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş borc məlumatları və onun formalaşma dövrü göstərir ki, borc qanuni əsaslarla uçota alınmış, qüvvədə olan qaydalarla tənzimlənmişdir və onun silinməsi üçün hər hansı hüquqi əsas mövcud deyil.Lakin müddət keçdiyindən tələb olunmayan borclar siyahısında göstərilir.Buna görə də, məhkəmə belə qənaətə gəlir ki,borcun iddiaçıya aid olmaması və ondan tələb edilməməsi barədə iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Lakin borcun silinməsi barədə iddianın tələbi əsassızdır və təmin edilə bilməz.Cavabdehin yeni mülkiyyətçi ilə müqavilə bağlamaqdan imtinası isə qanunla müəyyən edilmiş xidmət göstərmə öhdəliyinin pozulması kimi qiymətləndirilməli və bu baxımdan cavabdeh yeni mülkiyyətçi ilə abunə müqaviləsi bağlamağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçının ona məxsus olmayan borca görə istehlakçı hüquqları pozulmuşdur. Odur ki, o, cavabdeh qurumla müqaviləni bağlanmaqla, borcun ona məxsus olmadığını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında arasında elektrik enerjisinin alqsatqı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalı, "xxxx" ASC tərəfindən Bakı şəhər, Binəqədi rayonu, Mir Cəlal küçəsi 121 A nömrəli evin 7 saylı mənzilinin elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alq-satqı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar