Məhkəmə qərarları › İş №2(006)-419/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-419/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-419/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əvəzləşmə müqavilələri”nə əsasən, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi və ona müqavilə üzrə nəzərdə tutulmuş 3 otaqlı, 100 kv.m sahəsi olan və 3 otaqlı 95 kv.m sahəsi olan mənzillərin çatışmayan sahəsinə görə əlavə olaraq 50 kv.m mənzil sahəsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia həcminin azaldılması haqqında ərizə təqdim edərək, Cavabdeh MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında mənzili vardır. Cavabdeh həmin bu ünvanda hündürmərtəbəli yaşayış binasının tikilməsi məqsədilə həm onun, həm də digər şəxslərin mülkiyyətində və istifadəsində olan mənzillərin və torpaq sahələrinin alınması ilə əlaqədar müqavilələr bağlamışdır. Cavabdeh tərəfindən onunla da 13 aprel 2019-cu il tarixində “Əvəzləşmə müqavilələri” bağlamışdır. Həmin bu iki müqavilədən birinə görə 3 otaqlı, sahəsi 100 kv.m olan mənzili ona verilməsi barədə öhdəlik götürmüşdür. İkinci müqaviləyə əsasən isə ona sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini öhdəsinə götürmüşdür. Aralarında bağlanmış bu “Əvəzləşmə müqavilələri”nə görə mənzillər 24 ay müddətində hazır olaraq onun istifadəsinə verilməli idi. Bu yaxınlarda cavabdehlərin nümayəndələri bu müqavilələr üzrə ona verilməsi nəzərdə tutulan mənzilləri ona təqdim etdikdə məlum olmuşdur ki, bu mənzillərdə ümumilikdə 50 kv.m sahə çatışmır. Belə ki, yuxarıda qeyd edilən bu iki müqavilə üzrə ona ümumilikdə 2 ədəd ayrı-ayrı 3 otaqlı mənzil olmaqla, ümumilikdə 195 kv.m mənzil sahəsi təhvil verilməli idi. Lakin, cavabdehin nümayəndələri tərəfindən ona təqdim edilmiş mənzillər ölçülərkən həmin mənzillərin yuxarıda qeyd etdiyi kimi, 50 kv.m çatışmadığı müəyyən edilmişdir. O, bununla əlaqədar cavabdehin nümayəndələrinə öz iradını bildirərək, ona aralarında bağlanmış müqaviləyə əsasən, müəyyən olunmuş mənzil sahəsinin tam şəkildə verilməsini tələb etdikdə, onlar müxtəlif şəkildə bundan yayınmağa başlamış və həmçinin, ona təqdim olunmuş mənzilin ümumi sahəsini hesablayarkən özlərinə sərf edən tərzdə hesablamış və qanunvericiliyin normalarına istinad edərək hesablama işlərini icra etməmişlər. Belə ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi hesablanarkən mənzillərin divarlarının çöldən-çölə hissələri nəzərə alınmaqla hesablanmış, həmçinin mənzildə olan arakəsmələrin altındakı sahələr, balkonlar, şaxta altında yerləşən sahələr və digər hesablanması nəzərdə tutulmamış sahələr də nəzərə alınmışdır. Təbii ki, bu da onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Hündürmərtəbəli yaşayış sahələrində mənzillərin ümumi sahəsinin hesablanması həm Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş qərarlarda öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 13 aprel 2019-cu il tarixli əvəzləşmə müqavilələrinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında əvəzləşmə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 44 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 17,55 kv.m və 4 otaqlı, 65,7 kv.m mənzilin dövlət reyestrdən çıxarışda göstərilmiş təmirli 3 otaqlı, 100 kv.m və 3 otaqlı, 95 kv.m mənzilləri sahibinə verməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 28 aprel 2022-ci il tarixli, 10/507 №-li Ekspert rəyinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı təklif edilmiş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 72,3 kv.metr, həmin binada 5-ci mərtəbədə yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 71,25 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrdə qeyd olunan sahələr ilə (195 kv.metr) baxış zamanı təqdim olunmuş mənzillərin ümumi sahəsi (143,55 kv.metr) arasında 51,45 kv.metr, həmin mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan 12 sentyabr 2022-ci il tarixli, 10/4180 №-li Ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təqdim olunmuş mənzillərin sahəsi çöldən-çölə, yəni mənzildə yerləşən tikililərin sahəsi, çöl və arakəsmə divarlarının, eləcə də şaquli boşluqların yerləşdiyi sahə daxil olmaqla hesablandıqda 4-cü mərtəbədə yerləşən mənzilin sahəsinin 96,8 kv.metr, 5-ci mərtəbədə yerləşən mənzilin sahəsinin 94,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 44, mənzil 16/17 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə 1204 nömrəli reyestr kitabının 109451 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində yerləşən mənzillərin əvəzinə iki ədəd 3 otaqlı sahələri 95 kv.metr və 100 kv.metr olan mənzilləri İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, müəyyən edildi ki, İddiaçı təhvil verilən həmin mənzillər üzrə ümumilikdə 42,9 kv.metr sahə çatışmır. Yəni, təhvil verilən mənzillərdə sahələri ilə əlaqədar əksiklik aşkar edilmişdir. Hazırda İddiaçı həmin çatışmayan sahə ilə eyni həcmdə, yəni 42,9 kv.metr təmirli mənzilin cavabdehdən alınaraq ona verilməsini məhkəmədən tələb edir. Cavabdeh MMC isə iddia tələbi ilə razı deyildir və iddianın rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin, hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh MMC əvəzləşmə müqaviləsi üzrə ümumi sahəsi 195 kv.metr olan mənzilləri hazırki iş üzrə İddiaçı verməyi öhdəsinə götürsə də, mənzillər təhvil verildikdən sonra məlum olmuşdur ki, tərəfə verilən mənzillərin faktiki sahəsi 152,1 kv.metr olmuşdur. Göründüyü kimi, təhvil verilən mənzillərin faktiki sahələri arasında 42,9 kv.metr fərq olmuşdur. Bununla da, mülkiyyətçinin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilən ekspert rəyini sübut kimi qiymətləndirərək hesab edir ki, hazırda İddiaçı iddiası əsaslıdır və təmin edilməlidir. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən 42,9 kv.m təmirli mənzil alınaraq İddiaçı verilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən 42,9 kv.m təmirli mənzil alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar