Məhkəmə qərarları › İş №2(006)-4202/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4202/2021

29.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4202/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştrakı ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 (iddia ərizəsində iddiaçı qeyd edilməmişdir) cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi Nümayəndə1 (iddia ərizəsində iddiaçı qeyd edilməmişdir) cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Nümayəndə1 iddia ərizəsini dayısının adından verdiyini və onun yerinə imzaladığını qeyd edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində iddiaçı göstərilməmiş, yalnız iddiaçının nümayəndəsi qeyd edilmiş və iddia ərizəsi həmin nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı qismində kimin çıxış etdiyini müəyyən etmək mümkün olmamışdır. Yalnız həmin ərizənin məzmunundan İddiaçı adlı şəxsin mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzilin olduğu və həmin mənzilə məxsus sayğaca dair cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən aktın tərtib edildiyi qeyd edilmiş və verilmiş ərizədə həmin aktın etibarsızlığı mübahisələndirilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verilmişdir. Həmçinin iş materiallarında olan 31 avqust 2017-ci il tarixli, 7E-5061 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə1 etibarnamə verilmiş və hazırda da, Nümayəndə1 İddiaçı onun dayısı olduğunu qeyd edərək, sonuncunun adından məhkəmə iclasında çıxış etdiyini bildirir. Mülki Prosessual Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, fiziki şəxsin adından onun yaxın qohumu və yaxud vəkili iddia ilə məhkəməyə müraciət edə bilər. Yaxın qohumların siyahısına babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Hazırki işdə Nümayəndə1 dayısının adından iddia ərizəsini imzalayaraq, məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmə hesab edir ki, sonuncu yaxın qohumlar siyahısına daxil edilmədiyindən, o, dayısının adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, habelə iddia ərizəsini imzalamaq hüququna malik deyildir. Belə olan halda məhkəmə hesab ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələblərinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddiaçının nümayəndəsi Nümayəndə1 (iddia ərizəsində iddiaçı qeyd edilməmişdir) cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Nümayəndə1 izah edilməlidir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yenidən verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Nümayəndə1 (iddia ərizəsində iddiaçı qeyd edilməmişdir) cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar