Məhkəmə qərarları › İş №2(006)-4223/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4223/2022

27.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4223/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 019679 saylı, xx.xx.2022-ci il tarixli 263749 saylı, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli 240229 saylı aktların və digər aktların ləğv edilməsi və hesablanmış 2.820 manat 53 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvana iki il olar ki köçmüşdür. Həmin ev babasının olmuş, babası 1999 ildə rəhmətə getmişdir. Evdə valideynləri yaşayır. Son illər valideynlərinin yaşlanması səbəbindən onlarla və öz ailəsi ilə birlikdə yaşayırlar. Evə dair verilən çıxarışdan görünür ki, ev onun, qardaşının və digər qohumu ilə paylı mülkiyyətdədir. Elektrik enerjisinə görə öz adına sayğac quraşdırmaq istədikdə məlum olmuşdur ki, 3322,50 manat borc var. Araşdırma apardığı zaman məlum olmuşdur ki, 658,97 manat elektrik enerjisindən istifadəyə görə və 2820,53 manat müxtəlif vaxtlarda tərtib edilmiş aktlar əsasında hesablanmış cərimə borcudur. Qeyd edir ki, aktlar qanunsuz, heç bir prosessual qaydalara riayət etmədən tərtib edilmişdir. Belə ki, aktlar rəhmətə gedən babasının adına tərtib edilmişdir. Bundan başqa, aktlar tərtib edilərkən hal şahidinin və ya evdə yaşayanların imzası olmamış, özbaşına cavabdeh təşkilatın əməkdaşkları aktı imzalayaraq saxta akt əsasında cərimə tətbiq edilmişdir. Atasından borc barədə soruşarkən məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları atasının etibarından sui-istifadə edərək, hər ay işiq pulu adından 20-40 manat pul almışlar. Atası isə qəbz istəməmişdir. Abunə haqqı saldosundan görünür ki, sayğac 2010-cu ildən xarab olmuş və göstəriciləri donmuşdur. Hətta 2014-cü ildən 2022-ci ilədək tamamilə donmuşdur. Burdan sual yaranır ki, əgər sayğac işləmirsə, niyə cavabdeh təşkilatın əməkdaşları onu əvəz elətdirməmiş, niyə cavabdeh tərəfindən araşdırma aparılmamışdır ki, bir sayğac illərdir eyni göstəricidə qalmış, bunun səbəbi nədir. Bunun əvəzində "xxxx" ASC-nin əməkdaşları hər ay atasından pul alaraq mənimsəmiş və qıraqda gedib guya ki, sayğacdan kənar xətt olma səbəbi ilə akt tərtib etmişlər. Onların yaşadıqları ünvan həyət evlərindən ibarətdir və orada kommunal xəttlər qarışıqdır. Evə heç bır sağyacdan kənar xətt qoşulmamışdır. Əgər qoşulsa idi belə niyə həmin xətti birinci dəfə gördükdə ləğv etməmişlər. Bundan başqa kənar xətt olsa idi, niyə sayğac heç olmasa ayda 1-2 manat da olsun yazmamışdır. Burdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları qanunsuz və əsassız aktlar tərtib etmişlər. xx.xx.2020-ci il tarixli 019679 saylı akt, xx.xx.2022-ci il tarixli 263749 saylı akt, xx.xx.2021ci il tarixli akt, xx.xx.2022-ci il tarixli 240229 saylı akt, həmçinin digər aktlar var, lakin həmin aktları tapa bilməmələri səbəbindən ona verməmişlər. Lakin saldodan görünür ki, aktlar əsasında 2820,53 manat borc hesablanmışdır. "xxxx" ASC-nin vəzifəli şəxslərinə müracət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini və məhkəməyə müraciət etmək üçün onun cərimə olunması barədə sənədin surətinin ona verilməsini xahiş və tələb etdikdən sonra ona müəyyən sənədlər vermişlər. Ancaq hələ də ona cərimə olunması barədə aktların hamısını təqdim etməmişlər, əgər etmişdirlərsə bu barədə sübutu təqdim edə bilərlər. Cərimə olunma barədə qərarın surətini ona verməmişlər. Bu, qanunvericiliyinin tələblərinin və vətəndaşın özünümüdafiə hüququnun kobudcasına pozulmasıdır. Halbuki qanunun tələbinə əsasən o, sənədi axtarmalı deyil, cərimə olunma barədə qərar qəbul edən vəzifəli şəxslər tərəfindən sənədin bir surəti də mütləq verilməli idi. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə evdəkilərin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Göründüyü kimi, əgər kənar xətt var idisə onu ləğv etmək əvəzinə, hər dəfə mütəmadi olaraq əsassız və qanunsuz aktlar tərtib etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş abunə haqqında kompüter məlumat bazasından çıxarışdan və təqdim olunmuş aktlardan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən: - 22 yanvar 2013-cü il tarixli SN seriyalı 004053 saylı (310 manat 26 qəpik); - 10 aprel 2013-cü il tarixli SN seriyalı 004735 saylı (126 manat 42 qəpik); - 22 iyul 2014-cü il tarixli SN seriyalı 009132 saylı (551 manat 88 qəpik); - 14 aprel 2015-ci il tarixli SN seriyalı 012478 saylı (399 manat 18 qəpik); - 14 oktyabr 2020-ci il tarixli NDM seriyalı 019679 saylı (267 manat 19 qəpik + 84 manat); - 25 mart 2021-ci il tarixli Rİ seriyalı 204111 saylı (684 manat 09 qəpik + 104 manat 30 qəpik); - 11 aprel 2022-ci il tarixli Rİ seriyalı 240229 saylı (129 manat 74 qəpik); - 06 iyul 2022-ci il tarixli Rİ seriyalı 263749 saylı (68 manat 40 qəpik) aktlar tərtib olunmuşdur. Həmin aktlar üzrə cəmi 2.725 manat 46 qəpik borc məbləği yazılmışdır. Aktlar **********90000 abunə kodu olan Əmir Eyvazovun adına tərtib olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 40831 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, fərdi yaşayış evində yaşamış abonent X3 11 may 1999-cu il tarixdə Bakı şəhərində xroniki ürək damar çatmamazlığından vəfat etmişdir (Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 aprel 2014-cü il tarixli 352/12 saylı arayış məlumatlarına əsasən). Fərdi yaşayış evindən kənarda quraşdırılmış sayğacla bağlı mübahisələndirilən aktlar mərhumun adına tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, aktlar tərtib olunarkən məişət abonentinin varislərinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, əsassız borc məbləğləri hesablanmışdır. Bu səbəbdən, iddia qismən əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 yanvar 2013-cü il tarixli SN seriyalı 004053 saylı; 10 aprel 2013-cü il tarixli SN seriyalı 004735 saylı; 22 iyul 2014-cü il tarixli SN seriyalı 009132 saylı; 14 aprel 2015-ci il tarixli SN seriyalı 012478 saylı; 14 oktyabr 2020-ci il tarixli NDM seriyalı 019679 saylı; 25 mart 2021-ci il tarixli Rİ seriyalı 204111 saylı; 11 aprel 2022-ci il tarixli Rİ seriyalı 240229 saylı; 06 iyul 2022-ci il tarixli Rİ seriyalı 263749 saylı aktlar üzrə ünvan 2 ünvanı üzrə Əmir Eyvazovun adına olan **********90000 saylı abunə koduna hesablanmış 2.725 manat 46 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməli; yuxarıda qeyd olunan aktlar ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından, habelə abunə haqqında kompüter məlumat bazasından çıxarışdan görünür ki, iddiaçıya yuxarıda qeyd edilən aktlar əsasında 2.725 manat 46 qəpik elektrik enerjisi borcu hesablanmışdır. Məhkəmə qeyd edir ki, qalıq borcun (95 manat 07 qəpik) hansı akt əsasında hesablanmasına dair məlumat oılmadığından, habelə iddiaçı tələbini bu hissədə kifayət qədər əsaslandıra bilmədiyindən, həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 yanvar 2013-cü il tarixli SN seriyalı 004053 saylı; 10 aprel 2013-cü il tarixli SN seriyalı 004735 saylı; 22 iyul 2014-cü il tarixli SN seriyalı 009132 saylı; 14 aprel 2015-ci il tarixli SN seriyalı 012478 saylı; 14 oktyabr 2020-ci il tarixli NDM seriyalı 019679 saylı; 25 mart 2021-ci il tarixli Rİ seriyalı 204111 saylı; 11 aprel 2022-ci il tarixli Rİ seriyalı 240229 saylı; 06 iyul 2022-ci il tarixli Rİ seriyalı 263749 saylı aktlar ləğv edilsin. Həmin aktlara əsasən ünvan 2 ünvanı üzrə Əmir Eyvazovun adına olan **********90000 saylı abunə koduna hesablanmış 2.725 manat 46 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar