Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4224/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Pivə-zavod baxçasında xx.xx.2016-cı il tarixdən onun adına quraşdırılan elektrik enerjisindən istifadəyə dair **********22834 saylı abunə koduna sayğac quraşdırılan tarixdən əvvəlki dövrə görə əsassız olaraq hesablanmış 726 (yeddi yüz iyirmi altı) manat borcun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Pivə-zavod baxçasında məskunlaşaraq həmin ünvanda yaşayır. xx.xx.2016-cı il tarixdən elektrik enerjisindən istifadəyə dair **********22834 saylı abunə kodu açılaraq həmin ünvanda iddiaçının adına sayğac quraşdırılmışdır. İddiaçının qeydiyyatda olduğu Füzuli rayon sakinlərinin öz doğma yurdlarına köçürülməsinə dair “Dövlət proqramı” çərçivəsində aparılan tədbirlər planında iştirak etmək istəyərkən iddiaçıdan məskunlaşdığı baxçada onun adına olan kommunal xidmətlərin adından çıxarılması tələb olunmuşdur. İddiaçı da aidiyyəti üzrə “Asan kommunal”a müraciət edərək, elektrik sayğacının adından çıxarılmasını xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, onun adına sayğac quraşdırılan tarixdən əvvəlki dövrə guya "xxxx" ASC-yə 726 (yeddi yüz iyirmi altı) manat borcu olmuşdur. Halbuki, həmin vaxta qədər iddiaçının adına elektrik enerjisindən istifadəyə dair sayğac olmamışdır. Məcburi köçkün kimi isə iddiaçının kommunal xidmətlərdən istifadəyə görə yaranan borcunu dövlət özü ödəmişdir. Beləliklə, iddiaçının cavabdehin qarşısında heç bir borc öhdəliyi olmaya-olmaya, onun adına olan **********22834 saylı abunə kodunda 726 (yeddi yüz iyirmi altı) manat borc qeyd olunmuşdur. Bundan başqa, iddiaçının adına sayğac quraşdırılana qədər isə cavabdeh "xxxx" ASC tərəfindən borcunun olmasına dair iddiaçıya heç bir bildiriş göndərilməmişdir. İddiaçı heç vaxt elektrik enerjisindən nə artıq, nə də qanunsuz olaraq istifadə etməmişdir. xx.xx.2016-cı il tarixdən iddiaçının adına quraşdırılan elektrik enerjisindən istifadəyə dair **********22834 saylı abunə koduna dondurulmuş borc kimi tərtib olunmuş saxta pul borcunun hansı akta və ya hesablanmaya əsasən cərimənin hesablanmasının hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi, "xxxx" ASC Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İİTB-nin 2 saylı MTİİTSnin xx.xx.2024-cü il tarixli, 372 nömrəli arayışından görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün olmaqla Xırdalan şəhəri, 27-ci məhəllə, Pivə-zavod bağçasında yaşayır.
7. "xxxx" ASC-nin baş idarəyə göndərilən xidmətlərin qeydiyyat vərəqəsindən görünür ki, **********22834 nömrəli abunə kodunda xx.xx.2016-cı il tarixində məcburi köçkün limitindən artıq istehlak edilmiş 726 manat borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Həmin borcun ödənişi abonentdən yalnız abunə kodunda ad dəyişmə edilərkən və ya borcun olmaması barədə arayış alınarkən tələb olunur.
8. Abunə haqqında sənəddən görünür ki, **********22834 nömrəli abunə kodunun 726,92 manat məbləğində borcu vardır. Bağlanan aktlar qrafasında xx.xx.2016-cı ildə 726,92 manat “qaçqın borcu silinmə” qeydi edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı məcburi köçkündür və Xırdalan şəhəri, 27-ci məhəllə, Pivə-zavod bağçasında məskunlaşmışdır. Yaşadığı ünvana verilmiş abunə koduna sayğac quraşdırılmazdan əvvəlki dövrdə, məcburi köçkün limitindən artıq istifadə ilə bağlı yarandığı bildirilən 726 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında sənəddən, "xxxx" ASC-nin baş idarəyə göndərilən xidmətlərin qeydiyyat vərəqəsindən və tərəflərin izahatından müəyyən edilir ki, həmin borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur.
10. Hazırda iddiaçı abunə kodunda olan borca görə kodu adından çıxara bilməməsini hüquqlarının pozulması hesab edərək, əsassız yazılmış borcun silinməsini; cavabdeh tərəf isə borcun tələb edilməyən borc olmasına baxmayaraq, kod üzrə ad dəyişmə zamanı ödənilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
11. Məhkəmə hesab edir ki, məcburi köçkün limitindən artıq istehlak edilmiş enerjinin dəyəri olduğu iddia edilən 726 manat məbləğində borcun xx.xx.2016-cı ildə tələb olunmayan borclar siyahısına daxil edilməsinə baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi zamanı tələb edilməsi əsassızdır. Tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən yazılmış 726 (yeddi yüz iyirmi altı) manat məbləğində borc (dondurulmuş) **********22834 nömrəli abunə hesabından silinməlidir.
18. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərlə bağlı qərar qəbul edərkən məhkəmə tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
19. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən yazılmış 726 (yeddi yüz iyirmi altı) manat məbləğində borc (dondurulmuş) **********22834 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova