Məhkəmə qərarları › İş №2(006)-4228/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4228/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4228/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə il bundan əvvəl ümumi dostları vasitəsi ilə tanış olduğu Cavabdeh mərhum anasının hüzur xərclərini adətlərinə uyğun yerinə yetirmək üçün əvvəlcə 2.500 ABŞ dolları və bir neçə gündən sonra isə 5.000 ABŞ dolları borc vermişdir. Cavabdeh ən çətin günündə təmənnasız kömək edib cəmi olaraq 7.500 ABŞ dolları borc verdiyini bütün ümumi dostları bilmişdir. Anasının hüzr xərclərini yüksək səviyyədə yerinə yetirəndən, məzar daşını qoydurandan sonra, yəni söz verdiyi vaxtda iddiaçıdan borc aldığı 7.500 ABŞ dollarını qaytara bilməkdə çətinlik çəkən Cavabdeh yaşadığı ünvana çox yaxın məsafədə yerləşən ünvan 1cu rəsmiləşdirmək qərarına gəlmiş və 16.01.2018- ci il tarixdə Bakı şəhəri 54 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanılmışdır. Bir müddət keçəndən sonra Cavabdeh halal pulunu istəməyə başlayanda and-aman edərək bu yaxınlarda Xaçmaz rayonundakı evini satışa çıxartdığını, satan kimi iddiaçıya olan borcunu ödəyəcəyinə inandırmışdır. Lakin cavabdeh götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməyəndə bütün sivil vasitələrdən, ümumi dostların köməyindən istifadə etmiş və nəhayət belə qərara gəlmişlər ki, Xaçmaz rayonunda yerləşən evin təmiri və digər xərclərini qarşılamaq üçün yenidən cavabdehə pul versin və ev satılan kimi verdiyi pullarını əldə edə bilsin. Tərəflər arasında bağlanmış kredit müqaviləsində göstərilən pulu batmasın deyə, yenidən cavabdehə 5.000 AVRO pulu verməyə məcbur olmuş və 18.10.2018-ci il tarixdə "xxxx" ASC-nin “Yasamal” filialı vasitəsilə Cavabdeh 5.000 AVRO göndərmiş və cavabdeh də həmin məbləği almışdır. Bank əməliyyatını təsdiq edən həm mədaxil, həm də məxaric qəbzləri var. Bir müddət keçəndən sonra cavabdeh Məmmədov X1 iddiaçının xəbəri belə olmadan Xaçmaz rayonundakı evini hansı qiymətə satıldığını gizlətməklə iddiaçıya olan borcundan 7.500 ABŞ dollarını qaytarmış, qalan 5.000 AVRO-nu isə tezliklə qaytaracağına dair söz verib and içmişdir. İddiaçının cavabdehdən aldığı 7.500 ABŞ dollarını almağı ilə bağlı 13.04.2019-cu il tarixli ərizə yazmışdır. Bu dəfə də pulunun qaytarmağını gecikdirən Cavabdeh bu barədə söz soruşanda and-aman etmişdir ki, qardaşı Həsən Məmmədov ağır cərrahiyyə əməliyyatına məruz qalanda bütün xəstəxana xərclərini iddiaçı ödəmiş və bu səbəbdən həmin məbləğin ona verilməsində problemlər yaranmışdır.Amma bütün bunlara baxmayaraq, iddiaçıya olan 5.000 AVRO borcunu yaxınlarda qaytaracaq, inanmaqdan,gözləməkdən başqa yolu olmadığından cavabdehin vədinə inanıb gözləməli olmuşdur. Lakin iddiaçıya olan 5.000 AVRO borcunu bu günə kimi qaytarmayan Cavabdeh bu yaxınlarda yenidən iddiaçıya müraciət edərək 600 manat borc pul istəmiş və tezliklə yaşadığı binanın pilot-layihə nəticəsində söküləcəyini və iddiaçıya olan həm 5.000 AVROnu, həm də aldığı 600 manat pulu qaytaracağına elə and-amanlar edərək inandıra bilmişdir ki, sonda cavabdehin istədiyi məbləği, yəni 600 manat pulu cavabdehə vermiş, əvəzində qəbz yazıb, imzası ilə təsdiq etmişdir. Cavabdeh hətta yazdığı qəbzlərdə qeyd etmişdir ki, götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi halda onun barəsində məhkəməyə müraciət edilərsə etiraz etməyəcək. Cavabdehin faktiki yaşadığı və pasport qeydiyyatında olduğu ünvandakı mənzilə pilot-layihə tərəfindən baxış keçirilmiş və qeydiyyata alınmışdır. Amma nə zaman sakinlərin köçürülməsinə, kompensasiyaların ödəniləcəyinə başlanılması məlum deyildir. Artıq iddiaçının da pula böyük ehtiyacı yarandığından cavabdehin yalan və boş vədlərinə inanaraq gözləyə bilmir, ona “hədiyyə” etdiyi büllur meyvə qabından da imtina edir. Digər tərəfdən cavabdeh tez-tez istifadəsində olan mobil telefonunu qapadır, zənglərinə cavab vermir, iddiaçı ilə görüşməkdən ustalıqla yayınır, bununla da iddiaçıya olan borcunu ödəmək fikrində olmadığını göstərir. Cavabdeh yuxarıda qeyd olunanlara baxmayaraq, bu günə kimi iddiaçıdan borc aldığı pulu tam olaraq qaytarmamış və qaytarmaq fikrində də deyil. Yuxarıda göstərilənlərdən əlavə olaraq Cavabdeh artıq 3 ilə yaxındır ki, iddiaçının pulunu—5.000 AVRO-nu özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmiş, iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Belə ki, həmin vəsaitdən iddiaçı hər ay ən azı 500 (beş yüz) manat gəlir əldə edə bilərdi. Bundan əlavə, bu 3 ilə yaxın müddət ərzində yol, telefon, etibarnamənin verilməsi üçün ödənilən məbləğ, iddia ərizəsinin tərtibatı, çap edilməsi və digər xərclər 1.000 manat, dövlət rüsumu 30 manat olmuşdur. Beləliklə,bu günə kimi Cavabdeh iddiaçıya əsas vəsaitdən əlavə olaraq vurduğu zərər: 5.000=31ay x 500= 15.500+1.000+30=16.530 ( on altı min beş yüz otuz ) manat təşkil edir. Təəssüf ki, keçən müddət ərzində Cavabdeh borc aldığı pulun bir hissəsini, yəni 7.500 ABŞ dollarını qaytarsa da, qalan 5.000 ( beş min ) AVRO-nu və 600 manat pulu bu günə kimi qaytarmamış və bu hərəkətləri ilə iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 85A ünvanında yaşayan Cavabdeh iddiaçıya qalan 5.000 AVRO və 600 manat əsas borcunun, 16.500 manat vurduğu zərərin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 5.000 AVRO və 17.130 manat pulun alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, o, borcunu iddiaçıya qaytarmışdır. O, iddiaçı tərəfindən aldadılmaqla qəbzlərə imza etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu S.B.Xankişiyev tərəfindən təsdiq edilmiş 16 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 7500 ABŞ dolları borc pul vermişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiqlənmiş 13 aprel 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 16.01.2018-ci il tarixli, 3M/13 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh Əli oğluna verdiyi 7500 ABŞ dolları tam olaraq ona geri qaytarılmışdır. Bununla əlaqədar onun Cavabdeh Əli oğluna qarşı heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaq. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 13.05.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 AVRO məbləğində borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 18.03.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Həmin borcun 18.04.2021-ci ildə qaytaracağını, əks halda 5000 AVRO və 600 manat pulun iddiası ilə məhkəməyə müraciət edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 5000 AVRO və 600 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbzlərdə etiraf edilmiş 5000 AVRO və 600 manat məbləğində pul İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “16.500 manat vurduğu zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, Cavabdeh iddiaçıya olan borcunun ödənildiyini bildirməsinə baxmayaraq, buna təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh 5000 (beş min) AVRO və 600 (altı yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5000 (beş min) AVRO (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) AVRO və 600 (altı yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5000 (beş min) AVRO (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar