Məhkəmə qərarları › İş №2(006)-4243/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4243/2022

24.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4243/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. Əvvəlki abunəçi atası X5 olmuşdur. Abunə kodu **********60008 olmuşdur. İddiaçının atası 2020-ci ildə rəhmətə getmişdir. Həmin hadisədən sonra iddiaçının bacısı Yusifova Sona ölüm kağızını iddiaçıdan gizlincə götürərək işığı birinci öz adına, sonra isə oğlu Fəridin adına keçirmişdir. Bacısıgil oradan köçüb gediblər. İddiaçı isə həmin ünvanda yaşayır. Qaz sayğacı iddiaçının adınadır. Göstərilənlərə əsasən işığın (abunə kodu **********60008) iddiaçının adına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 121660 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qərarın 8.21-ci bəndində qeyd olunur ki, elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm haqqında şəhadətnamə və qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmaqla birinci dərəcəli vərəsənin adına keçirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. Həmin mənzil iddiaçının mərhum atası X3 məxsus olmuşdur. Məhkəmə qeyd edir ki, abonent kodu adına olan şəxs vəfat etdikdə abonent kodu, ölüm haqqında şəhadətnamə əsasında övladlarının hər hansı birinin adına keçirilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 1-nın sahibi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və abonent kodunun verilməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, ünvan 1 ünvanında işığın (abunə kodu **********60008) İddiaçı adına keçirilməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında işığın (abunə kodu **********60008) İddiaçı adına keçirilməsi cavabdeh "xxxx" ASC-yə həvalə olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar