Məhkəmə qərarları › İş №2(006)-4246/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4246/2022

11.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4246/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 əri X10 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, daha sonra isə Gilan Holdınqdə işləyib. X2 Hallar Naziri Kəmaləddin Heydərovun müavini, X5 qardaşıdır. X4 ölümündən sonra (olüm tarixi xx.xx.2018-ci il) ona məxsus bütün miras əmlaklar vərəsəlik üzrə iddiaçıya (arvadına) keçib. Miras əmlaklar arasında, o cümlədən ünvan 1 ünvanında yerləşən sahəsi 1426.90 kv.metr olan daşınmaz əmlak da vardı. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** daşınmaz əmlakın reyestr nömrəsi **********91-06301 çıxarışa əsasən iddiaçı bu əmlakın tam paylı mülkiyyətçisi olmuşdur. Ərinin ölümündən sonra ünvan 1 ünvanında yerləşən sahəsi 1426.90 kvadrat metr olan daşınmaz əmlakın iddiaçıdan alınması cəhdləri başlanmışdır. Müxtəlif şəxslər tərəfındən bu əmlakın təhvil verilməsi tələbi çatdırılmışdır. İddiaçı razılaşmamışdır. Bir neçə dəfə iddiaçını telefon vasitəsilə oğlunun oğurlanaraq “bandotdelə” aparılacağı hədəsi ilə əmlakından imtinaya məcbur etməyə cəhd edilmişdir. 2022-ci ilin yanvar ayında özünü Kəmaləddin Heydərovun mühafizə xıdmətinm rəisi kimi təqdim edən Elçin adlı şəxs iddiaçı ilə telefon əlaqəsi saxlamış və bildirmişdir ki, Kəmaləddin Heydərov onunla görüşmək istəyir. İddiaçı razı olmuş və görüşə öz vəkili AR Vəkillər Kollegiyasının üzvu Fərid Həsənovla yollanmışdır. K.Heydərov onları Fövqəladə Hallar Nazirliyində öz iş otağında qəbul etmişdir. Görüşdə nazir, iddiaçı və vəkili iştirak etmişdir. Görüş zamanı nazir K.Heydərov iddiaçıya bildirmişdir ki, həmin daşınmaz əmlakı "təhvil vermək lazımdır”. Eyni zamanda nazir iddiaçıya bildirmişdir ki, əmlakın dəyəri ona ödəniləcək və buna görə narahat olmaması xahiş etmişdir. İddiaçı razılaşmışdır. Nazir bildirmişdir ki, rəsmiləşdirmə işlərinin həyata keçirilməsi üçün iddiaçı onun yaxın adamına əmlaka dair ümumi etibarnamə verməlidir.15 yanvar 2022-ci il tarixdə iddiaçı vəkilinin iştirakı ilə 14 saylı notariat kontorunda tanımadığı və əvvəllər görmədiyi Cavabdeh3 adına əmlakına dair ümumi etibarnamə vermişdir. İddiaçıya və vəkilinə bir daha bildirilmişdir ki, alqı-satqı müqaviləsi bağlanan kimi əmlakın dəyəri ona çatacaq. Lakin bundan sonra iddiaçı ilə bir daha əlaqə saxlanılmamış və ona heç bir vəsait ödənilməmışdır. Bir müddət keçəndən sonra elektron notariat sistemindən iddiaçıya məlum olmuşdur ki, mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. 53 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş Aİ-No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı (iddiaçının adından Cavabdeh3) ünvan 1 ünvanında yerləşən sahəsi 1426.90 kv.metr olan daşınmaz əmlakı alıcı "PMD GROUP” MMC-nə (VÖEN **********) 1.000 000 (bir milyon) manat qiymətinə satmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 1426,90 kv.metr olan daşınmaz əmlak üzərində Cavabdeh4 MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin gün - xx.xx.2022-ci il tarıxdən mübahisəli əmlaka mülkiyyət hüququ üçüncü şəxsə - X18 Company Əmlak MMCnə keçib və müvafiq çıxarış verilmişdir. Mübahisəli əmlaka verilən hər iki çıxarışın qeydiyyat tarixi (xx.xx.2022-ci il) və qeydiyyat nömrəsi eynidir (**********). Bu məlumatı əldən edən iddiaçı Cavabdeh3 adına verdiyi xx.xx.2022-ci il tarixli etibarnaməni ləğv etmişdir. İddiaçı və vəkili Fərid Həsənov dəfələrlə Kəmaləddin Heydərovla əlaqə yaratmağa cəhd etsələr də, onunla əvvəlki görüşə dəvət edən və görüşü təşkil edən Elçin adlı şəxs müxtəlif bəhanələrlə buna imkan yaratmamışdır. Beləliklə, iddiaçıya tam mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak heç bir ödəniş edilmədən onun əlindən alınmışdır. İddiaçı iddia edir ki, o, AR X14 K.Heydərov tərəfindən aldadılaraq əmlakından məhrum edilmişdir. Nazir öz vəzifəsindən irəli gələn nüfuzundan sui-istifadə edərək iddiaçının etibarını qazanıb, əmlakının dəyərini ödəyəcəyini vəd edib və əmlaka dair öz yaxın adamına ümumi etibarnamə verməsinə inandırmışdır. Ölkənin on nüfuzlu şəxslərindən olan nazir Kəmaləddin Heydərovun dul qadını aldatmasını ehtimal etməyən iddiaçı əmlakını müvafiq qiymətə satmağa razılaşmışdır. Nazirin təkidi ilə iddiaçı heç vaxt görmədiyi və tanımadığı şəxsə etibarnamə vermışdır. Hazırda da Cavabdeh3 Rafiq oğlunun kim olması barədə iddiaçını heç bir məlumatı yoxdur. İddiaçı yalnız nazirə inandığına görə onun göstərdiyi adamın adına əmlakına dair etibarnamə verməyə razı olmuşdur. Bu hal K.Heydərov tərəfindən hakimiyyətdən sui-istifadə nəticəsində iddiaçının aldanması və iradəsinin də bu aldanma təsiri altında formalaşmasını deməyə əsas vermişdir. Bundan başqa işin hallarından görünür ki, mübahisəli əmlaka dair əqd iddiaçının «nümayəndəsinin» digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmışdır. Əslində, bu işdə iddiaçının nümayəndəsi adlanan X11 və müqavilə üzrə digər tərəf (Cavabdeh4 MMC-nin nümayəndəsi) faktiki eyni tərəf olmuş və pis niyyətlə razılaşaraq iddiaçını əmlakından məhrum etmə planını həyata keçirmişlər. xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, satıcı ilə alıcı mübahisəli əmlakın 1.000.000 (bir milyon) manat məbləğə satılmasına dair razılığa gəlmişlər. Notariat işində bu məbləğin notarius Səma Ələkbərovanın depozit hesabına qəbul olunması barədə Muğan banka ərizəsi və odəmş tapşırığı var. Lakin həmin məbləğin məxaric edilməsi barədə sənəd və iddiaçı (nümayəndəsi) tərəfindən imzalanmış ödəniş qəbzi yoxdur. İddiaçıya heç vaxt ümumiyyətlə hər hansı məbləğ ödənilməmişdir. Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında müddəaları müəyyən edir ki, satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməya borcludur. Alıcı isə əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Mübahisəli əmlakın real bazar dəyəri müqavilədə göstərilən məbləğdən xeyli yuxarıdır. Bundan başqa, bu ərizəyə əlavə olunan sənədlərdən görünür ki, mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının nazir K.Heydərovla görüşündən dörd gün sonra alqı-satqı müqaviləsi bağlanıb, əmlak guya Cavabdeh4 MMC- nə satılandan iki gün sonra xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrinin daşınmaz əmlak üzərində PMD GROUP MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır və həmin gün eyni qevdiyyat nömrəli çıxarışla mübahisəli əmlak üzərində üçüncü şəxs - X19 Əmlak MMC-nın mülkiyyət hüququ qeydə alınmışdır və müvafiq çıxarış verilmişdir. Şübhəsiz ki, bu saxta əməliyyat vicdanlı alıcı görünüşünü yaratmaqla gələcəkdə əmlaka dair tələbdən sığortalanmaq məqsədi daşımışdır. Yeri gəlmışkən, notariat işində iddiaçının Cavabdeh3 ümumi etibarnamə verdiyi tarixdə ona həm də ayrıca ərizə imzaladıblar. Həmin ərizədə qeyd olunur: «Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 7-E453 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədə qeyd olunan miras əmlaklara dair gələcəkdə heç bır iddia və tələbim olmayacaqdır». İddiaçıdan bu məzmunda ərizənin alınması təsdiq edir ki, a) ona qarşı pis niyyət olub; b) nazir K.Heydərov tərəfindən təyin edilmiş «nümayəndə» əslində ididaçının qanuni maraqlarından çıxış etməyib, əksinə qarşı tərəfin oyununun iştirakçısı olub; c) «etibarnamədə qeyd olunan miras əmlaklara» ifadəsi iddiaçının bütün əmlakının əlindən alınması planlaşdırılıb (iddiaçı aldandığını başa düşən zaman dərhal etibarnaməni ləğv edib); d) əməlin qanunsuz olduğunu bildiklərinə görə ididaçını konstitusion hüququ olan məhkəmə müdafiəsindən məhrum etmək məqsədi daşıyıb. Beləliklə, iddiaçı iddia edir kı, onun müqaviləyə dair formal olaraq iradəsini ifadə etsə də, həmin əqd əhəmiyyətsiz əqd hesab edilməlidir, çünki tərəflərin hüquqi niyyətləri formal görünüşdən fərqli olub. Nazir K.Heydərov öz nüfuzundan və vəzifəsindən sui-istifadə edərək, yalan vəd verməklə iddiaçının iradəsini yalnış istiqamətdə formalaşdırıb və aldatma nəticəsində ondan tanımadığı şəxsin adına etibarnamə və ərizə alınıb, bu etibarnamə əsasında onun mülkü qanunsuz yolla ikinci və üçüncü şəxsə keçib. Göstərilənlərə əsasən iddiaçının adından etibarnamə üzrə nümayəndə Cavabdeh3 ilə Cavabdeh4 MMC arasında 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ No ******* nömrəli alqı-satqı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvi və Cavabdeh4 MMC-nə və “X18 Əmlak” MMC-nə verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil və Nümayəndə1 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaçının və onun nümayəndələri və vəkillərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçı və onun nümayəndələri və vəkillərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iş üzrə Cavabdeh3 etibarnamə verməsi ilə eyni vaxtda gələcəkdə heç bir tələb irəli sürməyəcəyi ilə bağlı sənəd də imzalanmışdır. Buradan məlum olur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi yanılma olmamış və iddiaçı öz istəyi ilə etibarnamə vermişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı Cavabdeh3 etibarnamə vermiş və bunun əsasında xx.xx.2022-ci il tarixdə alqı-satqı baş tutmuşdur. Yəni iddiaçının həmin etibarnaməni ləğv etmək uçün 4 gün vaxtı olub. Bu müddət ərzində onu ləğv edə bilərdi, ancaq bunu etməyib Buradan da görünür kı, iddiaçı etibarnamənin alqı-satqı üçün verildiyinin tam fərqində olub. Bundan əlavə iddiaçı tək etibarnaməni deyil gələcəkdə həmin işlə bağlı hər-hansı tələb irəli sürməyəcəyi ilə bağlı sənəd də imzalamışdır. Həmçinin iddiaçı alqı-satqı müqaviləsi üzrə aldadıldığını iddia etsə də, bunu sübuta yetirilməsi üçün məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi tam əsassızdır və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhərm 53 notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5 MMC-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlər Cavabdeh5 MMC-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan “Elektron notariat» X1 Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 243 saylı reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyan X4 qanun üzrə vərəsəsi İddiaçıdır, şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********91-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1426,9 kv.m. olan qeyri-yaşayış binasından ibarətdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

11. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 7E- 453 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli etibarnamənin təsdiq olunmuş surətinə və «Elektron notariat» X1 çıxarışın təsdiq olunmuş surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış və İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsi və digər daşınmaz əmlakları üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişləyi, ipoteka (girov) qoymağı, icarə verməyi, pul almağı, buna dair müqavilə imzalamağı, müqavilənin ləğv etməyi, ləğv saziş imzalamağı, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2032-ci il tarixədək müəyyən edilmişdir.

12. İş üzrə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh3 imza etmişdir) ilə Cavabdeh4 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1426,9 kv.m. olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh4 MMC-yə 1.000.000 manata satmışdır.

13. İş materiallarında olan İddiaçı tərəfindən notarial qaydada yazılmış xx.xx.2022ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 7E-453 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədə qeyd olunan miras əmlaklara dair gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır.

14. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu Səma Ələkbərova tərəfindən "MuğanBa“k" ASC-nin 2 saylı şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 MMC ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi (ünvan 3 (1426,90 kv.m.)) üzrə ödənilməli olan (köçürmə yolu ilə gələn) ******* (bir milyon) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında həmin məbləğdən 70631,55 manat vergi məbləği çıxılmaqla qalan 929.368,45 manat hissəsi isə satıcı - İddiaçı adından Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh3 verilməsi üçün bankında olan AZ32MUGA**********00004AZM65 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

15. İş üzrə "xxxx" ASC-nin 2 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 MMC tərəfindən Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu X9 hesabına xx.xx.2022-ci il tarixli məktuba əsasən 1.007.000 (bir milyon yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh4 MMC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış binası «X18 Company Əmlak» MMC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı ərindən miras qalmış bütün daşınmaz əmlaklarına, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinə dair sərəncam vermək səlahiyyətini Cavabdeh3 etibar etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh3 imza etmişdir) mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh4 MMC-yə satmışdır. Cavabdeh4 MMC isə mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsini «X18 Company Əmlak» MMC-yə satmış və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsi «X18 Company Əmlak» MMC-nin adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı Cavabdeh4 MMC ilə bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığını iddia edərək, xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvini və Cavabdeh4 MMC-nə və “X18 Əmlak” MMC-nə verilmiş çıxarışların etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

21. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

22. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutuğmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur.

23. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

24. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

25. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

26. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər.

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı Cavabdeh3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış və iddiaçının istifadəsində olan bütün əmlakları, o cümlədən mübahisəli ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsi barəsində sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. İddiaçı ilə (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh3 imza etmişdir) Cavabdeh4 MMC arasında xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1426,90 kv.m. olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmış və həmin müqavilə üzrə şərtləşdirilmiş 1.000.000 manat pul məbləği Cavabdeh4 MMC tərəfindən notariusun depozit hesabına köçürülmüşdür.

29. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh4 MMC ilə bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığını iddia etsə də, iddiaçının məhkəmə iclasında və iddia ərizəsində göstərdiyi xüsusatlardan görünür ki, onun həqiqətən də mülkiyyətində olan qeyri-yaşayış sahəsinin satılmasına iradə ifadəsi olmuş və notarial qaydada yazılmış ərizə ilə Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizə ilə etibarnamədə qeyd olunan miras əmlaklara dair gələcəkdə heç bir iddia və tələbinin olmacayağını göstərmişdir. Hər iki tərəf alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş bütün öhdəliklər tam yerinə yetirilmiş və həmin alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Yəni mübahisəli əqdin hər iki tərəfi qeyri-yaşayış sahəsinin alğı-satqısına dair qarşılıqlı razılığa gəlmiş və könüllü surətdə müqaviləni bağlamışlar. Belə olan halda məhkəmə iddiaçının əqd bağlanılarkən aldadılması ilə bağlı gətirdiyi dəlilləri qəbul etmir və hesab edir ki, həmin dəlillər əqdin etibarsızlığına səbəb ola bilməz.

30. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

31. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

32. Məhkəmə iddiaçının alqı-satqı müqaviləsi üzrə heç bir pul məbləği almaması ilə bağlı qeyd edir ki, bu hal bağlanılmış əqdin etibarsızlığına səbəb ola bilməz. Belə ki, bankın ödəniş tapşırığından da göründüyü kimi alıcı Cavabdeh4 MMC alqı-satqı müqaviləsi üzrə şərtləşdirilmiş 1.000.0000 (bir milyon) pul məbləğini bank vasitəsi ilə notariusun hesabına tam ödəmiş və sonradan həmin pulun iddiaçı tərəfindən deyil, Cavabdeh3 tərəfindən götürülməsi, əqdin aldatma nəticəsində bağlanması ilə əlaqədar etibarsızlığına səbəb ola bilməz.

33. Beləliklə mübahisəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 MMC tərəfindən iddiaçını əqdi bağlamağa yönəldilmiş qanunsuz hər hansı bir hərəkəti olmadığından, həmçinin əqd iddiaçının iradə ifadəsinə əsaslanaraq notariat orqanı tərəfindən təsdiq edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmışdır və bu səbəbdən də iddia tələbi həmin alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

34. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin olunmadığından, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğvi və Cavabdeh4 MMC-nə və «X18 Əmlakı» MMC-nə verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair də tələb əsassız hesab edilməli və təmin edilməməlidir.

35. Göründüyü kimi, iddiaçı istinad etdiyi faktların heç birinə dair lazımi dəlilləri məhkəməyə təqdim etməmişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

38. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı).

39. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.

40. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

41. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

42. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

43. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar