Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4265/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.000 manat pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsi səbəbi ilə 1.000 manat peniyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh şirkətdə reklam sahəsi üzrə bölmə rəhbəri işləyir. Hazırda şirkət uzun müddətdir ki, onun hüquqlarını pozaraq, həm bir neçə il məzuniyyət haqqını, həm də bir neçə aydır ki, əmək haqqını vermir. Bununla cavabdeh onun Konstitusiyada və Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarını pozur. Cavabdehin törətdiyi mülki hüquq pozuntusu səbəbindən, onun və öhdəsində olan ailə üzvlərinin rifahına böyük ziyan dəyir. 2015-ci ildən bu günədək cavabdeh tərəfindən ona məzuniyyət pulu ödənilməmişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayında əmək haqqı almışdır, avqust ayından noyabr ayınadək öz hesabına məzuniyyətdə olmuşdur, lakin 2019-cu ilin dekabr ayından daimi işə çıxsa da, əmək vəzifəsini tam həcmdə yerinə yetirsə də, bu müddət ərzində əmək haqqı verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şirkətin təsisçisi İrina adlı xanımdır. Bildiyinə görə o, şirkəti müflis edib. İşçilərin əmək haqqını ödəmək istəmir. Müəyyən qrup şəxslərə gecikmə ilə pul ödəyir. Qalanlarına isə ödəmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı Cavabdeh MMC-nin reklam sahəsi üzrə bölmə rəhbəridir. İş materiallarına əlavə olunmuş əmək haqqının iddiaçının hesabına köçürülməsinə dair hesabat sənədlərindən görünür ki, İddiaçı sonuncu dəfə 2019-cu ilin oktyabr ayında həmin ilin avqust ayının əmək haqqısını almış, sentyabr ayından noyabr ayı daxil olmaqla öz hesabına məzuniyyətdə olmuş, 2019-cu ilin dekabr ayından isə daimi işə çıxsa da, əmək vəzifəsini tam həcmdə yerinə yetirsə də, 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadak (sentyabr ayı da daxil olmaqla) olan dövr ərzində əmək haqqı almamışdır. “xxxxxxxxxxx” ASC-nin iddiaçıya məxsus ödəniş kartı üzrə təqdim etdiyi çıxarışdan göründüyü kimi, ödəniş kartına mədaxil edilmiş əmək haqqı məbləğləri 2019-cu ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləridir və iddiaçıya 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadak (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (2). Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır (2-1). “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır (2-2). Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Göründüyü kimi, iddiaçının iddia tələbi əmək haqqının ödənilməsinə dair hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi 1.000 manat peniya tutulmasına dair hissədə əsaslandırılmadığından təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4265/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4265/2020
15.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver