Məhkəmə qərarları › İş №2(006)-4267/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4267/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4267/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Bakı şəhər Səbail rayon İcra və Probasiya Şöbəsini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı iddiaçı ilə 25.12.2013-cü il tarixdə, 1368 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə iddiaçı 36 ay müddətinə 17% dərəcə ilə 20.864 ABŞ məbləğində kredit almışdır. 25.12.2013-cü il tarixdə kreditin təminatı kimi «Hyundai Elantra» markalı, sedan tipli, 2013-cü il buraxılışlı, mühərrik G4NBDU792616, Ban KMHDH41EBDU948767, qara rəngli avtomaşını ipoteka ilə yüklü edilmişdir. Kredit vaxtında ödənilmədiyindən Səbail rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli, 2(009)-4193/2016 saylı qətnaməsi ilə iddiaçıdan 14.549 ABŞ dolları və dövlət rüsumu 30 manat olmaqla tutulması qət edilmişdir. Tutma ipoteka predmeti olan «Hyundai Elantra» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. İpoteka predmetinin hərracdan əldə olunmuş pul vəsaiti tutulmalı olan məbləğdən artıq olsarsa, qalan hissə iddiaçıya qaytarılması qət edilmişdir. İddiaçı bu məhkəmə qətnaməsindən 6 ay əvvəl «Hyundai Elantra» markalı təhvil-təslimlə cavabdehə təqdim etmişdir və cavabdeh bu barədə iddiaçıya rəsmi sənəd vermişdir. Qətnamə icraya yönəltmişdir. Bundan sonra bank avtomobili X2 06.05.2016-cı il tarixdə "xxxx" ASC-nin Sənaye filialı qanunsuz olaraq X1 maşınla əlaqədar iddiaçı ilə 1368-01 №-li zaminlik müqaviləsi bağlamışdır. İddiaçıdan 05.11.2018-ci il tarixdən bugünə qədər heç bir məhkəmə qərarı olmadan əmək haqqından 5.301 manat tutmuşdur. Göstərilənlərə əsasən cavabdehin iddiaçı ilə bağladığı 1368-01 №-li 06.05.2016-cı il tarixli zaminlik müqaviləsi etibarsız sayılması, cavabdehin iddiaçının əmək haqqından tutduğu tutulmaları qanunsuz hesab edərək cavabdehin iddiaçıdan bu günə qədər tutmuş olduğu 5.301 manatı geri ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək cavabdehin iddiaçı ilə bağladığı 1368 №-li, 25.12.2013-cü il tarixli kredit müqaviləsi etibarsız sayılması, cavabdehin iddiaçının əmək haqqından tutduğu tutulmaları qanunsuz hesab edərək cavabdehin ondan ərizə yazdığı gündən bugünə qədər tutulmuş 5.301 manatı geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri tam olaraq etibarlıdır və bağlanarkən iddiaçının özünün də razılığı ilə bağlanmışdır. Mülki Məcəllədə müqavilələrin etibarsız və əhəmiyyətsiz hesab edilməsinin əsasları göstərilmişdir. Hazırki iş üzrə qeyd olunan müqavilələrin heç birində həmin əsaslar öz əksini tapmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, özünü bank əməkdaşı kimi təqdim edən Əsədov Mehdi adlı şəxs ümumiyyətlə bankın əməkdaşı olmamışdır və bank həmin şəxsin etdiyi hərəkətə görə heç bir məsuliyyət daşımır. İddia tələbinin tutmaların iddiaçının əmək haqqısına yönəldilməsinə hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 14.3-cü bəndində qeyd olunur ki, kart sahibi razılığını bildirir ki, o, bankın maaş kartına malikdirsə və banka olan borclarını vaxtında ödəmirsə, bank kart sahibini xəbərdar etmədən tələbini kart sahibinin bankda olan bütün bank hesabları, əmanətləri və ya banka qoyduğu girov və ya ipoteka hesabına ödəyə bilər. Bu da tutmaların iddiaçının əməkhaqqısına yönəldilməsi məsələsini açıqlayır. Göstərilənlərə əsasə cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş X5 və Səbail rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin «Sənaye» filialı ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli 01368 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin «Sənaye» filialı İddiaçı 36 ay müddətinə illik 17% olmaqla 20.864 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin «Sənaye» filialı ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli, 1368 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin «Sənaye» filialı ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün **-EA-*** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı nəqliyyat vasitəsini ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin kserosurətindən görünür ki, bank İddiaçı plastik kartı verilmişdir. Müqavilənin 14.3-cü bəndindən görünür ki, kart sahibi razılığını bildirir ki, o, bankın maaş kartına malikdirsə və banka olan borclarını vaxtında ödəmirsə, bank kart sahibini xəbərdar etmədən tələbini kart sahibinin bankda olan bütün bank hesabları, əmanətləri və ya banka qoyduğu girov və ya ipoteka hesabına ödəyə bilər. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli cari bank hesabı haqqında müqavilənin 4.1.3-cü bəndəndən görünür ki, müştərinin banka borcu olduqda borc məbləğini akseptsiz olaraq silməsi bankın hüququdur. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-4193/2016 saylı, 27.10.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin «Sənaye» filialı ilə İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli, 1368 saylı kredit müqaviləsi üzrə İddiaçı 07.04.2016-cı il tarixə olan cəmi 14.549 ABŞ dolları və məhkəmədə iddia qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsatinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan «Hyundai Elantra» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsait hesabına cəmi 14.549 ABŞ dolları və məhkəmədə iddia qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracdan satışından əldə olunmuş pul vəsaiti tutulmalı olan məbləğdən artıq olarsa, qalan hissənin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin «Sənaye» filialı ilə borcalan İddiaçı və zamin X5 arasında bağlanmış 06.05.2016-cı il tarixli, 1368-01 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə borcu İddiaçı .oğlu arasında bağlanmış 25.12.2013-cü il tarixli, 1368 №-li kredit müqaviləsinə əsasən 20.864 ABŞ dolları məbləğində 36 ay müddətinə verilən kreditin 06.07.2016-cı il tarixə 14555 ABŞ dolları qalığın və ona hesablanacaq faizlərin (17%) qaytarılmasının təminatı kimi zamin X5 borcu İddiaçı öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birlikdə cavabdehlərin daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan avtomobilin təhvil-təslim aktının kserosurətindən görünür ki, İddiaçı «Hyundai Elantra» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili Mehdi Əsədova təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “X6 Mərkəzi” X10 tərəfinlən verilmiş 12.10.2021-ci il tarixli 62 saylı arayışından görünür ki, X7 Mərkəzi PHŞ-nin İnsan resursları şöbəsinin müdiri İddiaçı əmək haqqından 16.06.2016-12.10.2021-ci il tarixədək heç bir məhkəmə qərarına əsasən məcburi tutmalar olmamışdır. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında bağlanılmış 25.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank iddiaçıya illik 17% hesablanmaqla, 36 ay müddətinə 20864 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilənin təminatı kimi iddiaçı mülkiyyətində olan «Hyundai Elantra» markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşını bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə lazımınca yerinə yetirmədiyindən bank məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25.12.2013-cü il tarixli, 1368 saylı kredit müqaviləsi üzrə İddiaçı cəmi 14.549 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsatinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan «Hyundai Elantra» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsait hesabına cəmi 14.549 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracdan satışından əldə olunmuş pul vəsaiti tutulmalı olan məbləğdən artıq olarsa, qalan hissənin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı və X5 arasında bağlanmış 06.05.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən bank ilə borcu İddiaçı arasında bağlanmış 25.12.2013-cü il tarixli, 1368 №-li kredit müqaviləsinə əsasən 20.864 ABŞ dolları məbləğində 36 ay müddətinə verilən kreditin 06.07.2016-cı il tarixə 14555 ABŞ dolları qalığın və ona hesablanacaq faizlərin (17%) qaytarılmasının təminatı kimi zamin X5 borcu İddiaçı öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birlikdə cavabdehlərin daşımağı öhdəsinə götürmüşdür. İddiaçının irəli sürdüyü iddia tələblərindən görünür ki, o, "xxxx" ASC-nin Sənaye filialı ilə bağlanılmış 1368 saylı, 25.12.2013-cü il tarixil kredit müqaviləsinin etibarsız hesab edilməsini, cavabdehin onun əmək haqqından tutduğu tutulmaları qanunsuz hesab edərək cavabdehin ondan tutulmuş 5.301 manatı geri ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan kredit müqaviləsi iddiaçının qeyd etdiyi əsaslar səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqaviləsi üzrə nəqliyyat vasitəsini təhvil təslim etdiyi tarix aprel 2016-cı il və daha sonra bankın iddiaçıya qarşı vermiş olduğu tələb üzrə iddia ərizəsində qeyd etdiyi kimi 2016-ci il tarixdə məlumatlı olmuş və bu səbəbdən Aygün adlı xanımla zaminlik müqaviləsi bağlamışdır ki, bu müqavilənin tarixi isə 06 may 2016-ci il olmuşdur. Yəni 6 il müddət keçdikdən sonra iddia vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Odur ki, iddiaçı tərəfindən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi onun ödənişində problem yarandığından nəqliyyat vasitəsini banka (Əsədov Mehdiyə) aprel 2016-cı il tarixdə təhvil vermiş daha sonra həmin kredit müqaviləsi üzrə bank Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı maşın banka (Əsədov Mehdiyə) təhvil verildiyindən hal-hazırda həmin müqavilənin etibarsız hesab olunmasına istinad etmişdir ki, bu halın özü əsassızdır. Belə ki, qeyd olunan təhvil təslim aktı bankın əməkdaşı tərəfindən aparılmamış və bankla müştəri arasında kredit müqaviləsi üzrə yaranmış borcun qarşılığında rəsmi qaydada rəsmiləşdirilməmişdir. Bu kimi halda isə iddiaçının avtonəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı ziyan vurmuş şəxsə qarşı iddia qaldırmaq hüququ mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabeh arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddianın digər hissəsi olan əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddaçı qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı onun əmək haqqından tutulmaların onun xəbəri olmadan aparılmasına istinad etmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə sənəd təqdim edilərək müyyən edilmişdir ki, qeyd olunan tutmalar iddiaçının banka olan 25 dekabr 2013-cü il tarixli kredit müqavilələri üzrə müqavilənin 4.1.3-cü bəndinə əsasən razılaşdırılan müştərinin banka olan borcunun akseptsiz qaydada tutulmasına dair razılığı olmuşdur. Odur ki, iddia tələbi əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması hissəsindədə əsassız olduğundan təmin oluna bilməz. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Bakı şəhər Səbail rayon İcra və Probasiya Şöbəsini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Bakı şəhər Səbail rayon İcra və Probasiya Şöbəsini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, əmək haqqından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar