Məhkəmə qərarları › İş №2(006)-4268/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4268/2021

29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4268/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhəməyə müraciət edərək, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 22 yanvar 2018-ci il tarixli YZ-03/18 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Xəzər ... rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Qərarına müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 16 avqust 2017-ci il tarixli 263 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində müasir tələblərə uyğun çoxmərtəbəli binaların tikilməsi İddiaçı MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yaşayan mülkiyyət sahibləri ilə müvafiq müqavilələr bağlanmaqla həmin sahələr sökülmək üçün onlardan təhvil alınmış və əvəzində yeni tikiləcək binanın inşası başa çatdıqdan sonra onlara müqavilədə göstərilən ölçüdə müvafiq sahə veriləcəyi göstərilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi 205 ünvanda binanın zirzəmisində yerləşən 58,9 m2 ölçüdə qeyri-yaşayış sahəsinin ona məxsus olduğu barədə, 23.07.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışı təqdim edərək, onlarla müqavilə bağlamaq istədiyini bildirmişdir. Müqavilə tərtib olunarkən cavabdeh, sənədlə ona məxsus olan 58,9 m2-lik sahənin də yerləşdiyi bütövlükdə 120 m2 ölçüdə olan həmin sahənin hamısının faktiki olaraq onun istifadəsində olduğunu və tezliklə həmin sahənin də mülkiyyət sənədlərini onlara təqdim edəcəyini bildirmiş və xahiş etmişdir ki, müqavilədə sənəd üzrə təhvil verdiyi 58,9 m2-lik sahənin əvəzinə ona 120 m2 ölçüdə qeyri-yaşayış sahəsinin veriləcəyi göstərilsin. Cavabdehin ziyalı bir adam olduğunu, həmin ərazi ilə əlaqədar başqa bir şəxsin onlara müraciət etmədiyini, eləcə də, cavabdehin tezliklə həmin sahənin də mülkiyyət sənədlərini onlara təqdim edəcəyi barədə verdiyi sözə inanıb, onunla – yəni, Cavabdeh ilə 22 yanvar 2018-ci il tarixli YZ-03/18 saylı müqavilə bağlanmış və müqavilədə göstərilmişdir ki, sonuncunun onların şirkətə sənəd üzrə təhvil verdiyi 58,9 m2 qeyri-yaşayış sahəsinin əvəzinə ona 120 m2 ölçüdə qeyri-yaşayış sahəsi veriləcəkdir. Müqavilə notarial qaydada təsdiq edilmişdir. Bundan sonrakı dövrdə onlar bir neçə dəfə cavabdehə müraciət edib, vəd etdiyi sənədləri gətirməsini istəmişlər. Lakin cavabdeh hər dəfə tezliklə sənədləşməni başa çatdırıb, onlara təqdim edəcəyini bildirmiş, lakin bunu etməmişdir. Odur ki, 18.04.2018-ci il tarixdə rəsmi məktubla cavabdehə müraciət edərək, müqavilədə dəyişikliklər edilməsi üçün onlarla görüşməyi təklif etmişlər. Lakin cavabdeh onların məktubuna cavab verməmişdir. Onlar yenidən 27.01.2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 120 m2-lik yaşayış sahəsinin 48,2 m2-lik hissəsinin vətəndaş X2 tərəfindən özəlləşdirildiyi barədə məlumat verib, 22 yanvar 2018-ci il tarixli müqavilədə dəyişiklik edilməsi üçün görüşməyi təklif etmişlər. Lakin cavabdeh onlarla görüşüb real vəziyyətə uyğun hərəkət etmək əvəzinə onlara 19 mart 2020-ci il tarixli məktub göndərmiş və 22 yanvar 2018-ci il tarixli müqaviləyə əsaslanaraq ona 120 m2 ölçüdə qeyri-yaşayış sahəsi təqdim etmələrini tələb etmişdir. Bu zaman onlara aydın olmuşdur ki, aralarındakı 22 yanvar 2018-ci il tarixli müqavilə bağlanarkən, təhvil verdiyi 58,9 m2 qeyri-yaşayış sahəsinin əvəzinə ona təqdim ediləcək 120 m2 qeyri-yaşayış sahəsinin qalan 61,1 m2-nə görə vəd etdiyi mülkiyyət sənədi təqdim etmək məqsədi olmamışdır. Əksinə cavabdehin məqsədi onları aldadaraq aralarında bağlanan müqavilədən istifadə edib 61,1 m2 qeyri-yaşayış sahəsini ələ keçirmək olmuşdur. Mübahisənin sülh yolu ilə həll olunması məqsədi ilə onlar cavabdehə 06.04.2020-ci il tarixli məktubla müraciət edib, kompromis variant kimi həmin 120 m2 qeyriyaşayış sahəsindən X1 məxsus 48,2 m2 və cavabdehə məxsus 58,9 m2 sahə çıxıldıqdan sonra yerdə qalan 12,9 m2 əlavə olunmaqla, təhvil verdiyi 58,9 m2 sahənin əvəzinə ona 71,8 m2 qeyri-yaşayış sahəsi təklif etmişlər. Lakin təklifləri cavabsız qalmışdır. Beləliklə, onlara tam aydın olmuşdur ki, Cavabdeh sonuncu ilə aralarında 22 yanvar 2018-ci il tarixli YZ-03/18 saylı müqavilə bağlanarkən şəxsi mənafeyi üçün, onların şirkətə təhvil verdiyi 58,9 m2 qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda eyni ərazidə yerləşən 61,1 m2 sahənin də faktiki olaraq özünə məxsus olduğunu bildirərək, tezliklə həmin sahəyə dair mülkiyyət sənədlərini təqdim edəcəyini vəd etməklə inamlarından istifadə edib, onları aldatmış və nəticədə həmin müqavilədə, təhvil verdiyi 58,9 m2 qeyri-yaşayış sahəsinin əvəzində ona 120 m2 qeyri-yaşayış sahəsi veriləcəyinin də göstərilməsinə nail olmuşdur. Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.2, 339.3, 389.2-ci maddələrinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 22 yanvar 2018-ci il tarixdə YZ-03/18 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MTK söküntüsü nəzərdə tutulmuş binada Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi 205 ünvanda yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 58,9 m2 olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra, sökülmüş qeyri-yaşayış sahəsinin yerində 120 m2-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçi Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Məhkəmə hazırkı mübasiə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsız hesab edilməsi üçün hallar nəzərdə tutulmuşdur: hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq və s. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilə bağlanarkən, aidiyyəti qanun normalarına ciddi şəkildə riayət olunmuş, iddiaçının hər hansı hüququ pozulmamışdır. İddiaçı tərəfin bildirdiyinə görə, cavabdeh tərəfindən aldadılmaları onlara 2020-ci ilin aprel ayında məlum olmuşdur. İş materiallarında olan, cavabdehin iddiaçıya ünvanladığı, 120 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə bildirişdən (məktubdan) göründüyü kimi, iddiaçının cavabdehin müqavilədə qeyd edilən 120 m2 sahəsi olan qeyri-yaşayış sahəsini tələb etməsindən 2020-ci ilin mart ayında xəbəri olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara (tərəflər arasında hər hansı şifahi razılaşma olmasına və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Belə ki, mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilməli və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar