Məhkəmə qərarları › İş №2(006)-4273/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4273/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4273/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.315 manat məbləğində müqavilə üzrə borc və 2.000 manat məbləğində mənəvi ziyana görə dəymiş pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.345 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 fevral 2021-ci il tarixdə Cavabdeh ilə onun arasında ünvan 1 ünvanda 1 yataq otağı, 1 mətbəx, 1 hamam-sanitar qovşağı, 1 dəhliz, 2 eyvandan ibarət olan, ümumi sahəsi 56 m2 olan mənzilin təmir edilməsinə dair müqavilə bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı tərəfindən göstəriləcək xidmətlər aşağıdakılardır: sahənin divar, döşəmə, tavanının təmiri; otaqların, mətbəxin və dəhlizin divarlarına divar kağızı, döşəməyə laminatın vurulması; eyvanın döşəməsinə metlaxın vurulması; daxili qapıların quraşdırılması (4 ədəd). Müqavilənin 3.1ci bəndinə əsasən sifarişçi xidmətin müqavilədə göstərilən müddət ərzində və əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, xidmətin göstərildiyi müddət ərzində xidmətin aparıldığı sahəyə baxış keçirmək, həmçinin göstərilən xidmətin hansı mərhələdə olması barədə məlumat almaq hüququna malikdir. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi zəmanət müddəti ərzində icraçının təqsiri səbəbindən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 3.1.19-cu bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında göstərilən xidməti vaxtında və əla keyfiyyətlə həyata keçirmək vəzifəsini daşıyır. Müqavilənin 3.1.21-ci bəndinə əsasən icraçı xidmətin müqavilədə göstərilən müddət ərzində yekunlaşmasının mümkün olmaması zamanı bunun səbəbi barədə dərhal sifarişçiyə məlumat vermək vəzifəsini daşıyır. Müqavilənin 24.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı təmir olunacaq mənzil üçün təmir məbləğinin cəmi 9.000 manat təşkil edir. Müqavilənin 24.3-cü bəndinə əsasən xidmət haqqı ümumi xidmət haqqı məbləğinin 50 % hissəsi xidmətə başlanılmasından əvvəl, qalan məbləğ isə hissəhissə təmir bitən gününə kimi ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 25.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsinə görə tərəflər məsuliyyət daşıyırlar. Müqavilənin 26.1-ci bəndinə əsasən icraçı tərəfindən hazırkı müqavilə üzrə xidmət 2 ay müddətində icra olunmalı və sifarişçiyə təhvil verilməlidir. Müqavilənin 31-ci bəndinə əsasən bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Müqavilənin 32-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. 18 fevral 2021-ci il tarixdə Cavabdeh ilə aralarında təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır, müqavilənin müvafiq bəndinə əsasən onun tərəfindən 22 fevral 2021-ci il tarixdə ilkin olaraq 4.000 manat, daha sonra isə 06 mart 2021-ci il tarixdə 1.500 manat ödənilmişdir. Ümumi olaraq onun tərəfindən Cavabdeh 5.500 manat pul ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmiş və hal-hazırkı dövrə ona 1.315 manat borcu yaranmışdır. Cavabdehin ona borcunun olmasını özünün, öz xətti ilə yazdığı əlyazma sübuta yetirir. Belə ki, müqavilənin 26.1-ci bəndinə əsasən cavabdeh öhdəliklərini 2 ay ərzində yekunlaşdıracağını qəbul etsə də, işi yarımçıq qoymuş və müqavilə üzrə qəbul etdiyi öhdəlikləri pozmuşdur. İşin tam olaraq yerinə yetirilməməsini şahid ifadələri və fotoşəkillər təsdiq edir. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən 18 fevral 2021-ci il tarixli müqavilənin şərtləri kobudcasına pozulmuş, ona bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, şərtləşdirilmiş müddət ərzində təmirin bitməməsi, onun digər öhdəliklərini keyfiyyətlə yerinə yetirməyə mane olmuş və bunun nəticəsində mənəvi gərginlik yaşamışdır. Yaşadığı mənəvi və maddi çətinliklərə görə cavabdeh tam olaraq məsuliyyət daşıyır və əvəzini ödəməyə qanunvericiliklə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin tam və vaxtında yerinə yetirilməməsi nəticəsində, dəymiş mənəvi ziyanı 2.000 manat məbləğində tutulmasını tam qanuni və əsaslı hesab edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, müqavilə 9.000 manat məbləğində bağlanıb. 9.000 manatdan 5.870 manat ödəmişdir. Göstərilən məbləğdən əlavə 1.315 manatlıq iş qalıb. Pulun digər hissəsini iş yarımçıq qaldığından ödəməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, 11 mart 1985-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. İddiaçıya məxsus evdə usta kimi işləmişdir. Cavabdeh işlədiyi şirkətin rəhbəridir. Ümumilikdə təxminən 15 ustadan ibarət idilər. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanıb. Şirkətdə 2021-ci ilin fevral ayından işləməyə başlamışdır. ünvan 1 ünvanda təmir işi aparmışlar. Cavabdehin iddiaçıya təxminən 3.300 manat məbləğində borcu var. Pulun verilməsini faktiki görməmişdir, amma iddiaçı cavabdehə çöldə pul vermişdir. Mənzildə təmiri başa çatdırmışdır. Cavabdehin ona 2.500 manat borcu var. İddiaçının və şahidin ziddiyyətli izahat və ifadəsindən göründüyü kimi, iddiaçı mənzildə iş yarımçıq qaldığından qalan pulu cavabdehə ödəmədiyini bildirir, usta işləmiş şahid isə mənzildə təmirin başa çatdırıldığını qeyd edir. Şahid ifadəsi pulun alınıb verilməsi və hansı məbləğdə borc qalmasına dair hissədə mötəbər sübut yükü daşımır. Çünki, şahid pulun verilməsini, alınmasını şəxsən görməmişdir. Bundan başqa, şahid cavabdehdən alacağı olduğunu bildirir və hazırda iddiaçı ilə şahidin maraqları üst-üstə düşdüyündən, şahid ifadəsinin mötəbər sübut hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi riyaziyyat dəftərində qeydlər olan vərəqi sübut etmə yükü olan sənəd hesab edilmir. Çünki, həmin vərəqdəki yazının kim tərəfindən icra edilməsi məlum olmamaqla yanaşı, həmin vərəqdə sənədə sübut yükü qazandıracaq imza yoxdur. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidin bildirdiyinə görə, mənzildə təmir başa çatmışdır. Başqa sözlə ifadə etdikdə, hazırda cavabdehin real borcunun olmasına dair mötəbər sübutlar mövcud deyil. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini iddia etsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim eməmişdir. Göründüyü kimi, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar