Məhkəmə qərarları › İş №2(006)-4280/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4280/2025

26.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4280/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı Şahı̇ n oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Şahı̇ n oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Şahı̇ n oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120 manatlıq cərimənin ləğv edilməsi, ədalətli şəkildə, yalnız orta sərfiyyata uyğun hesablanmış məbləğin müəyyən edilməsi (təxminən 25 manat) qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" ASC tərəfindən tətbiq olunan 120 manatlıq enerji sərfiyyatına dair cərimənin ləğv olunması və ədalətli orta sərfiyyata əsasən hesablanmış məbləğin təyin olunması, ona məxsus ünvan 1 ünvanında yerləşən və çöldə quraşdırılmış elektrik sayğacı uzun müddət istifadədə olmuş və sıradan çıxmışdır. X2 8.16-cı bəndinə əsasən, belə hallarda sayğacın nasazlığı yaranarsa, "xxxx" ASC bir ay ərzində nasaz sayğacı dəyişməli və yalnız nasazlıq dövrünün ilk ayına əvvəlki dövrün orta sərfiyyatı üzrə ödəniş tətbiq etməlidir. Lakin faktiki olaraq sayğacı yalnız xx.xx.2024-xx.xx.2025 tarixləri arasında dəyişdirilmiş, və bu dövr üzrə 120 manat məbləğində cərimə hesablanmışdır. Bu isə qanunsuz hesab olunur, çünki Sayğacın nasaz qalması və gec dəyişdirilməsi tamamilə "xxxx" ASC-nin məsuliyyətidir. Qanunvericiliyə əsasən, yalnız bir aylıq orta sərfıyyat tətbiq edilməli idi, hansı ki, onun əvvəlki 1 ilin orta sərfiyyatı əsasında bu rəqəm 25 manatdan artıq olmamalıdır. Əlavə olaraq, sayğacın açıq havada saxlanması və qorunması məsələsinə görə məsuliyyət də "xxxx" ASC-yə məxsusdur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Şahı̇ n oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin 339664 saylı xx.xx.2024-cü il tarixli aktına əsasən növbəti oxunma zamanı məlum oldu ki, sayğacın ekran tablosu oxunmur. Sayğaca axan yük ampermaşa vasitəsilə ölçüldü. "xxxx" ASC-nin akt komissiyası tərəfindən Texniki idarənin görəcəyi işlər barədə tələblər adlı xx.xx.2025-ci il tarixli sənədinə əsasən, **********20225 nömrəli kod üzrə borc aşağıdakı qaydada hesablanmışdır: 1399kvt x 97 x 85 gün=1226kvts, Tarif (0.08 man) -567 kvts x 0.08 =45.36 manat Tarif (0.09 man) -283 kvts x 0.09 =25.47 manat Tarif (0.13 man) -376 kvts x 0.13 =48.88 manat Cəmi 119.71 manat "xxxx" ASC-nin X4 ünvanladığı məktubuna əsasən **********20225 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində ‘'Azərişıq” ASC-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydalarfna riayət olunmasının vəziyyəti yoxlanılarkən fərdi yaşayış evinə məxsus elektrik sayğacın ekran tablosunun oxunmadığı və göstəricinin xüsusi cihaz vasitəsilə proqram əlavəsindən oxunduğu məlum olmuşdur. Sayğacın istismara yararsız və yenisi ilə əvəz olunmasına dair Rİ 339664 nömrəli akt tərtib edilmiş və akta əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə 1226 kVts (119,71 manat) dəyərində ödəniş sənədləri hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədləri, tarif fərqi nəzərə alınmaqla, "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq hazırlanmışdır. Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********20225 saylı abonent İddiaçı 120.71 manat borc yazılmışdır. "xxxx" ASC-ninarayışına əsasən **********20225 abunə kodu üzrə 2025-ci ildə istifadə olunmuş elektrik enerjisinin, tərtib edilmiş aktların və ümumi borcun hesabat cədvəlinə əsasən sayğac üzrə sərfiyyat 202,30 manat, akt üzrə və limitdən artıq 157,54 manat, ümumi 359,84 manat, ödəniş 179,13 manat, borc 180,71 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun. Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********20225) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bununla əlaqədar R 339664 saylı akt tərtib edilmiş və akta əsasən sayğacın ekran tablosu oxunmadığından yenisi ilə əvəz olunması zərurəti yarandığı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə sayğac yeni sayğacla əvəz edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş akta görə sözügedən ünvanda sayğac olmadığı dövrdə istehlak edilmiş elektrik enerjisinə görə 85 günlük orta sərfiyyat əsasında ümumilikdə 119.71 manat borc hesablanmışdır. İddiaçı, hesablanmış borcun əsassız olduğunu bildirərək ləğv edilməsini, yalnız orta sərfiyyata uyğun hesablanmış məbləğin müəyyən edilməsini, cavabdeh tərəf isə borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məbləğ itirilmiş elektrik enerjisinin miqdarı kimi hesablanmışdır. Lakin akta əsasən iddiaçıya 85 gün üçün əlavə ödəniş hesablanmışdır. Halbuki elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya aşağıda göstərilən qaydada 30 gün üçün əlavə ödəniş hesablanmalıdır: 1399:97x30 gün=433,5 kvts, 200kvts x 0.08= 16 manat, 100 kvts x 0.09=9 manat, 133.5 kvts x 0.13=17.5 manat, cəmi 42.5 manat. Odur ki, borcun digər hissəsi (77.21 manat) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir Görüdnüyü kimi "xxxx" ASC tərəfindən iddiaçının sağyacsız enerji sərfiyyatına görə 119.71 manat borcun hesablanması hədsiz yüksək olmaqla ağlabatan və ədalətli deyildir. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16cı bəndində Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünün bir aydan artıq olmamalı olmasının nəzərdə tutmasını əsas götürərək, iddiaçıya məxsus evə dair göstəricilərin daha qısa müddət – 30 gün üçün hesablanmaqla borcun 42.5 manat (qırx iki manat əlli qəpik) həddində müəyyən edilməsini, qalan məbləğin isə əsassız sayılaraq silinməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********20225 abunə kodu üzrə hesablanmış 77.21 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat dövlət rüsumunun 19 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına (**********20225 Abunə kodu) əlavə sərfiyyat kimi hesablanmış 77.21 manat (yetmiş yeddi manat, 21 qəpik) borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 19 manat (on doqquz manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar